Cahangir Hacıyev nazir Samir Şərifovu məhkəməyə çağırır

”Hətta o gəlib məhkəmədə yanımda oturmalıdır”

Source:


”Hətta o gəlib məhkəmədə yanımda oturmalıdır”

Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktorları olmuş İlqar Abdullayev və Yusif Ələkbərov, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnterSecurity” MMC-nin baş direktoru İbrahim Hüseynov və digər şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Meydan TV xəbər verir ki, iclasda çıxış edən Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev maliyyə naziri Samir Şərifovun şahid qismində iclasa çağırılması, cinayət işinə xitam verilməsi və digər məsələlər barəsində vəsatət verib. Vəsatətlərə günün ikinci yarısında münasibət bildiriləcək.

İclasda vəsatətə münasibət bildirən C. Hacıyev vəsatətlərin təmin olumasın istəyib. “Cinayət işi açılanda xaricdə müalicə alırdım. Bir zənglə ölkəyə gəldim. Nə vaxt istintaqa çağırılmışamsa, getmişəm. On bir dəfə istintaqa ifadə vermişəm. Dekabrın 4-də barəmdə həbs qərarı çıxdı. 38 gün “Bandotdel”də qanunsuz saxlanmışam. Mənim bir günahım olsaydı, vətənə qayıtmazdım. Yanımda əyləşən və digər təqsirləndirilən şəxslərlə birlikdə çalışmışıq. İşimizdə problem olmayıb”.

C. Hacıyev istintaqın qeyri-peşəkar və qərəzli aparıldığını əlavə edib. “49 fiziki şəxsə kredit verilməsi ilə bağlı ittiham aktında məlumat yer alır. Kreditlərin necə ayrılması və ödənilməsi barədə sənədlər istintaqa təqdim edilib. Bu işdə mənimsəmə olduğu deyilir, amma bu doğru deyil. Samir Şərifov gəlib ifadə verməlidir. Hətta o gəlib məhkəmədə yanımda oturmalıdır. Bununla bağlı məndə faktlar var. Bəzi kreditlərin ödənilmədiyi deyilir. Lakin onların müddəti hələ başa çatmayıb. Ölkədə 2 milyon insanın bank borcu var. Onda bank sistemini ləğv edib həmin adamları tutmaq lazımdır”.

Proses fasilədən sonra davam edəcək.

Fasilədən sonra məhkəmə vəkillərin vəsatətləri təmin etməyib və məhkəmə baxışı avqustun 24-nə təyin edilib.

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev və digər 7 şəxs Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham edilir.

Ana səhifəXəbərlərCahangir Hacıyev nazir Samir Şərifovu məhkəməyə çağırır