Beynəlxalq Bankın keçmiş rəhbəri “İnter”in prezidentini zərbə altında qoyub
Beynəlxalq Bankın keçmiş prezidenti Cahangir Hacıyevin himayəsində olan “İnter” futbol klubunun bolqar prezidenti Georgi Nikolova Azərbaycandan çıxmağa icazə verilmir. Bu barədə Nikolov özü Rusiyanın “Trud” qəzetinə açıqlamasında deyib: “Mənə bildirdilər ki, ölkəni tərk edə bilmərəm. Halbuki istənilən halda müttəhim deyiləm. Azərbaycan Daxili İşlər Nazirliyindən “Şahid olduğun üçün burda qalmalısan” dedilər”.
Klub prezidentinin sözlərinə görə, Azərbaycan və Bolqarıstan arasında hüquq və məhkəmə proseduru sahəsində əməkdaşlıq müqaviləsi var: “Bolqarıstanda da şahid ola bilərəm. Azərbaycanda qalma müddətim başa çatmaqdadı və vəziyyət mürəkkəbdi. Gedə də, qala da bilmirəm. İki gün öncə miqrasiya orqanlarına vizamı uzatmaq üçün sənədlərimi vermişəm. Lakin mənim buraxılmağıma razılıq verib-verməyəcəkləri məlum deyil”.
Nikolov avqustun əvvəllərində Bolqarıstanın Azərbaycandakı səfirliyinə müraciət etdiyini və səfir Mayya Xristovanın konsul vasitəsilə məlumatlandırıldığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Xristova problemin həlli üçün əlindən gələni edəcəyini və məktubla Bolqarıstan Xarici İşlər Nazirliyini bilgiləndirəcəyini söyləyib. Klub prezidenti hazırda nəticəni gözlədiyini deyib: “Bakının hüquq institutlarından ədalətli və düşünülmüş qərar, Bolqarıstan hökumətindən isə kömək gözləyirəm”.
“İnter”in prezidenti problemin yaranma səbəbini də açıqlayıb. O bildirib ki, Azərbaycan Beynəlxalq Bankı təsisçi və sahib olduğu klubu 3 istiqamətdə – sponsorluq, reklam və yeni obyektlərin tikintisi üçün nəzərdə tutulan kreditləşdirmə üzrə maliyyələşdirib. Martda bank və holdinqin idarəçiliyində dəyişiklik edilib, audit və araşdırmalara başlanılıb. Beləliklə, klub bankın sahiblik etdiyi təşkilatlar siyahısına düşüb:
“Bu, mənimlə bağlı yaranmış situasiyanın səbəbidir. Həqiqətən də günah keçisi axtarılırsa, bu, çox təəssüfləndiricidi”.
Georgi Nikolov kimdir? Onun Cahangir Hacıyevlə münasibətləri nə vaxtdan formalaşıb? Doğrudanmı onu Azərbaycandan məhz bankdan götürlən kreditlərə görə buraxmıralr?
Bununla bağlı Meydan.TV-nin apardığı araşdırmalar nəticəsində bəzi məlumatlar əldə etmək mümkün olub.
Nikolov demək olar ki, Hacıyev futbol təsərrüfatına daxil olan gündən Bakıdadır. O, təkcə “İnter”ə rəhbərlik etməyib, Cahangir Hacıyevin ikinci komandası olan, ötən mövsümün sonunda dağılan Zaqatalanın “Simurq” klubunun da maliyyə hesabatlarına cavabdehlik daşıyıb. Hacıyevlə Nikolovun münasibətləri 90-cı illərin sonlarından başlayır. Bolqar Hacıyevin xarici ölkələrdən birindəki biznesinə nəzarət edib. Sonradan Hacıyev ona futbol sahəsindəki işlərinə rəhbərlik etməyi tövsiyə edib. Ancaq Nikolovun ölkədən buraxılmamasının səbəbi Beynəlxalq Bankdan götürülən kreditlərlə bağlı deyil. Əslində kredit məsələsinin də bu olayda rolu var. Ancaq ikinci planda. Nikolov “İnter”ə məxsus olan stadiona – “İnter-Arena”ya görə Bakıda girov saxlanılır. Əvvəllər “Şəfa” adlanan bu stadion AFFA-nın keçmiş prezidenti Fuad Musayevin vaxtında UEFA-nın dəstəyi ilə tikilib. Arena şəhərin mərkəzində, Heydər Əliyev prospektində, təxminən 8 hektarlıq ərazidə yerləşir. Bu arena-kompleks milli komandaların təlim-məşq bazası kimi nəzərdə tutulmuşdu. Ancaq 2011-ci ilin noyabr ayında “Şəfa “stadionu AFFA tərəfindən “İnter”ə satıldı. Daha doğrusu, AFFA prezidenti Rövnəq Abdullayev arenanı Cahangir Hacıyevə hədiyyə etdi. Real bazar qiyməti 80-90 milyon dollar olan arena cəmisi 4,5 milyon dollara satıldı. Bax, həmin 4,5 milyon dollar da Beynəlxalq Bankdan götürülən kredit hesabına ödənilib. Arenanın yerləşdi boş torpaq sahəsinin 50 milyon dəyəri olduğu halda, böyük bir kompleksin (“Şəfa”da əsas meydançadan savayı, 3 ehtiyat meydança, otel, hovuz, digər yardımçı tikililər də var) cəmisi 4,5 milyon dollara satılması böyük şübhələrə yol açmışdı. Ancaq həmin vaxt Cahangir Hacıyevin, Rövnəq Abdullayevin qılıncının dalı da, qabağı da kəsdiyindən, mətbuatın qaldırdığı bu məsələyə diqqət ayrılmadı. İndi vəziyyət dəyişib. Beynəlxalq Bankda xeyli yeyinti aşkarlanıb. Belə vaxtda şəhərin mərkəzindəki “yağlı stadion” dərhal yada düşür. Araşdırmalarımız nəticəsində məlum olub ki, Cahangir Hacıyev gələcək təhlükələri nəzərə alaraq, alqı-satqı zamanı stadionu məhz Georgi Nikolovun adına rəsmiləşdirib. Hətta bir mənbədən verilən məlumatda arenanın bolqar mütəxəssisin həyat yoldaşının adına rəsmiləşdirildiyi deyilir. Nikolov da məhz buna görə ölkədə saxlanılır. Stadion Cahangir Hacıyevdən geri tələb edilir. O isə müqavimət göstərir.
Araşdırmalarımız nəticəsində daha bir məlumat əldə etdik: Stadion Cahangir Hacıyevin əlindən alındıqdan sonra söküləcək. Bu arena Heydər Əliyev prospektinin profilinə uyğun gəlmədiyi üçün söküləcək. Arenanın yerində isə hündürmərtəbəli yaşayış kompleksi və otellər, biznes mərkəzləri inşa ediləcək.