Cahangir Hacıyev: Kişinin heyfini qadından almazlar

“Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb”

Source:
Cahangir Hacıyev və Samr Şərifov
Cahangir Hacıyev və Samr Şərifov



“Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb”

Oktyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digərlərinin məhkəməsi davam edib.

Meydan TV-nin məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi iclasda İbrahim Hüseynov son söz deyib. O, özünü təqsirli bilməyib.

İmkan vermədiniz sual verim

Daha sonra Cahangir Hacıyev son sözlə çıxış edib. O bildirib ki, onunla bağlı iş 1 il 6 aydır davam edir:

“Ötən il aprelin 1-də məni çağırdılar. Həmin vaxt mən xarici ölkədə idim. Mən də gəldim.  Dövlət ittihamçısı deyir ki, o zaman mən şahid qismində çağırıldığım üçün gəlmişəm. Guya gəlməyə də bilərdim. Ancaq  belə deyil. İstənilən halda gəlib istintaqla əməkdaşlıq edəcəkdim. Cinayət işi mayın 2-də qaldırılıb, amma hamıya məlumdur ki, bu işi başlamazdan əvvəl ən azı bir ay bunun üzərində işləyiblər. Mən bu sistemdə 20 ildən artıq işləmiş adamam. Çağrılanda gəldim və xahiş etdilər ki, kreditlərin qaytarılmasında kömək etdim. Cinayət işi İdarə Heyəti sədrinin birinci müavini Emin Mustafayevin məktubu əsasında başlanıb. Emin Mustafayevdən soruşmağa imkan yaratmadınız ki, deyim axı sən nəyin əsasında Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmisən? Sənə bu, göstərişi kim verib? Nə vaxtdan mülki işlərə “Bandotdel” baxır? Ora müraciət etməyi sən müəyyən etmisən, yoxsa himayədarların?”

Məsələ dövlət başçıları səviyyəsində həll olunmuşdu

Cahangir Hacıyevin sozlərinə görə, praktika belədir ki, kreditlər qaytarılmırsa, məhkəməyə verib, girova yönəldilir:

“Bütün bunlara baxmayaraq, istintaqla əməkdaşlığa başladım. Qısa müddətdə kreditlərin qaytarılması ilə bağlı böyük işlər görüldü. Həmçinin Moskvadakı törəmə bankın kreditlərinin qaytarılması məsələsində. Bu məsələ dövlət başçıları səviyyəsində – Rusiya prezidentinin Bakıya səfəri zamanı müzakirə olundu, xeyir-dua verildi. Lakin Maliyyə Nazirliyi, bankın menecmenti tərəfindən qarşısı alındı və nəticədə kreditlər batdı. Yaxud Metanol Zavodu ilə bağlı “Qazprom”la danışıqlar aparılmışdı, 2 milyard kubmetrlik qazla bağlı razılaşma olmuşdu. Ancaq bunun da qarşısını Maliyyə Nazirliyi aldı. Metanol Zavoduna qoyulan 600-700 milyon dollar da getdi. İndi soruşan lazımdır ki, niyə Metanol zavodu işləmir? Və yaxud da başqa bir misal – Albaniya Neftayırma Zavodu haqda. Şirkət də tapılmışdı, amma buna da imkan vermədilər. Azərbaycan 350 milyon da burada itirdi”.

Bacımın banka nə aidiyyəti var?

Cahangir Hacıyev deyib ki, cinayət işi başlayan gün, yəni mayın 2-də Azad Cavadov həbs edilib:

“Bununla nəinki Azərbaycanda, həmçinin qonşu ölkələrdə də misli görünməyən terror baş verdi. Bu günün özündə də 7500-8000 adama STOP qoyulub. Çoxuna da 500-800 dollarlıq kreditə görə. Biz yaratdığımız minlərlə iş yeri donduruldu. Ailə üzvlərimə qarşı da terror baş verdi. Mənim bacımın banka nə aidiyyəti var ki, ona da STOP qoyulub? Rəhmətə gedən anamın mülkiyyəti ilə bağlı sənədi niyə ASAN Xidmət və digər qurumlar təsdiq etmədi? Bütün bunlara terror deməyək, bəs adını nə qoyaq? Mən istintaqa 11 dəfə ifadə vermişəm. Bir-bir hamısını açıb göstərmişəm ki, fiziki şəxslərin adına verilmiş kreditlər hardadır. “Bandotdel”dəkilərin, ümumiyyətlə, bank sistemindən anlayışı yoxdur. Anlayışı olmayan qurum istintaqı necə apara bilər? Gördüyünüz iş göz qabağındadır. İstintaqla əməkdaşlıq etməyimə, kreditlərin qaytarılmasında köməyimə baxmayaraq, heç bir əsas olmadan dekabrda həbs olundum. İstintaqdakı qanunsuzluqlardan sonra ümidimiz var idi ki, bəlkə məhkəmədə bizi eşidərlər. Əfsuslar olsun ki, burada da eşitmədilər. 30 vəsatətimizdən biri də təmin olunmadı. İstintaqda sanki bizimlə yerlərini dəyişmişdilər. Onlar ittihamı sübut etmək əvəzinə biz günahsızlığımızı sübut edirdik. Burada elə adamlar var ki, onları həyatımda 1-2 dəfə görmüşəm. Hansı mütəşəkkil dəstədən söhbət gedir? Nə istintaq, nə də məhkəmə özünə zəhmət verib həqiqəti araşdırmaq istəmədi. Azad Cavadovun evinə iki ay sonra silah atdıqları kimi heç olmasa, mənim də üzümə də bir adam gətirib qoyardılar. Kreditlərə gəlincə, Moskvada törəmə bankın işçilərindən soruşmaq lazım idi ki, bu vəsaitlər hara gedib? Ailə üzvlərimə və mənə aid kartlardan xərcləmələri prokuror bəh-bəhlə sadaladı. Əvvəla, kimin hansı gözəllik salonuna, təyyarəyə pul xərclədiyini sadalamaq nə qədər etikdir? İkincisi də ki, həmin kreditlər çoxdan ödənilib. Mənə ittiham olaraq verilən 47 milyonu təyyarə biletlərinə, gözəllik salonlarına xərcləmək fiziki olaraq mümkün deyil. Onda gərək sutkanın 24 yox, 25 saatını təyyarədə uçasan. Bir daha bildirirəm ki, verilən kreditlər kredit kartlarından nağd şəkildə çıxarılıb və səhimlər alınıb. Prokuror da Samir Şərifovun dediklərini təkrarlayır və deyir ki, bu, bir cibdən o biri cibə qoyulmadır. Kimin cibinə qoyulub? Cahangir Hacıyevin? Bankın cibinə qoyulub da. 2015-ci il dekabrın 6-da “Bandotdel”də Ramil Usubov, Zakir Qaralov və Azər Bayramovun (Maliyyə nazirinin müavini – İ.M) iştirakı ilə bu məsələ müzakirə olundu. Azər Bayramov orda da dedi ki, bu qədər vəsait səhmlərin alınmasına gedib. Niyə imkan vermədiniz ki, həmin adama bu barədə bir-bir sual verək? Bunu yoxlasaydınız görərdiniz. O, zaman Vergilər Nazirliyi tərəfindən bu işlə bağlı 80-dən artıq cinayət işi başlanmışdı. Onlar daha peşəkar işləmişdilər. Həmin işlərə baxsaydınız, görərdiniz ki, vəsaitlər hara gedib”.

Lap 117 il olsun, vecimə deyil

Cahangir Hacıyevin sözlərinə görə, bu cinayət işində mənimsəməni sübut edən heç bir fakt yoxdur:

“Siz nəyin əsasında mənə 17 il iş istəyirsiniz? Lap 117 il olsun, heç mənim vecimə deyil. Ancaq hamı bilməlidir ki, bu vəsaitlər hara gedib. İndi internet əsridir. Juranalistlər Bakıda oturub internet vasitəsilə hansı şirkətin kimə məxsus olduğunu tapa bilərlər.

Prokurorluğun, bir də “Bandotdel”in əməkdaşlarından ibarət bığıburma kişilər burdan durub Londona getdilər. Nə edə bildiniz? Kimisə gətirə bildiniz? 2005-ci ildə də Hacı Məmmədov məsələsində bu cür yollarla məndən 20 milyon pul istəmişdilər. Uşaqlarımın yaşadığı evi, bir maşınım var idi onu qiymətləndirdilər. Maliyyə Nazirlyinin qeyri-rəsmi sözçüsü olan bəzi saytlar mənim milyardlarımdan, təyyarələrimdən yazır. Hardadır mənim təyyarələrim? Tapa bildiniz? “Qarlı aşırım”da yaxşı sözlər var. Mən onlardan birini demək istəyirəm: “Kişinin heyfini qadından almazlar”. Apardığınız sənədləri özünüzə qaytarıblar. Nə “İnterpol”u, nə də Britaniya qurumlarını qane elədi. Kor-peşman qayıtdınız. 2005-ci ildən bəri ha çalışdılar ki, mən və mənə yaxın adamların nəyisə mənimsəməsi və talaması ilə bağlı fikir yaratsınlar. Ancaq heç nəyə nail olmadılar. Təkcə 2014-cü ildə Beynəlxalq Bankın 25 milyon xalis gəliri olub və mən bankı bu cür təhvil vermişəm. 15 il ərzində banka rəhbərlik etdiyim dövrdə dövlətdən bir qəpik də alınmayıb. İndi isə bank dərin problemlərə üz-üzə qalıb. Təkcə prezidentin bir qərarı ilə dövlət büdcəsindən 6 milyard pul ayrıldı. Bəhanə edirlər ki, xaricdən cəlbetmələr bahadır və ona görə də neft fondundan da 1 milyard alıblar. Mənim rəhbərlik etdiyim dövrdə nəinki mənim, hətta işçilərimin bir sözü ilə bir günə 100-200 milyon xaricdən vəsait cəlb edə bilirdik. Görün etibarı necə itiriblər ki, xarici banklar bunlara pul vermir. Məcbur olub Neft Fondundan götürüblər. Mərkəzi Bank tərəfindən dəfələrlə yoxlamalar olub. Audit Komitəsi Maliyyə Nazirliyinin işçilərindən ibarət idi. Onların hamısının bank sisteminə əlçatımlılığı var idi. Əgər hansısa bir pozuntu var idisə, niyə üzə çıxarmırdılar? Bugünlərdə “BankStandart”ın lisenziyası ləğv olundu. Ölkənin 5-ci bankıdır. Buna görə kimsə cavab verməlidir və verəcək də”.

Bu gün Rusiyada kriminalları cəlb edir, ona-buna yalvarırsınız ki, kreditləri qaytarasınız

“Prokuror çıxışında dedi ki, mənim daxilən səhvimi etiraf etdiyimi düşünür. Mən nə daxilən, nə də zahirən heyfsilənmirəm. Əksinə fəxr edirəm ki, minlərlə iş yeri yaratmışam. Yüzminlərlə adama çörək vermişəm. “Aqrarkredit” prezidentə müəyyən müəssisələri təqdim edir. Yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatının inkişafı kimi. Halbuki, həmin işləri biz görmüşük. Məsələn, Xaçmazda 5 min hektar fındıq bağlarını prezidentə məruzə edirsiniz. Halbuki, həmin əraziləri siz yox, Azad Cavadov yaradıb. Tütünçülük, pambıqçılıq, ümumiyyətlə, iqtisadiyyatın qeyri-neft sektorunun 50 faizini biz yaratmışıq. Ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2 həftə ərzində Rusiyada törəmə bankı açdıq. Rusiyanın 1300 bankı var idi. Bizim bank qısa müddətdə ilk yüzlükdə idi. Bu gün Rusiyada kriminalları cəlb edir, ona-buna yalvarırsınız ki, kreditləri qaytarasınız. Sankt-Peterburqda çirkli pulların yuyulması ilə bağlı cinayət işi başlanıb. Budur sizin əldə etdiyini nəticə. Ürəyimdə çox şey var. Çox da danışa bilərəm. Buna başqa məna verməyin, ümummili liderin bir sözü var idi ki, “dünya mübarizə dünyasıdır”. Ancaq yaddan çıxarmayın ki, bu günün sabahı da var” – Cahangir Hacıyev davam edib.

Bu işi araşdırmaq üçün niyə Bülənt Karanı gətirmədiniz?

“”İnter”in prezidenti Bolqarıstan vətəndaşı 1 il 6 aydır ki, ölkədən çıxa bilmir. Yazıq başa düşə bilmir ki, onu burda niyə saxlayıblar.

Biz həm istintaqla əməkdaşlıq etdik, həm də cinayətin harda olduğunu göstərdik. Siz araşdırmadınız. Deyəcəksiniz ki, bu məsələnin sənə aidiyyəti yoxdur, amma birbaşa aidiyyəti var. Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon götürüb. Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə Bülənt Karanı gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz. Məhkəmədən xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.

Proses qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hakim deyib ki, iclasın tarixi barədə məlumat veriləcək.

Cahangir Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Cahangir Hacıyev və digər 7 şəxsin – Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank” ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Həmin şəxslər 211 milyonun manat pulu mənimsəməkdə təqsirli bilinirlər.

C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

Ana səhifəXəbərlərCahangir Hacıyev: Kişinin heyfini qadından almazlar