Cahangir Hacıyev: Samir Şərifovun imzasını prezidentin imzasından üstün hesab edirsiniz?

Prokuror: “Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur”

Source:


Prokuror: “Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur”

Sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev və digərlərinin işi üzrə növbəti məhkəmə iclası keçirilib.



“Maliyyə Nazirliyi də belə açıqlamalar verməkdənsə, manatın taleyi, məzənnəsi barədə danışsın”

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev məhkəmə istintaqının bu şəkildə aparılmasına etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxslərin təqsirsizlik prizumpsiyası və müdafiə hüququ pozulur, ittiham tərəfinin qərəzli materialları məhkəmədə müzakirəyə çıxarılır, müdafiə tərəfinin isə bununla bağlı vəsatətləri nəinki qəbul olunmur, heç müzakirə edilmir. İttihamdakı rəqəmlərdə ziddiyyətlər olduğunu deyən vəkil qeyd edib ki, bu gedişlə məhkəmədən ədalətli qərar gözləmirlər: “Burada heç bir mənimsəmə, mütəşəkkil dəstə, cinayət yoxdur. Burada elə fantastik rəqəmlər deyilir ki, adam vahiməyə düşür. Bir neçə gün əvvəl Maliyyə Nazirliyinin əməkdaşı mətbuata açıqlamasında bildirib ki, 5 milyardı bu dəstə mənimsəyib. Başqa jurnalist də xəbər yazıb ki, məbləğ 8 milyarddır. Deyirlər, guya Cahangir Hacıyev ofşor zonalara pul ötürüb. Ofşor zonalarla bağlı materiallar var. Həmin məlumatlar açıqdır. Jurnalistlər o məlumatları yoxlaya bilirlər. Orada Cahangir Hacıyevin adı yoxdur. Bu məsələdə Maliyyə Nazirliyi qərəzlidir. Bu vəsaitlər layihələrə xərclənilib. Mülki qaydada olan bir işi gətirib bu mərhələyə çıxarıblar. Məhkəmə ittiham aktını təsdiq etmək istəyisə, elə bu gün məhkəməni bitirək. Bizim silahımız vəsatətlərdir. Əgər onlar təmin edilmirsə, bizim burada oturmağımızın mənası yoxdur. Əgər obyektiv araşdırma istəyiriksə, vəsatətlər müzakirə edilməlidir. Vəkil Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyevin məhkəmədə əlavə şahid qismində ifadə verməsi barədə vəsatət verib: “”Beynəlxalq Bank” bizə heç bir məlumatı vermir. Məhkəmə sorğu versin, layihələrin siyahısı, investisiya mənbələri, balansları, faktiki dəyəri, girovla təminatı ilə bağlı sənədləri bankdan alsın. Maliyyə Nazirliyi də belə açıqlamalar verməkdənsə, manatın taleyi, məzənnəsi barədə danışsın”.

Hakim Əfqan Hacıyev qeyd edib ki, vəsatətlər əsas şahidlər dindirildikdən və sənədlər tədqiq olunduqdan sonra müzakirə ediləcək: “Biz işdə olan sənədlərə baxırıq. Mətbuatın yazdığı ilə işləmirik. Biz axırda obyektiv qərar qəbul edəcəyik. Siz belə deyirsiniz, məhkəmə də başqa cür hesab edir. Axırda narazılığınız olsa, yuxarı instansiyaya şikayət edərsiniz”.

Samir Şərifov

“Araşdırın görək ki, bu, 211 milyondur, yoxsa 211 manat”

Prokuror Fərid Nağıyev bildirib ki, Maliyyə Nazirliyinin açıqlamasında olan 5 milyard məsələsinin cinayət işi ilə əlaqəsi yoxdur. O qeyd edib ki, həmin məbləğ bankla bağlı deyil, şəxslə bağlıdır: “Mən burada kreditlərin məbləğini deyəndə müdafiə tərəfi cırnayır. Lakin bunlar işdə olan sənədlərdir” . Canahgir Hacıyev isə dövlət ittihamçısı ilə razı olmadığını bildirib. Sabiq bankir qeyd edib ki, ittihamda yer alan 211 milyon məbləğ iddia edilən 5 milyardla bağlıdır. “Bu gün həmin şirkətlərin təsisçisinin kimlər olduğunu yoxlayın. Həmin şirkətlər hazırda Samir Şərifov və digərlərinin benefisləridir. Ona görə də həmin sənədlərin yoxlanması ilə bağlı vəsatət verirəm. İndi benefislər öz əllərində olduğu üçün sənədləri vermirlər. Əslində siz sübut etməlisiniz ki, mənimsəməyə yol vermişəm. Ancaq indi biz sübut etməyə çalışırıq ki, mən mənimsəməyə yol verməmişəm. Araşdırın görək ki, bu, 211 milyondur, yoxsa 211 manat. Nə baş verdiyini siz də yaxşı bilirsiniz, mən də. Şou göstərəndə heç olmasa, yaxşı göstərin. Mənə də yüz sifariş olub. Onu elə etmişəm ki, nə şiş yanıb, nə də kabab. Yəni, heç vaxt şouya çevirməmişəm. O vəsaitlər layihələrə xərclənib. Siz Samir Şərifovun imzasını prezidentin imzasından üstün hesab edirsiniz? Sizə simpatiyam var. Amma imkan yaradın vəkillər sual versinlər. Hörmətli prokuror, sizin şahidlərə etdiyiniz işarələri, him-cimləri buradan yaxşı görürəm. Nə baş verib, sonda nə qərar veriləcək, siz də, mən də yaxşı bilirik”.

Prokuror Fərid Nağıyev isə heç kimə him-cim etmədiyini deyib: “Mən heç kimə him-cim etmirəm. Bunu özümə sığışdırmaram. Sonda görəcəksiniz ki, danışdığım şeylər him-cim yox, faktlar olacaq”.


“Kreditdən istintaqda xəbər tutmuşam”

“Beynəlxalq Bank”ın filiallarında müxtəlif vəzifələrdə çalışmış şəxslər ifadə verərək bildiriblər ki, onlar yalnız sənədləşdirmə işləri aparıblar. Şahid qismində ifadə verən İbrahim Ağayev deyib ki, “İnter tekstil” şirkətində çalışıb. Onun sözlərinə görə, müdiri Şakir müəllim tərəfindən əsas rəhbər Dünyamin Xəlilovun adından ona göstəriş verilib ki, banka gedib kreditə imza atmalıdır: “Mənə dedilər ki, şirkətə dəzgah alınmalıdır. Mən oradan ayda beş yüz manat əmək haqqı almışam. Gedib dedikləri sənədlərə qol çəkmişəm”. Prokuror isə bildirib ki, onun adında 15 milyon 776 minlik kart açılıb. O isə bildirib ki, bundan istintaq zamanı xəbər tutub. Şahid Ramin Məhərrəmov ifadəsində bildirib ki, təqsirləndirilən İbrahim Hüseynovu tanıyır, onun şirkətində çalışıb. 2009-2010-cu illərdə onun göstərişi ilə idarəyə çağırılıb, oradan da banka gedərək sənədlərə qol çəkilib. Məlum olub ki, onun adına 815 və 480 min olmaqla iki kredit ayrılıb.

Niyazi Məmmədov adlı şəxs isə ifadəsində bildirib ki, onun adına şirkət açılıb: “Mənim anamla Dünyamin Xəlilovun həyat yoldaşı rəfiqədirlər. Anam xahiş etmişdi, onlar da mənim adıma şirkət açmışdılar. Oradan ayda yüz manat pul alırdım. Bir gün dedilər, sənədlərə qol çəkmək lazımdır. Mən də imzaladım. Adıma kredit olmasından istintaq zamanı xəbərim oldu”.

Hakim Əfqan Hacıyev
Hakim Əfqan Hacıyev

Hakim Əfqan Hacıyev isə ondan sənədləri niyə oxumadan imzalamasının səbəbini soruşub. Şahid həmin vaxt 20 yaşının olduğunu deyib. Hakim Ə.Hacıyev isə Şah İsmayıl Xətainin 15 yaşında dövləti idarə etdiyini vurğulayıb.

Orxan Kərimov isə 2014-cü ildən Beynəlxalq Bankda işlədiyini, cinayət işi başlayan zaman mütəxəssis kimi kreditlərin verilmə qaydalarını yoxladığını deyib. O bildirib ki, kreditlər verilən zaman Mərkəzi Bankın tələbləri, digər qaydalar pozulub. C. Hacıyevin vəkilləri isə onun dindirilməsinə etiraz ediblər. Bildiriblər ki, onun dindirilməsi qanunvericiliyə ziddir.

Prosesdə Tahir Məcidov şahid qismində ifadə verib. T.Məcidov bildirib ki, bankın Sabunçu filialında xəzinədar işləyib. Onun sözlərinə görə, kredit ayrılarkən filialda pul olmayıb, həmin kreditlərlə bağlı sənədləşmə aparılıb, müdir deyib ki, pulu baş idarədən götürəcəklər.

Daha sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov ifadə verib. O bildirib ki, idarəyə Azad Cavadovun evində odlu silah saxlaması barədə məlumat daxil olub. Onlar da həmin evə gedib axtarış aparıblar. Oradan tapança, altı ədəd güllə tapılıb.

İclasda hal şahidi qismində Ulduz Məmmədov ifadə verib. O bildirib ki, Azad Cavadovun evində aparılan axtarışda iştirak edib, evdən silah tapılmasının şahidi olub.

İclasda Kamil İbadov adlı şəxs də ifadə verib. Bildirib ki, hazırda Beynəlxalq Bankın Sabunçu filialının müdiri işləyir. Onun sözlərinə görə filialda kredit verilən şəxslər oradan pul götürməyiblər, yalnız sənədləri imzalayıblar.

Proses sentyabrın 7-də davam edəcək.

Ana səhifəXəbərlərCahangir Hacıyev: Samir Şərifovun imzasını prezidentin imzasından üstün hesab edirsiniz?