Cahangir Hacıyev: Nə olubsa, bizdən sonra olub…

C.Hacıyev ona qarşı qaldırılmış 4.7 milyard manatlıq mülki iddianı cəfəngiyyat adlandırıb

Source:


“Eyni sualı dörd il yarımdır veririk ki, bu işdə cinayət hardadır?”

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev 16 il 6 ay, keçmiş deputat Dünyamin Xəlilov isə 14 il 6 ay həbsə məhkum edilməsi barədə hökmdən apelyasiya şikayəti verib. Onların şikayətlərinə Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyilə baxılır.

Noyabrın 25-də keçirilən məhkəmə prosesində C.Hacıyev çıxış edib. O bildirib ki, 4 il 6 aydır Beynəlxalq Bankla bağlı cinayət işi başlanıb, lakin onun və birlikdə mühakimə olunduğu şəxslərin bankın vəsaitlərini mənimsəməsi barədə heç bir sübut ortaya qoyulmayıb:

“Bu, sayca beşinci məhkəməmdir. Əvvəlki cinayət işinə üç məhkəmə instansiyasında baxıldı. İkinci cinayət işinə də Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb, indi də burada baxılır. Eyni sualı dörd il yarımdır veririk ki, bu işdə cinayət hardadır? Cinayəti sübut eləyən fakt hardadır? Birinci instansiya məhkəməsində xahiş elədik ki, bircə fakt, 365 cildlik cinayət işində bircə səhifə göstərsinlər. Mənə və ya qohumlarıma bircə manat pulun nağd, yaxud köçürmə yoluyla verilməsini təsdiqləyən sübut ortaya qoysunlar. Heç nə yoxdur”.

C.Hacıyev deyir ki, birinci instansiya məhkəməsində bir neçə iclas məhkəmədəkilərə “veksel”in, “Cargill əməliyyatı”nın nə olduğunu izah etməyə çalışıblar. İndi də bilmir ki, barəsində ittiham hökmü çıxaranlar bunların mahiyyətini anlayıb, yoxsa yox:

“Yazıblar ki, “Cargill” mal göndərməyib. Axı heç mal göndərməməliydi… Bu şirkət maliyyə mənbəyidir, ucuz kredit verməklə məşğuldur. Dövriyyəsi Azərbaycanın dövlət büdcəsindən 4-5 dəfə çoxdur”.

C.Hacıyevin sözlərinə görə, hər şirkətin fəaliyyəti, nüfuzu onun hesabatlarından məlum olur. Onun vəkilləri də məhkəmədə Beynəlxalq Bankın rəhbəri postundan gedəndən sonrakı illərə aid illik hesabatları istəyiblər. Lakin ala bilməyiblər:

“İsrarla məhkəmədən xahiş etdik ki, Beynəlxalq Bankın illik hesabatları alınsın. Eləmədilər. 2014-cü ili bank 40 milyon manat xalis mənfəətlə başa vurub. 2015-ci ildə mən istefa verəndən sonra ili 800 milyon, 2016-cı ili isə 1.9 milyard manat zərərlə başa vurub. İsrafçılıq mənim vaxtımda olub, yoxsa bunların vaxtında?

İttihamda çirkli pulların yuyulmasından söhbət gedir. Pulların mənbəyi bankdırsa, necə çirkli pul olur? Bu pullar xarici banklara köçürmə yoluyla layihələrin icrasına sərf olunubsa, buna necə çirkli pul demək olar? Çirkli pulları xarici banklar qəbul edərdimi?”

C.Hacıyev Beynəlxalq Bankla bağlı ekspert rəyindən də şikayətlənib. Onun sözlərinə görə, ekspert rəyinin təsviri hissəsilə nəticə hissəsi bir-birinə ziddir:

“Təsviri hissəsində yazılıb ki, pullar köçürmə yolu ilə xaricdə filan layihələrə sərf olunub. Nəticə hissəsində isə ekspert yazır ki, çirkli pullar leqallaşdırılıb, mənimsənilib”.

C.Hacıyev ona qarşı qaldırılmış 4.7 milyard manatlıq mülki iddianı cəfəngiyyat adlandırıb. Onun sözlərinə görə, heç o vaxt ölkənin bu qədər likvid valyuta ehtiyatı olmayıb. O bildirir ki, bankdan götürülmüş kreditlər hesabına yaradılan müəssisləri bankın problemli kreditlərinin həlli ilə məşğul olan “Aqrarkredit” QSC götürüb. Amma kreditləri də bağlamırlar. O kreditləri onları götürənlərdən tələb edirlər:

“Harada görünüb ki, aktivləri başqasına verəsən, passivləri başqasından tələb edəsən? Bankın vəsaiti hesabına yaradılan layihələri alıblar, indi də ona sərf olunan vəsaitləri bizdən tələb edirlər. “Aqrarkredit”in rəhbəri açıqlama verdi ki, Beynəlxalq Bankın problemli kreditlərindən 3.2 milyard manat vəsait ödənilib. Ödənilmiş pulları bizim ayağımıza niyə yazırsız, yenidən bizdən niyə tələb edirsiz? Heç kim bizim suallarımıza cavab vermir. Bankın Moskva filialına rəhbərlik etmiş Fuad Abdullayev də ifadə verəndə dedi ki, 2015-ci ilə qədər layihələr işləyirdi, kreditlər ödənilirdi. Nə olubsa, bizdən sonra olub”.

Vergilər Nazirliyinin ona qarşı qaldırdığı mülki iddiaya münasibət bildirən C.Hacıyev deyib ki, hər bank yüzminlərlə müştəriyə kreditlər verir. Həmin müştərinin vergi orqanı ilə hansısa problemi olsa belə, bunun banka, onun rəhbərinə aidiyyəti yoxdur.

C.Hacıyev çıxışını belə bir ümidlə başa vurub: “Ölkədə dövlət səviyyəsində islahatlar, aşkarlıq başlayıb. Ümid edirəm ki, bu islahatlar, aşkarlıq bizim məhkəmələrə də gələcək”.

Keçmiş deputat Dünyamin Xəlilov da məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib. O bildirib ki, cinayət işi başlananda Türkiyədə olub, cinayət törətsəydi, günahı olsaydı, Azərbaycana qayıtmazdı:

“İttihamda yazılan rəqəmlər ki var, guya mən mənimsəmişəm, onlar kifayət edərdi ki, xaricdə ürəyim istədiyi kimi yaşayım. Beynəlxalq Bankın kreditləri hesabına həyata keçirilən layihələr mənə və yaxınlarıma məxsus deyil. Sadəcə, onların icrasında iştirak etmişəm. Biz mütəşəkkil dəstə olmamışıq. Hökm əsassızdır, fərziyələr üzərində qurulub”.

Vəkillər məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi və “Aqrarkredit” QSC-yə sorğu göndərilib, qaytarılan vəsaitlər, müəssisələr barədə məlumatların alınıb araşdırılması haqda vəsatətlər qaldırıblar. Vəkil Nemət Kərimli bildirib ki, verilən kreditlər, ödənilən məbləğlərlə bağlı hökmdə yazılan rəqəmlərdə kəskin ziddiyyətlər var. Həmin ziddiyyətlərin araşdırılması vacibdir.

Digər vəkil Fəxrəddin Mehdiyev hesab edir ki, məhkəmə “Aqrarkredit”ə təhvil verilən müəssisələrlə bağlı ətraflı məlumat əldə etməlidir:

“Aqrarkredit”in rəhbəri deyir ki, 3.2 milyard manatlıq problemli kredit qaytarılıb. Bunlar hansı kreditlərdir? Problemli kreditlərə görə nə qədər müəssisə təhvil verilib? Bu müəssisələr işləyib gəlir gətirirsə, onların qurulması üçün götürülmüş kreditlər gətirdikləri gəlirin hesabına ödənilə bilər. O müəssisələr satılıb, krediti bağlaya bilərlər”.

Vəsatətlər təmin olunmayıb. Hakim Həsən Əhmədov deyib ki, vəkillər özləri sorğu verib, cavab alsınlar. Vəkillər isə deyir ki, obyektiv araşdırma aparmaq üçün lazımi addımlar atmaq məhkəmənin də borcudur.

Prokuror çıxış üçün məhkəmədən iki həftə vaxt istəyib. Proses dekabrın 9-da davam edəcək.

C.Hacıyev 2015-ci il dekabrın 5-dən, D.Xəlilov isə dekabrın 29-dan həbsdədir. Onlar Beynəlxalq Bankdan kredit kimi götürülmüş vəsaitləri mənimsəməkdə ittiham olunurlar. Bu il sentyabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə C.Hacıyev 16 il 6 ay, D.Xəlilov isə 14 il 6 ay azadlıqdan məhrum edilib. Lakin onların heç biri özünü təqsirli bilmir.

Ana səhifəSiyasətCahangir Hacıyev: Nə olubsa, bizdən sonra olub…