Cahangir Hacıyevin vəkilləri məhkəmə tərkibinə etiraz etdi

”Əgər istintaq bacarırdısa, kredit verilən başqa şəxslərin adını yazardı”

Source:
Cahangir Hcaıyev
Cahangir Hcaıyev


”Əgər istintaq bacarırdısa, kredit verilən başqa şəxslərin adını yazardı”

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Beynəlxalq Bank işi”nə görə həbs edilənlərin məhkəməsi davam edib. Hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda “Beynəlxalq Bank”ın İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə prosesinin dalbadal keçirilməsinə etiraz edərək deyib ki, hakimlər tələsik məhkəmə istintaqını yekunlaşdırmaq istəyirlər.

Hakim qeyd edib ki, tərəflərin qaldırdığı bütün vəsatətlərə iş materialları tədqiq olunduqdan sonra baxılacaq.

Daha sonra C.Hacıyevin vəkilləri məhkəmə tərkibinə etirazla bağlı vəsatət veriblər. Hakim isə etirazın məhkəmə sədrinə yazılmasını istəyib.

Cahangir Hacıyev isə çıxış edərək, bankın sənədlərinin məhkəməyə gətirilməsini istəyib: “Məhkəmədə elə fikir formalaşdırılır ki, mən üç min nəfərin yerinə işləmişəm. Şişirtmək istəyirlər ki, guya mən elə imza çəkib, kredit paylamışam. Siz hüquqşünassınız, bu isə maliyyə işidir. Mən arayış verim. İstintaq 2008-2015-ci illərdə manatla verilən kreditləri həmin dövrün məzənnəsi ilə dollara çevirib, sonra isə bugünkü məzənnə ilə hesablayıb. Ancaq iki dəfə devalvasiya olub. Buna görə də rəqəmlər şişib. Bu isə, əlbəttə, düzgün deyil. Təəssüf ki, indi kalkulyatorum yoxdu, olsaydı, hesablayardım. Siz kalkulyator götürün, mənlə birlikdə hesablayaq”.

İclasda vəkil Aqil Layicov C.Hacıyevin həyat yoldaşı və qızı ilə sonradan bank arasında səhmlərin alqı-satqısı olduğunu söyləyib:”Bununla da onlara verilən kredit kartlarının borcu ödənilib, ancaq Maliyyə Nazirliyi kredit kartları borclarını qəsdən ləğv etmir”.

C.Hacıyev də çıxışında qeyd edib ki, qızı Leyla Mahmudovanın adına kredit borcu olmadığından onun adı ittiham aktından çıxarılmalıdır: “Əgər istintaq bacarırdısa, kredit verilən başqa şəxslərin adını yazardı”.

C.Hacıyevin vəkilləri vəsatət verərək “Beynəlxalq Bank”dan ayrılan kreditlər üzrə daxili layihələrə faktiki olaraq rəhbərlik edən Dünyamin Xəlilovun və xarici layihələrə rəhbərlik edən Xəqani Bəşirovun şahid kimi məhkəməyə çağırılmasını istəyiblər.

Prosesdə növbəti dəfə maliyyə naziri Samir Şərifovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırılıb.

Prokuror Fərid Nağıyev qaldırılan vəsatətlərə təmin edilməsi üçün heç bir əsas olmadığını deyib.

Hakim vəsatətləri təmin etməyib və məhkəmə istintaqınln yekunlaşdığlnı bildirib. Proses sentyabrın 27-də davam edəcək. Həmin gün prokuror təqsirləndirilən şəxslərə iş istəyəcək.

Bankın sabiq rəhbəri Cahangir Hacıyev, “Beynəlxalq Bank”ın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın Mərkəzi filialın müdiri işləmiş İlqar Abduallayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, Mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda AFB Bankın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Ana səhifəXəbərlərCahangir Hacıyevin vəkilləri məhkəmə tərkibinə etiraz etdi