”Camaatda pul yoxdu”


” Gəlirim hardasa olar 40 milyon. Mən nə tacirəm, nə də biznesmen, sadə satıcıyam, ət satıram. Bazarda adam var ki, gəlir də olsun?” – Təzə Bazarda işləyən qəssab yarızarafat deyir

Bu bazardakı digər satıcılar da qiymətlərin bahalaşmasından və alverin olmamasından gileylidirlər.

“Dollara görə qiymətlər də qalxıb. Özbəkistandan və başqa ölkələrdən gələn mallarımız var. Məsələn, badamı əvvəlki il 15 manata satırdıq, indi alışı 20 manatdı. Bazara gələn yoxdu. Camaatı da qinamalı deyil, işığın, qazın qiyməti də qalxıb, camaatda pul yoxdu. Qazanc yoxdu, xərcləri ancaq ödəyə bilirik. Kaş 10 il bundan qabaq olardı. Bir ay işləyib, gedib 6 ay kənddə o pulu xərcləyirdik. İndi həmin imkan yoxdu, gündəlik çörəkpulunu güclə qazanırıq”.

Göyərti satan Hicran Səfərova isə insanların bazara gəlməməsinin səbəbini böyük marketlərin olmasında görür:

“Bazara gələn yoxdu, hamı marketə qaçır. Guya ucuz alırlar, amma yaxşı göyərtilər deyil, bizimki kimi olmur. Bazara gələn yoxdu deyə vəziyyət də çətindi, günümüz boş-boşuna keçir. Qiymətlərdə də fərq var. Keçən il daha ucuz idi, indi baha alıb, məcburən baha da satırıq. Göyərtinin bir dəstəsin 25 qəpiyə alıb, 30 qəpiyə satırıq ki, qazancımız olsun. O qazancın da yarısını yer puluna, maşın puluna veririk”.

Yeni ildə daha çox hinduşka bişirildiyini deyən Mənzər xala hər il hinduşka kəsib, təmizləyib satışa çıxarır. Mənzər xanımın da şikayəti qiymətlərin qalxmasındandır:

“Keçən il dişi hinduşkanın kilosu 8 manat idi, indi özümüz 8-9 manata alırıq. Gedirik kənddən alırıq, gətirib burda kəsib təmizləyib satırıq”.

Meyvə satışı ilə məşğul olan Seymur Əliyev də ilk rastlaşdığımız qəssab kimi zarafatından geri qalmır:

“Əladı hər şey. Görürsünüz də, növbədi. Yemək yeməyə vaxt tapa bilmirik. Hər il daha da zəifləyir alver. Dollarla əlaqəli olduğunu düşünürəm. Elə adam var naringini 1manat 50 qəpiyə də ala bilmir, gücü çatmır, elə adam da var həmişə narazıdır, eləsi də var ki həmişə razıdır”.

Ana səhifəVideo”Camaatda pul yoxdu”