Cahangir Hacıyevin bacısı hava limanından geri qaytarıldı

Ə.Hacıyeva bildirir ki, yarım ildən çoxdur 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı C.Hacıyevlə görüşə bilmir, hətta telefonla danışmalarına da imkan verilmir

Source: google.az

Əminə Hacıyeva: ''Hər tərəfdən mənə və ailəmizə qarşı təzyiqlər davam edir''

Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva növbəti dəfə prezidentə müraciət edib. Məktubunda da yazır ki, dövlət orqanlarının onun özünə və ailə üzvlərinə qarşı davamlı təzyiqlərinə görə yenidən şikayət etmək məcburiyyətində qalıb.

Ə.Hacıyeva bildirir ki, yarım ildən çoxdur 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan qardaşı C.Hacıyevlə görüşə bilmir, hətta telefonla danışmalarına da imkan verilmir:

“Penitensiar Xidmətin bu qanunsuz hərəkətlərindən məhkəməyə etdiyimiz müraciətə faktiki baxılmır. Məhkəmə şikayəti mümkünsüz hesab edərək, bizi hüquqsuz vəziyyətə qoyur”.

Ə.Hacıyeva yazır ki, ölkədə ona notarial qaydada əməliyyat aparmaq da qadağan edilib:

“Anam vəfat edəndən sonra vərəsəlik şəhadətnaməsini belə, ala bilmirəm. Heç bir notarius bu işi icraata götürmür. Bunu da Ədliyyə Nazirliyinin göstərişlərilə əlaqələndirirlər”.

Ə.Hacıyeva bildirir ki, müalicə məqsədilə Gürcüstana gedərkən sərhəddə saxlanıb. Ona deyilib ki, ölkədən çıxışına məhdudiyyət var, bunu da Daxili İşlər Nazirliyi tətbiq edib:

“İki il bundan əvvəl Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən ölkədən çıxışıma məhdudiyyət qoyulmuşdu. Yerli məhkəmələr də bu qanunsuzluğun aradan qaldırılmasında bizə kömək etmədi. 2018-ci il dekabrın 13-də Avropa Məhkəməsi ölkədən çıxışıma qadağanı Avropa Konvensiyasının pozuntusu kimi tanıdı və qanunsuzluğun aradan qaldırılmasını tövsiyə etdi. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanov ölkədən çıxışımla bağlı məhdudiyyəti qanunsuz sayaraq, onun aradan qaldırılmasına qərar verdi. Bütün bunlardan sonra martın 22-də Gürcüstana gedərkən sərhəd xidmətində bildirildi ki, Daxili İşlər Nazirliyi tərəfindən mənim ölkədən çıxışıma yenidən qadağa qoyulub”.

Məktubun sonunda Ə.Hacıyeva qanunsuzluqlara son qoyulması üçün prezidentdən kömək istəyir. Bildirir ki, dövlət orqanlarının ona və ailə üzvlərinə qarşı yol verdiyi qanunsuzluqlara məhkəmələr obyektiv hüquqi qiymət vermədiyinə görə o, təkrar-təkrar dövlət başçısına müraciət etmək məcburiyyətində qalır: “Hər tərəfdən və gündəlik mənə, ailəmizə qarşı təzyiqlər davam edir. Qanunsuzluqlar yeni-yeni formalar alır. Məhkəmələr də bu qanunsuzluqlardan bizi müdafiə etmir və ya edə bilmir. Ədliyyə Nazirliyi və digər orqanlar tərəfindən bizə qarşı qanunsuzluqlara son qoyulmasında köməklik göstərilməsini xahiş edirəm”.

Cahangir Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib. Lakin o, özünü təqsirli bilmir.

Ana səhifəXəbərlərCahangir Hacıyevin bacısı hava limanından geri qaytarıldı