Cahangir Hacıyevin istəkləri rədd edildi

Vəkillərin ötən hazırlıq iclasında qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb

Source:
Cahangir Hacıyev
Cahangir Hacıyev
Cahangir Hacıyev
Cahangir Hacıyev


Vəkillərin ötən hazırlıq iclasında qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyev, bacanağı Hidayət İsmayılzadə, sabiq deputat Dünyamin Xəlilov və daha 18 nəfərin işi üzrə məhkəmənin hazırlıq iclasının qərarı elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyilə çıxarılan qərara əsasən, təqsirləndirilən 22 nəfərin əksəriyyətinin vəkillərinin ötən hazırlıq iclasında qaldırdıqları vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə vəsatətlərin hamısının əsassız olması nəticəsinə gəlib.

Təqsirləndirilən şəxslərdən 19 nəfər -Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıq Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Elxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov və Ramiz Kərimovun haqqındakı polisin nəzarəti altına vermə qətimkan tədbiri qüvvəsində saxlanıb.

Cahangir Hacıyev, İsmayıl Hidayətzadə, Ramin Əhmədov və digərlərinin vəkilləri cinayət işinin əsassız olduğunu bildirərək, xitam verilməsini istəmişdilər.

C.Hacıyevin müdafiəçisi onun yaxınlarıyla telefon danışığı və görüşmək hüququnun məhdudlaşdırıldığını bildirərək, məhkəmənin istintaq təcridxanasına bu məsələ ilə bağlı məktub göndərməsi haqda da vəsatət vermişdi. Məhkəmə məktub göndərməkdən imtina edib. Hakim bildirib ki, C.Hacıyevin həmin hüquqlarının məhdudlaşdırılması barədə heç bir rəsmi qərar yoxdur.

C.Hacıyevin məhkəmənin gedişində vəkilinin yanında əyləşməsi, müdafiənin qurulması üçün məsləhətləşməyə şərait yaradılması haqda da vəsatət qaldırılmışdı. Hakim bildirib ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə artıq məhkum olunub və onun məhkəmə zalında açıq şəkildə vəkilinin yanında əyləşməsi məqsədəuyğun deyil.

Bu iş üzrə məhkəmə baxışı 4 fevrala təyin olunub.

C.Hacıyevin bacısı Əminə Hacıyeva isə bildirib ki, iş materiallarında rəsmi qərar olmasa da, qardaşının görüş və telefon danışığı hüququ beş aydır məhdudlaşdırılıb.

Ə.Hacıyevanın sözlərinə görə, bu məsələ ilə əlaqədar inzibati-iqtisadi məhkəmədə ayrıca iddia da qaldırılıb.

Budəfəki cinayət işində Beynəlxalq Bankla bağlı 3.4 milyard dollar və 987 milyon avroluq mənimsəmə və israfetmədən söhbət gedir. İddia olunur ki, Beynəlxalq Bankın vəsaitləri israf olunaraq, real dəyəri olmayan veksellər alınıb, geri qaytarılacağına təminat olmayan kreditlər verilib.

C.Hacıyev, D.Xəlilov və daha 20 nəfər təqsirləndirilən şəxsə qarşı mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması, vergidən yayınma və başqa maddələrlə ittihamlar irəli sürülüb.

Ana səhifəXəbərlərCahangir Hacıyevin istəkləri rədd edildi