Cahangir Hacıyev məhkəmə protokolları ilə tanış olmaq istəyir

Azad Cavadovun keçmiş qohumları ifadə verib

Source:


Azad Cavadovun keçmiş qohumları ifadə verib

Sentyabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə həbs edilən digər şəxslərin işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. O bildirib ki, Cahangir Hacıyev indiyə qədər qeyd aparılan məhkəmə protokolları ilə tanış olmaq istəyir. Hakim bildirib ki, məhkəmə prosesi başa çatdıqdan sonra 3 gün ərzində protokollar tərəflərə təqdim olunacaq: “Hazırda, bu, mümkün deyil”.

Daha sonra iclasda şahid Emma Həsənova ifadə verib. O, təqsirləndirilən Azad Cavadovun keçmiş qaynanası olduğunu, Azad Cavadovun xahişi ilə kredit müqaviləsini imzaladığını deyib.

Bankın Səbail filialının müdiri Ehtiram Əliyev şahid qismində ifadə verərək kreditlərin ayrılması mexanizmi barədə danışıb.

Azad Cavadovun keçmiş qayını Ələkbər Həsənov isə şahid qismində ifadəsində bildirib ki, Azad Cavadovun evindən tapılan xəncəri Azad Cavadovun ad günündə hədiyyə edib: “Xəncəri “28 may” metrostansiyasının yaxınlığında yerləşən mağazadan almışam”.

Bankın Sabunçu filialının müdir müavini Azər Kərimzadə rəhbərlik işdə olmadığı vaxt bir kreditin ayrılması üçün sənədləri imzaladığını bildirib. Daha sonra hakim bildirib ki, 6 nəfər şahid dəfələrlə məhkəmə çağırılmalarına baxmayaraq iclasa gəlmirlər. Ona görə həmin şahidlərin barəsində polis vasitəsilə məcburi gətirilmə qərarı çıxarılıb.

Məhkəmə prosesi sentyabrın 14-də davam etdiriləcək.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Cahangir Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin şəxslər 211 milyonun manat pulu mənimsəməkdə təqsirli bilinirlər.

C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

Ana səhifəXəbərlərCahangir Hacıyev məhkəmə protokolları ilə tanış olmaq istəyir