Cahangir Hacıyev: Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir

”Nazirin maliyyə siyasəti olsaydı, manat acınacaqlı duruma düşməzdi”

Source:
Cahangir Hacıyev və Samr Şərifov
Cahangir Hacıyev və Samr Şərifov


”Nazirin maliyyə siyasəti olsaydı, manat acınacaqlı duruma düşməzdi”

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev barəsində səsləndirilən ittihamlarla bağlı ictimaiyyətə müraciət edib.

O, ittihamları cavablandırmaqla yanaşı, ölkənin maliyyə sektorunun hazırki durumunda Maliyyə Nazirliyini günahkar sayıb. C.Hacıyevin mediada yaydığı müraciətində deyilir:

“Son günlər mətbuatda mənim ünvanıma böhtan və iftiraların yeni dalğası başlayıb. Böhtan və iftiranın icraçılarının – dostlarına, əqidəsinə dönüklüyünə görə, nankorluğun “simvoluna” çevrilənlərin adını belə çəkməyi özümə rəva görmürəm. Nankorluq, namərdliklə yaşayanlar həyatdakı ən yazıq insanlardır.



“Nazirin maliyyə siyasəti olsaydı…”

Lakin, bu kampaniyanın sifarişçisi haqqında danışmaya bilmərəm. Ona görə ki, bu, şəxsi məsələ deyil.

Yazıların sifarişçisi heç bir maliyyə siyasəti, eləcə də iqtisadi-maliyyə təhsili olmayan maliyyə naziridir. Əgər nazirin maliyyə siyasəti olsaydı, milli valyutamız belə acınacaqlı duruma düşməzdi.



“Manatın ucuzlaşması davam edir”

Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir. Harada, nə vaxt belə yarıtmaz devalvasiya keçirilib? Gəlin, başqa ölkələrin təcrübəsinə baxaq:

Qazaxıstanda 24 faiz, Gürcüstanda 30 faizə qədər, Ermənistanda 20, Rusiya Federasiyasında 45 faiz olsa da, sonradan görülən tədbirlər nəticəsində devalvasiya 15 faizdə qərarlaşdı. Bizdə isə 100 faizdən də yuxarı oldu və acınacaqlısı budur ki, manatın ucuzlaşması davam edir. Halbuki, qeyd etdiyim ölkələrdə onların valyutaları devalvasiyadan sonra sabitləşib.



Haradadır Maliyyə Nazirliyinin iqtisadi-təhlükəsizlik siyasəti?

Milli valyutanın möhkəmliyi, sabitliyi, ölkənin iqtisadi təhlükəsizliyinin qarantıdır. İqtisadi təhlükəsizlik Maliyyə Nazirliyinin əsas fəaliyyətidir. Devalvasiyanın müəllifi olan maliyyə naziri prosesi hansı iqtisadi qanunlar və meyarlar əsasında aparıb? Bu, təxribat deyilmi?

Vaxtilə Beynəlxalq maliyyə və bank sistemi ixtisası üzrə REA Akademiyasında, Abalkinin rəhbərlik etdiyi İqtisadiyyat İnstitutunun iqtisadiyyat üzrə namizədlik elmi dərəcəsini müdafiə etmişdim. Elmi rəhbərim akademik B.Sençaqov idi. O, iqtisadi təhlükəsizlik haqqında bir çox kitab və dərsliklərin, elmi məqalələrin müəllifidir. Hər bir ölkənin milli təhlükəsizliyinin əsasında iqtisadi təhlükəsizlik dayanır. Milli təhlükəsizliyin isə təsnifat tərkibi belədir:


1-ci maliyyə təhlükəsizliyi;


2-ci enerji təhlükəsizliyi;


3-cü müdafiə təhlükəsizliyi;


4-cü isə müdafiə sənayesi təhlükəsizliyidir.

Göründüyü kimi, maliyyə təhlükəsizliyi birinci yerdə qərarlaşır. Əfsuslar olsun ki, maliyyə təhlükəsizliyinə cavabdeh olan Maliyyə Nazirliyinin bu təhlükəsizliyi təmin etmək barədə heç bir təsəvvürü yoxdur.



“2 ildir istintaq gedir, məhkəmə prosesinin birinci mərhələsi başa çatıb”

Qəribədir ki, milli valyutanın hər bir devalvasiya mərhələsində mənim var-dövlətim haqqında şou məlumatlar başlanır, cinayət işləri start götürür və s.

Başqa bir qəribəlik ondan ibarətdir ki, iki ildir istintaq gedir, məhkəmə prosesinin birinci mərhələsi başa çatıb. Ancaq Londondakı lordlar məhəlləsindəki bahalı malikanələrim, təyyarələrim, offşor zonalarındakı pullarım haqqındakı şaiyələr şaiyə olaraq qalıb. Real aləmdə bunları tapan və görən yoxdur.



“Bankların yaranan zərərlərini də mənə aid edirlər”

2015-ci ilin fevralında maliyyə nazirinin təklifi ilə manatın ilk devalvasiyası keçirildi. Devalvasiyanın miqyası, ölçüsü, bankların və əhalinin buna hazırlanmaması bank sektorunu çökdürür, insanlara ağır təsir edir. Həmin devalvasiyada Azərbaycan Beynəlxalq Bankı (ABB) kapitalının ən azı 20-25 faizini (130-150 mln AZN) itirə bilərdi. Lakin ABB menecmenti tərəfindən görülən tədbirlər nəticəsində, bu itki 7 milyon manat oldu. Hər halda, ağır itkinin qarşısını ala bildik. 7 milyon manat qaçılmaz itki isə səriştəsiz devalvasiyanın qurbanı oldu. Halbuki, bu zərəri də mənə aid edirlər.

Cahangir Hacıyev (illüstrasiya)

2015-ci ilin martında mən istefa ərizəsi yazaraq bankın rəhbərliyindən uzaqlaşdım. Maliyyə Nazirliyi və ABB-nin yeni rəhbərliyi bankda külli miqdarda kredit qalmaqalı ilə bağlı yazıları təhrif edilmiş formada mətbuata çıxardı, BMCMİ-də cinayət işi başladı, çoxlu sahibkarlar həbs edildi, minlərlə vətəndaşa ölkəni tərk etmək qadağası qoyuldu, minlərlə iş yerləri bağlandı, Beynəlxalq Bankın maliyyələşdirdiyi layihələr iflic oldu, bankın və layihələrin idarəçiliyində xaos yarandı və kreditlərin ödənməsi dayandı. Nəticədə, bankların yaranan zərərlərini hazırda mənə aid edirlər.



“Əvvəl 1 milyard, sonra 3, daha sonra 6, indi də 10-20 milyardlıq nağıl danışırlar”

Beləliklə, hər devalvasiya vaxtı yaranan zərərlər mənim ünvanıma aid edilir. Rəqəmlərdə silsilə artım davam edir. 1 milyard manat, sonra 3 milyard, 6 milyard manat, indi də 10-20 milyard manat nağılı işə düşüb. Gəlin xronologiyaya baxaq:

Birinci devalvasiya 2015-ci il fevralın 21-də oldu. ABB menecmentinin tədbirləri nəticəsində bank kapitalını qoruyur, dayanıqlığını təmin edir. 2015-ci ilin martında maliyyə naziri tərəfindən dövlət başçısına ABB-də kredit və kapital itkiləri barədə yanlış məlumat verildi. Bankın rəhbəri istefa verdi, mətbuatda 1-3 milyard manat pul itkisi haqqında məlumatlar yer aldı, BMCMİ-də cinayət işi qaldırıldı, yüzlərlə sahibkar, bank işçiləri həbs edildi, minlərlə vətəndaşın ölkədən çıxışına məhdudiyyətlər qoyuldu, minlərlə iş yeri bağlandı, layihələr, kredit ödəmələri dayandı, bank real zərərlə üz-üzə qaldı. Həmin zərərlər də mənə aid edilir.




“Devalvasiyanın üçüncü dalğası qaçılmazdır”

2016-ci il may-iyun aylarında manatın növbəti devalvasiya dalğası oldu. Mətbuatda kredit itkiləri 6 milyard manat göstərildi və sonra nə baş verdi? Dövlət zəmanəti ilə Mərkəzi Bankdan 7 milyard manat, eyni zamanda Neft Fondundan 1 milyard ABŞ dolları ABB-yə verildi. Mənə və bir qrup bank işçisinə tələsik ittiham verildi, iş tələsik məhkəməyə göndərildi, məhkəmə mənə və digərlərinə ağır cəza hökmü oxudu.

Hər gün manat uzulaşır. Devalvasiyanın üçüncü dalğası qaçılmazdır. Mətbuatda yenidən kredit itkilərinin rəqəmləri 10-20 milyarda qaldırılır. Mənə yeni ittiham verilir. Bu, lap sinxron qadın üzgüçülüyü idman növünə bənzəyir, əhsən! Tanrı bizi növbəti devalvasiyalardan, məni isə üçüncü ittihamdan qorusun!



“Bağlanan 11 bankın da günahkarı mənəm?”

Şaiyələrə cavab olaraq bildirirəm ki, ABB-nin aktivləri orta hesabla 6 milyard dollar təşkil edirdi. Onun 70 faizi dövlət və dövlət sifarişlərini icra edən təşkilatlara verilən kreditlər olub. Özəl müəssisələrin layihələrinə yönəldilən investisiyaların payı təxminən 2 milyard dollar təşkil edirdi. Həmin vəsait sırf layihələrə sərf edilib. Bu da manatın məzənnəsinə və infilyasiyaya heç bir təzyiq edə bilməzdi. Manata və infilyasiyaya təsir edən faktorlardan biri rəsmi dövriyyədən, yəni bank sistemindən kənar qalan pul kütləsidir və bunun əsas mənbəyi Maliyyə Nazirliyidir.

Yarıtmaz devalvasiya nəticəsində 11 bank bağlanıb. Məgər bunun da günahkarı mənəm? Əhalinin banklardakı əmanətlərinin çox hissəsi batıb. Əmanətlərin Sığortalanması Fondunda vəsait çatışmazlığından Mərkəzi Bankdan 500 milyon manat götürmək məcburiyyətində qalıb. Məgər bunun da günahkarı mənəm?

ABB özəl layihələrə qoyulan investisiyaları 2 milyard dollar, xarici banklardan cəlb olunmalar üzrə 1-1,5 milyard dollar təşkil etdiyi təqdirdə, dövlətdən 7 milyard manat, Neft Fondundan isə 1 milyard götürülən dollar vəsait hara sərf olunur? Məgər bunun da günahkarı mənəm?!



“Xarici banklardan ölkəyə valyuta axını dayanıb”

Ölkəyə valyuta daxilolmalarının yolları üç istiqamətdən ibarətdir: Neft, qaz satışından daxilolmalar, qeyri-neft sektorunun fəailiyyətindən daxil olan valyuta və xarici banklardan cəlb olunan valyuta. Vaxtilə ABB ölkəyə xarici banklardan valyuta cəlb olunmalarını təmin edir, manata olan təzyiqi azaldır, valyuta bazarını tənzimləyirdi. Hazırda ABB həmin funksiyanı itirib. Çünki yarıtmaz devalvasiyanın ağır təsiri, bankların kütləvi bağlanması, banklar arasında rəqabətin olmaması, bank sektorundakı menecmentlərin işdən çıxarılması və ya kütləvi həbsi, xarici bankların Beynəlxalq Banka və maliyyə strukturlarına ehtimad indeksini sıfıra endirib. Ona görə də xarici banklardan ölkəyə valyuta axını dayanıb. Bunun günahkarı məgər mənəm?!

Yaranmış vəziyyətdə milli və xarici valyutanın kəskin qıtlığı yaranıb. Valyuta bazarını tənzimləməyə cavabdeh olan Maliyyə Nazirliyinin bu fəaliyyəti təxribat deyilmi? Kəskin valyuta çatışmazlığı şəraitində hansı iqtisadi inkişafdan söhbət gedə bilər. Məgər bunun da günahkarı mənəm?



“ABB və mənim haqqımda həqiqət yox, şaiyələr gəzir”

Qeyri-neft sektorunun inkişafı ABB-nin həmişə prioritet istiqaməti olub. ABB-nin investisiyaları hesabına xeyli kənd təsərrüfatı obyektləri yaradılıb və hazırda ölkəyə xidmət edirlər. Hərçənd hazırda, bu obyektlərdən danışarkən ABB-nin adını unudurlar. Bu uğurlar çox ola bilərdi, təkcə bir faktı deyim ki, 10 il bundan əvvəl baramaçılığın inkişafı haqqında ABB-nin tərtib etdiyi dövlət proqramı Nazirlər Kabinetində illərdir hərəkətsiz qalır.

Ümumiyyətlə, ABB və mənim haqqımda həqiqət yox, şaiyələr gəzir. İstintaqda və məhkəmədə həqiqəti aşkar etmək üçün göstərdiyimiz cəhdlər heç bir nəticə vermir. Ona görə də ictimaiyyətə müraciət edirəm, gəlin, nəhayət ki, səmimi olaq, məgər bütün bunlarda mənəmmi günahkar?




“Haradadır həmin pullar?”

Və nəhayət, mən şaiyələrə rəqəmlərlə cavab vermək istəyirəm. Beynəlxalq Bankda işlədiyim dövrlərdə bank hər ili xalis gəlirlə başa vurub. 2014-cü ilin hesabatına görə, Beynəlxalq Bankın xalis gəliri 40 milyon manat olub.

Gəlin indiki vəziyyətə baxaq: 2015-ci ilin yarım ilində Beynəlxalq Bankın xalis zərəri 197 milyon manat, 2016-ci ilin yarım ilində isə 323 milyon manat, eyni zamanda bankın 125 milyon manat kapital itkisi olub.

Məni ittiham edirlər ki, 2 milyard manatı riskli layihələrə qoymuşam və həmin məbləğdə zərər vurmuşam.

Halbuki, həmin layihələrin hesabına Beynəlxalq Bank hər ili xalis gəlirlə başa vurub. Biz bankdan uzaqlaşdırıldıqdan sonra həmin layihələrin təsisçiləri, benefisiyaları dəyişdirildi, nəticədə layihələr iflic oldu. Həmin layihələri sağlamlaşdırmaq adı ilə Beynəlxalq Banka Mərkəzi Bankdan 7 milyard manat, Neft Fondundan 1 milyard dollar verildi. İndi sual olunur: haradadır həmin pullar?



“Rəqəmləri inkar etmək olmaz”

Biz dövlət büdcəsindən heç bir vəsait götürmədən hər ili xalis gəlirlə başa vururduq. Beynəlxalq Bank hazırda isə göstəridiyim külli miqdarda vəsaiti nəğd formada almasına baxmayaraq, ili xalis zərərlə başa vurur. Axı rəqəmləri inkar etmək olmaz. Bir məşhur siyasətçinin belə bir ifadəsi var: “Bir şəxsi həmişə aldatmaq olar, bir neçə şəxsi müəyyən vaxta qədər aldatmaq olar, hamını həmişə aldatmaq olmaz. Ona görə gəlin səmimi olaq, həmin suallar haqqında birlikdə düşünək”.

Ana səhifəXəbərlərCahangir Hacıyev: Devalvasiya siyasətinin müəllifi maliyyə naziridir