Ratmir Bəkirov 52 milyon 400 min manatlıq kreditin qaytarılmamasında təqsirləndirilirdi
2015-ci il dekabrın 4-dən həbsdə olan “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyev barəsində açılan ikinci cinayət işində onunla birlikdə təqsirləndirilən şəxslərdən biri dünyasını dəyişib.
Meydan TV-nin əldə etdiyi məlumata görə, bu, “City Developer” MMC-nin rəhbəri Ratmir Əliəşrəf oğlu Bəkirovdur. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
“Ratmir Bəkirov həbsdə deyildi. O, noyabrın əvvəlində dünyasını dəyişib. Həmin vaxt Cahangir Hacıyev və daha 22 nəfərin işi üzrə istintaq yekunlaşsa da, materiallarla tanışlıq başa çatmamış, cinayət işi məhkəməyə göndərilməmişdi. Ratmir Bəkirovun ölümü ilə əlaqədar onunla bağlı hissədə cinayət işinə xitam verildi”.
Məlumatda deyilir ki, R.Bəkirov Beynəlxalq Bankdan götürülən 52 milyon 400 min manatlıq kreditin qaytarılmamasına görə külli miqdarda mənimsəmədə ittiham olunurdu. 2015-ci ildə Beynəlxalq Bank işi üzrə onlarla adam tutulmuşdu, onlardan biri də R.Bəkirov olub. O, həbsdə olduğu müddətdə Penitensiar Xidmətin Müalicə Müəssisəsində əməliyyat olunub. Təxminən yarım il həbsdə saxlandıqdan sonra məhkəmə Beynəlxalq Bank işi üzrə tutulan bir neçə nəfərin, o cümlədən R.Bəkirovun haqqında həbs-qətimkan tədbirini dəyişib və polis nəzarətinə verilməklə azadlığa buraxmışdı.
R.Bəkirov fəaliyyətini dayandırmış “Simurq” futbol klubunun prezidenti Anar Bəkirovun atasıdır.