Keçmiş bankir deyir ki, onlar da 2015-ci ildə “Aqrarkredit”in balansına verilib
“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin həbsdə olan keçmiş rəhbəri Cahangir Hacıyev iki dostu – keçmiş deputat, “General Construction” şirkətinin rəhbəri Dünyamin Xəlilov və Bakı Fındıq Emalı zavodunun rəhbəri olmuş Azad Cavadovun məhkəməsində şahid qismində dindirilməliydi.
Lakin o, məhkəməyə ərizə göndərib və orada sağlamlığıyla bağlı problemlər olduğunu, bu səbəbdən iştirak edə bilməyəcəyini göstərib.
Ona görə də noyabrın 13-də Dünyamin Xəlilov və Azad Cavadovun məhkəməsində Cahangir Hacıyevin bu iş üzrə şahid qismində istintaqa verdiyi ifadə elan olunub.
Azad Cavadov və Dünyamin Xəlilovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrlik etdiyi, Səbinə Məmmədzadə və Azad Məcidovdan ibarət hakimlər kollegiyası baxır.
Onlar Cahangir Hacıyevlə dostluq münasibətlərindən yararlanaraq, Beynəlxalq Bankdan müxtəlif adamların adına ümumilikdə 6.6 milyon manatlıq kredit götürüb mənimsəməkdə ittiham olunurlar.
Lakin bu iş üzrə məhkəmədə zərərçəkmiş qismində tanınan Beynəlxalq Bankın nümayəndəsi bildirib ki, onlar 6.6 milyon manatla razılaşmırlar. Hesab edirlər ki, ittihamda dəymiş ziyanın məbləği 17 milyon 765 min manat olmalıdır.
“Aqrarkredit” QSC-nin nümayəndəsi də bu məhkəmədə mülki iddiaçı qismində iştirak edib.
Nümayəndə bildirib ki, “Aqrarkredit” Beynəlxalq Bankın problemli kreditlərini ödəyib. Bundan sonra ödəniləcək vəsait “Aqrarkredit”ə çatmalıdır.
“Aqrarkredit”in nümayəndəsi də ittihamda dəymiş ziyanın məbləğinin 6.6 milyon yox, 17 milyon 765 min göstərilməsini istəyib.
Lakin məhkəmə özü ziyanın məbləğini artıra, ittihamı ağırlaşdıra bilməz. Bu məsələyə yalnız işin məhkəmədən istintaqa geri qaytarılması yoluyla istintaqda baxıla bilər. Ona görə prokuror da Beynəlxalq Bankın və “Aqrarkredit”in nümayəndəsinin dediklərilə razılaşmayıb.
Noyabrın 13-də məhkəmədə bir sıra şahidlər dindirilib. Onların arasında Cahangir Hacıyevin sürücüsü işləmiş Aydın Mehdiyev də vardı.
O, ifadəsində bildirib ki, bankın Suraxanı filialından adına kredit ayrılıb. Kredit ayrılması haqda sənədləri imzalasa da, bankdan pul almayıb.
“Bildiyimə görə, o kredit Əhmədlidəki tikinti işlərinə sərf olunacaqdı”, – Aydın Mehdiyev bildirib.
Keçmiş deputat Dünyamin Xəlilovun rəhbərlik etdiyi tekstil fabrikində fəhlə işləmiş Abuzər Əliyev məhkəmədə bildirib ki, adına 500 min manat kredit rəsmiləşdirilib.
Onun sözlərinə görə, bu, 2010-cu ildə baş verib. Həmin vaxt bir həftə imiş ki, “İntertekstil”də işləyirmiş:
“Mənə dedilər ki, şəxsiyyət vəsiqəni götür, get, sənədlərə qol çəkəcəksən. Mən də getdim. Heç bilmədim ki, adıma kredit ayrılması barədədir. 2015-ci ildə özüm üçün kredit götürmüşdüm, vaxtında ödəmişdim. Sonra xəstə uşağımı Gürcüstana aparanda sərhəddə saxladılar, məni Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə apardılar. Orada bildim ki, adıma 500 min kredit götürülüb, amma ödənilməyib”.
Daha bir şahid Alisa Klimenko bildirib ki, onun adına 186 min kredit rəsmiləşdirilib:
“Mən 300 manat maaş alırdım. Bu maaşla mənə heç 1000 manat kredit verməzdilər. Özləri tapşırmışdılar, mən də gedib qol çəkmişdim. Amma mən o pulu görməmişəm, götürməmişəm…”
Daha sonra istintaqda dindirilmiş, lakin məhkəməyə gəlməyən şahidlərin iş materiallarındakı ifadələri elan olunub. Onların arasında Cahangir Hacıyev də olub.
Cahangir Hacıyev istintaqa ifadəsində bildirib ki, 2015-ci il dekabrın 4-dən həbsdədir.
Beynəlxalq Bank işi üzrə iki dəfə məhkum edilib. Birinci dəfə 2016-cı ildə 15 il cəza verilib. İkinci dəfə 2019-cu ildə cəzası 16 il 3 aya qədər artırılıb. Lakin özünü təqsirli bilmir.
O, ifadəsində göstərib ki, rəhbərliyi dövründə Beynəlxalq Bankdan müxtəlif adamların adına böyük məbləğdə kreditlər ayrılıb.
Onun sözlərinə görə, həmin kreditlər mənimsənilməyib, müxtəlif layihələrə yönləndirilib – müəssisələr açılıb.
Nəzərdə tutulub ki, 8 il ərzində həmin müəssisələrdən gələn gəlirlər hesabına kreditlər ödəniləcək:
“2015-ci ildə “Aqrarkredit” QSC yaradılandan sonra həmin müəssisələr də bu qurumun balansına keçdi. Ona görə də həmin kreditlərin ödənilməməsinə görə “Aqrarkredit” məsuliyyət daşıyır”.
Cahangir Hacıyev 2001-2015-ci illərdə Beynəlxalq Bankın İdarə Heyətinin sədri olub.
O, 2015-ci ilin aprelində bankın rəhbəri vəzifəsindən uzaqlaşdırılıb.
Dünyamin Xəlilov və Azad Cavadovun məhkəməsi dekabrın 4-də davam edəcək.
Dünyamin Xəlilov və Azad Cavadov bundan əvvəl də Beynəlxalq Bank işiylə əlaqədar mühakimə olunub və uzun müddətdir ki, həbsdədir.
Bundan əvvəlki məhkəmələrində Azad Cavadova 10 il 6 ay, Dünyamin Xəlilova isə 14 il 6 ay həbs cəzası kəsilib. Lakin onlar həmin məhkəmələrində də özlərini təqsirli bilməyiblər.
Cahangir Hacıyev birinci dəfə mühakimə olunanda Azad Cavadovla, ikinci dəfə məhkəmədə isə Dünyamin Xəlilovla birlikdə hakim qarşısına çıxarılmışdı.