Əminə Hacıyeva: “Mən ömrümdə bircə dəfə də olsun kredit götürməmişəm, özümün tər-təmiz səhmlərim var”
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva avqustun 26-da qardaşının həbsi ilə bağlı jurnalistlərə açıqlama verib.
Ə.Hacıyeva qardaşının günahsız olduğunu və istintaqın qərəzli aparıldığını deyib: “Bu günə qədər Cahangir Hacıyevin saxlanma şəraiti normal olmayıb. Ona qarşı “Bondotdel”də də münasibət yaxşı deyildi. İndi də həbsxanada problemlər var. Mən belə fikirdəyəm ki, həbsdə Cahangir Hacıyevə qarşı olan bu qərəzli münasibət Ədliyyə Nazirliyi tərəfindəndir. Penitensiar Xidmət Ədliyyə Nazirliyinə tabedir. Deməli, oradan birbaşa tapşırıq verilir ki, Cahangir Hacıyevi bu şəraitdə saxlayın”.
Ə. Hacıyeva qardaşının və ailə üzvlərinin adına mülklərin olması ilə bağlı yazılan xəbərlərə də etirazını bildirib: “Bəziləri nə ixtiyarla Cahangir Hacıyevi “canik” adlandırır? Onlar sarı mətbuatdır. Bütün yazılanlar yalandır. Bəs, yazmışdılar ki, Cahangir Hacıyevin təyyarələri, villaları tapılıb? İndi bunlar niyə ortaya çıxmadı? Heç biri də sübut olunmadı. İstintaq bitəndən sonra Cahangir özü də, vəkilləri də materialları oxuyub. İstintaq materiallarında onun günahkar olduğunu sübut edən bir dənə də məqam yoxdur. Bunu görən Cahangir Hacıyev də müstəntiqlərə sual verib. Müstəntiqlər də “Biz nə edək? Biz heç nə tapmadıq. Verək məhkəməyə. Məhkəmə nə qərara gəlsə, gələr” deyiblər. Bu, nə dərəcədə doğrudur? Bu məhkəmə də, istintaq da saxtadır”.
Ə.Hacıyeva bildirib ki, Cahangir Hacıyev günahsızdır: “Nə bir qəpik onun cibinə girib, nə də ki, bizim deyildiyi kimi mülkümüz var. Bizim heç nəyimiz yoxdur. Gəldilər baxdılar. Bağımızı da, evimizi də gördülər. Yalandan yazıldığı kimi, Çexiyada olan villalar yoxdur. Bunun hamısı böhtandır. Bu işlər elə birinci gündən maliyyə naziri tərəfindən təşkil olunub və quramadır. Öz təqsirlərini, günahlarını seçib bir nəfərin üstünə atdılar. Buna görə də, yazıq Cahangiri seçdilər. Cahangir mənim doğma qardaşımdır. Cahangir əqli cəhətdən onların hamısından üstün idi, beynəlxalq dərəcəli iqtisadçı idi, Amerikada iqtisadiyyat universiteti bitirmiş bir insandır. Əlbəttə ki, bizim bəzi paxıl insanlarımızın gözü bunu götürmürdü. Cahangiri elə ilk gündən həmin paxılların gözü götürmürdü. İlk gündən ona böhtan atırdılar”.
Ə. Hacıyeva bildirib ki, onun ölkədən çıxışına qadağa qoyulub: “Mənə “stop” qoyulub. Bu da təzyiqdir. Yəqin ki, mən Cahangirin bacısı olduğum üçün ölkədən çıxışıma qadağa qoyulub. Bu, nə dərəcədə qanunidir? İkincisi, bizim ailədə Cahangirin kartından götürülən pullar səhmlərə yönəldilib. Ancaq bankın Mərkəz filialının müdiri olan Anar Sultanov məhkəmədə bunu deməkdən qorxdu. Ailə üzvlərinin adına səhmlər alınıb ki, onlar dağılmasın və bankın içində qalsın. Cahangir Hacıyev özü də dedi ki, bu kapitalın artırılması üçün edilib. Mənim, qızlarımın, hamımızın adına səhmlər olub. Ancaq bank indi bunları vermir. Bank rəsmi şəkildə bunları verməlidir. İndi də mənə verilən məxaric orderində mənim imzamı saxtalaşdırıblar. Həmin orderdə tarixi də saxtalaşdırıblar. Qeyd edilib ki, guya bizə pul verilib, amma biz bunu gizlədirik. Milyonları necə, harda veriblər? Parkda, Bulvarda ya küçədə? Harda veriblər bizə bu milyonları? Əgər bu pul verilibsə, deməli biz banka getmişik. Bankda kameralar var. Bunu sübut edə bilərlər. Ancaq biz nə tələb ediriksə, gizlədirlər. Sənədləri vermirlər. Deyirlər ki, belə olmalıdır. Bankın indiki rəhbərliyi Samir Şərifovun ağzına baxır. Cahangir Samir Şərifovun ağzına baxmırdı deyə onu sıradan çıxartdı. Bütün əmlakımıza da həbs qoyulub. Mən bunu ilk dəfədir deyirəm. Bizim anamız rəhmətə gedib. Mən onun varisiyəm. Ancaq reyster xidmətinə deyilib ki, Əminə Hacıyevaya çıxarış verməyin. Və mən vərəsəlik ala bilməyim. Anamın iki övladı var. Cahangir və mən. Cahangir özü varis olmaqdan imtina edib. Bizim aramızda belə söhbətlər yoxdur. O, həbsdə olaraq bundan imtina etdi. Cahangirin payını vermirlər, bəs, mənim payımı hansı ixtiyarla vermirsiniz? Mən ömrümdə bircə dəfə də olsun kredit götürməmişəm. Mənim özümün tər-təmiz səhmlərim var. Ancaq onları mənə vermirlər”.
Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ilə bağlı sualı cavablandıran Ə. Hacıyeva bildirib ki, onun barəsində həbs qərarı çıxarılıb və axtarışdadır: “Bu adam 10 il xaricdə olduğu halda necə cinayətkar dəstənin üzvü kimi göstərilə bilər? O, xarici ölkə vətəndaşıdır. Ağ sapla torba tikiblər. Onda sabah Roma papasının işində bir təqsir olarsa, gəlib desinlər ki, Cahangir edib”.
“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxs Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.