Ey özündən bixəbər qafil, oyan!
Həqdən olma yadü həm batil, oyan!
Olma fani aləmə mail, oyan!
Mərifətdən nəsnə qıl hasil, oyan!
İmadəddin Nəsimi
Artıq inanmağa başlamışam ki, təsadüfi heç nə olmur. Sadəcə hər şeyə adi yanaşmaq olmaz, bir qədər düşünmək, nəyin necə, harda, hətta niyə baş verdiyini araşdırmaq, üstündə baş sındırmaq gərəkdir. YAP-dan saxta mandat verilən Məlahət İbrahimqızının bugünlərdə xalqa “cahil” deməsini də təsadüf saymaq olmaz. Onun Bakının Nəsimi rayonundan deputat edilməsində də təsadüf yoxdur. Ardıcıl 5 çağırışdır mandat verilən bu YAP-çı 4-cü mandata layiq olmadığını deyib özünü buraxsa belə, ona yenə mandat verdilər…
Özünüburaxanlar parlamentinin 2 dekabr 2019-cu ildə keçirilən iclasında M.İbrahimqızı tutarlı arqumentlərlə zəngin çıxışında özünün və saxta mandatlı başqa deputatların (iqtidar və müxalifətə fərq qoymadan) İlham Əliyevin 2003-cü ildə anonsunu verdiyi, 2015-ci ildəsə başladığı islahatlardan (2003-də anonsu verilən islahata 2015-də – düz 12 ildən sonra başlandığını vurğulamaqla deputatın nəyə işarə etdiyi müəllif üçün də qaranlıqdır – R.H.) geri qaldıqlarını deyir və həmkarlarını Milli Məclisin buraxılması ilə bağlı YAP-ın təklifini dəstəkləməyə çağırır: “…Dünyanın bir çox ölkələrində, xüsusilə demokratik inkişaf yolunu seçən ölkələrdə, qardaş Türkiyədə erkən seçkilər hansı isə siyasi böhrandan qaynaqlanaraq baş verir. Azərbaycanda isə bu proses məhz ölkəmizdə gedən ciddi islahatlarla bağlıdır. Bu, müxtəlif ekspertlər, politoloqlar tərəfindən, eləcə də xarici mətbuatda da qeyd olunur. Mümkün deyil ki, ölkədə məhkəmə-hüquq, icra strukturlarında, kadrlar sahəsində çox əsaslı islahatlar getsin, amma hakimiyyətin 3-cü qanadı olan qanunverici hakimiyyətdə islahat getməsin. Ona görə möhtərəm Prezidentimizin həyata keçirdiyi islahatların daha uğurlu, daha səmərəli, daha səmərəli olması üçün bu parlamentin erkən seçkilərə getməsi labüd idi. Yeni Azərbaycan Partiyası da bunu etdi, bu cəsarəti ehtiva etdi və belə bir qərar qəbul etdi… İctimaiyyət bu parlamentin yenidən, daha doğrusu, erkən seçkilərə getməsini, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının qəbul etdiyi bu qərarı çox yüksək
dəstəkləyir.”.
Niyə o bu sözləri parlament tribunasından belə cəsarətlə dedi? Çünki o, Bulmuşam həqqi, ənəlhəq söylərəm,
Həq mənəm, həq məndədir, həq söylərəm… deyən şairin adını daşıyan rayonda YAP-ın yerli təşkilatının sədridir; həm də uzun illərdir. Yəni haqqı demək halal haqqıdır. “Qoy ədalət zəfər çalsın!” kimi bir şüarın ölkənin hər yerinə yazılıb vurulduğu zamanda, məkanda yaşadığının hər kəs fərqində olmalıdır. Bunun üçün adam həm də hüququnu bilməlidir. O üzdən M.İbrahimqızı həkim diplomu ilə yetərlənməyib deputat yoldaşı Abel Məhərrəmovun BDU-sundan da 2000-ci ildə hüquq diplomu alıb (yeri gəlmişkən, eyni ildə başqa bir YAP-çı Bahar Muradova da həmin diplomdan alıb). Ancaq M.İbrahimqızı hədəfə gedən yolda onu da az sayıb və siyasi elmlər üzrə fəlsəfə doktoru adı ilə özünü təmin edib (çox təəssüf ki, bioqrafiyasında bu böyük iş, elmi adı nədən müdafiə etdiyi barədə heç nə yazmayıb).
1982-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirəndən sonra poliklinikada uşaq həkimi kimi işə başlamasını da təsadüfün ayağına yazmayın. “AXC-Müsavat cütlüyü”nün hakimiyyəti vaxtı baş həkim təyin olunmasında da təsadüf axtarmayın. Ancaq özünüburaxanlara qoşulub mandatdan imtina etməsini və sonradan ona yiyələnməsini təsadüf saymaq çətindir. Adam 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkisinin təbliğat-təşviqat kampaniyasında seçiciləri qarşısında yeni şəraitə uyğun çıxış edir:
“…deputatlığa namizəd Məlahət İbrahimqızı YAP-ın Sədri, Prezident İlham Əliyevin inkişaf strategiyası, aparılan dərinməzmunlu islahatlar haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bu islahatlar ölkəmizin inkişafına böyük təkan verməklə yanaşı, insanların sosial rifahının daha da yüksəlməsinə xidmət edir.
M.İbrahimqızı bildirib ki, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində sosial məsələlərin həlli xüsusi yer tutur.
Bakı şəhərində abadlıq və quruculuq işlərinin böyük vüsət aldığını deyən M.İbrahimqızı bu prosesin Nəsimi rayonunda da uğurla davam etdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakıda abadlıq işlərinin görülməsi, abad həyətlərin yaradılması insanlar tərəfindən böyük rəğbətlə
qarşılanır”.
Gördüyünüz kimi artıq “ümimmilli lider”, “ulu öndər” sözləri çıxışda yoxdur, adamın başı daşdan-daşa dəyəndə (yəni özünü buraxanda, mandatdan imtina edəndə) papağını, ya yaylığını qabağına qoyub düşünmək imkanı olur, doğru qərarlar da bu anda verilir. Xalqa cahil deməsinə isə boş verin. Hələ neçə əsr qabaq Şeyx babamız Nəsimi deyib:
Canda ki еşq olmadı, dildə хəbər, nə faidə?
Gözdə ki görmək olmadı, nuri-bəsər, nə faidə?
Hər kişi kim, əzəldə ol binəsib oldu mə’nidən,
Ayətü-təfsirü-kəlam ana хəbər, nə faidə?