Cahangir Hacıyev: Həm kreditləri tələb edirlər, həm də o pulla yaranmış müəssisələri götürürlər

Ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var.

Source:


Vəkillər məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsini tələb edirlər

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin keçmiş rəhbəri Cahangir Hacıyev və daha 21 nəfərin məhkəməsi yekunlaşmaq üzrədir. İndi prosesdə sənədlərin tədqiqi mərhələsdir. C.Hacıyev və vəkilləri deyir ki, o sənədlər tapılıb tədqiq olunmadan ədalətli, obyektiv qərar çıxarmaq mümkün deyil.

İyunun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində C.Hacıyevin vəkilləri Fəxrəddin Mehdiyev və Aqil Layıc bir neçə vəsatət qaldırıblar. Vəkillər hesab edir ki, təkrar məhkəmə-mühasibatlıq ekspertizası keçirilməlidir. Onların sözlərinə görə, istintaq vaxtı keçirilən ekspertiza hərtərəfli, obyektiv olmayıb. Çünki istintaqı aparan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bütün lazımi sənədləri ekspertizaya təqdim etməyib. Vəkillər bildirir ki, Beynəlxalq Bankın kreditlərilə xaricdə də layihələr həyata keçirilib, müəssisələr yaradılıb. Lakin istintaq nədənsə, onları araşdırmayıb, ekspertizaya da bu barədə sənəd təqdim olunmayıb. Ona görə ekspert rəylərində bu məsələlər nəzərə alınmayıb.

"Ekspert rəylərində təsviri hissə ilə yekun rəy arasında ziddiyyətlər var. Təsviri hissədə kreditin hansı layihələrə köçürüldüyü göstərilir, nəticə hissəsində isə vəsaitin leqallaşdırıldığı qənaətinə gəliblər", – deyə vəkil Aqil Layıc bildirib.

Vəkillər "Aqrarkredit" QSC-nin 4 milyard 129 milyonluq mülki iddiasına da etiraz ediblər. Vəkil Fəxrəddin Mehdiyev bildirib ki, Beynəlxalq Bankın kreditləri hesabına yaradılan müəssisələr kredit ödənilmədiyinə görə "Aqrarkredit"ə verilib. İndi isə "Aqrarkredit" həm həmin müəssisələrə sahib olub, onlardan gəlir götürür, həm də o müəssisələrin yaradılmasına sərf olunan kredit məbləğlərini geri tələb edir, bununla bağlı mülki iddia qaldırır.

Vəkil həmçinin bildirib ki, məhkəmə istintaqında sənədlərin tədqiqi mərhələsinə qədər "Aqrarkredit"ə transfer edilmiş müəssisələrin mövcud vəziyyəti, texniki, iqtisadi göstəriciləri, avadanlıqların həcmi, dəyəri kimi məlumatlar alınmalıdır. İşin bütün hallarının araşdırılması üçün bu zəruridir. Müdafiəçi məhkəmədən sorğu verib həmin məlumatların alınmasını istəyib.

C.Hacıyevin vəkillərinin daha bir vəsatəti isə Vergilər Nazirliyinin ona qarşı 1.7 milyon manatlıq mülki iddiasının rədd edilməsi olub. Vəkillər bildirib ki, Vergilər Nazirliyi təqsirləndirilən şəxslər arasında olan Dünyamin Xəlilova qarşı da vaxtilə eyni iddianı qaldırmış, onun haqqındakı hökmdə onu təmin etmişdi. Vergilər Nazirliyi artıq qüvvəyə minmiş məhkəmə hökmüylə təmin olunan mülki iddianı indi C.Hacıyevə qarşı qaldırır: "Bu mülki iddia yolverilməzdir və təmin oluna bilməz".

Məhkəmənin bu vəsatətlərə münasibəti məlum deyil. Çünki hələ heç prokuror öz fikirini bildirməyib, bunun üçün məhkəmədən vaxt istəyib.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. O, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. C.Hacıyev Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsində təqsirli bilinib.

Hazırda həmin məhkəmədə onun haqqındakı ikinci cinayət işi üzrə araşdırmalar gedir. Ona və digər təqsirləndirilən 21 nəfərə qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham irəli sürülüb. C.Hacıyevə mənimsəmədən əlavə, sənədlərin saxtalaşdırılması, vergidən yayınma, cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılması kimi ittihamlar da verilib.

Lakin o, özünü təqsirli bilmir.

Ana səhifəXəbərlərCahangir Hacıyev: Həm kreditləri tələb edirlər, həm də o pulla yaranmış müəssisələri götürürlər