Vəkillər şikayətin yenidən işlənib hazırlanacağını deyirlər
Oktyabrın 12-də Ali Məhkəmədə Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyev və onunla birlikdə mühakimə olunan Azad Cavadovun kassasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Hakim İnqilab Nəsirovun sədrliyi ilə keçirilən iclasda məlum olub ki, C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev kassasiya şikayətinin yenidən işlənib hazırlanması üçün baxılmadan geri qaytarılması barədə vəsatət veriblər. Hakim bildirib ki, hər iki təqsirləndirilən şəxsdən də bu məzmunda vəsatət daxil olub. Məhkəmə onların vəsatətini təmin edib və şikayər baxılmadan geri qaytarılıb.
C.Hacıyev, Beynəlxalq Bankın Mərkəzi filialının direktoru vəzifəsində işləmiş Anar Sultanov, bankın mərkəzi filialının müdiri işləmiş İlqar Abdullayev, “İnter Security” MMC-nin direktoru işləmiş İbrahim Hüseynov, mərkəzi filialın direktoru işləmiş Yusif Ələkbərov, bankın nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda “AFB Bank”ın sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadov Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunub. C. Hacıyev 15 il, Azad Cavadov 10 il 11 ay, Yusif Ələkbərov 7 il 6 ay, İbrahim Hüseynov 6 il 5 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Məhkəmə təqsirləndirilən M.Cahangirovdan tutulmalı olan 1 milyon 200 min manat məbləğində mülki iddianı C.Hacıyevdən tutulması ilə bağlı qərar çıxarıb.
Hökmdən verilən apelaysiya şikayətləri təmin edilməyib.
Məhkəmə Məmməd Cahangirov barəsində 7 il 6 aylıq şərti cəza müəyyənləşdirib.