”Çalışacağıq ki, hakimiyyət referendumu oğurluq əməliyyatı kimi keçirməsin”

Avqustun 30-da Müsavat Partiyası referendumla bağlı mətbuat konfransı keçirib. Partiyanın başqanı Arif Hacılı referendum əleyhine yaradılan “Respublika” Təşviqat Qrupunun qeydə alnmamasından söz açıb. Partiya başqanı hesab edib ki, sentyabrın 26-da keçiriləcək referendum Azərbaycan cəmiyyətinin inkişafı üçün lazımlı deyil:

“Azərbaycan hakimiyyəti bu referendumu gizli bir proses kimi keçirməyə çalışır. İctimai diskussiyaların yaranmasına imkan vermir. Televiziyalarda referendumla bağlı müzakirələr, hətta referendumun xeyrinə olan debatlar da aparılmır. Bu da Azərbaycan hakimiyyətinin bu məsələni nə qədər gizli, tələsik həll etməsində maraqlı olduğunun göstəricisidir.”

Müsavat başqanı deyib ki, hakimiyyətin məqsədini cəmiyyətə çatdırmaq üçün lazımı addımlar atılır. Onun sözlərinə görə, diplomatik korpusun nümayəndələri ilə keçirilən görüşlərdə də, bu məsələlər müzakirə olunub. Arif Hacılı vətəndaşların da bu seçkilərdən bir gözləntisi olmadığını vurğulayıb:

“Müsavat Partiyasının mitinq keçirməklə bağlı qərarı var. Biz təşkilatlarla bu müzakirələri aparırıq. Yəqin ki, sentyabrın ya 17-də, ya da 24-də və ya hər iki şənbə günündə bu mitinqlər keçiriləcək”.

Arif Hacılı həmçinin “Respublika” Təşviqat Qrupunun qeydə alınmaması ilə bağlı məhkəməyə müraciət etdiklərini deyib:

“Biz məhkəmələrə, müraciət etməliyik, bu prosesləri aparmalıyıq. Bununla bu gün məhkəmələrin, hakimiyyətin mahiyyətini yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Və hesab edirəm ki, Azərbaycanda vəziyyət həmişə belə olmayacaq. Zaman gələcək, bu məhkəmədəki proseslərə yenidən baxılacaq. Hesab edirəm ki, gələcəkdə hüquqi müstəvidə Azərbaycan cəmiyyətinə qarşı olan antidemokratik hərəkətlərin sübutu üçün, eyni zamanda tarix üçün bu məhkəmə prosesləri vacibdir”.

Ana səhifəVideo”Çalışacağıq ki, hakimiyyət referendumu oğurluq əməliyyatı kimi keçirməsin”