Çadırda övladlarına dərs keçən ata

“Havalar şaxtalı keçir. Qar yağsa, nə edəcəyimizi bilmirik. İstilik yox, işıq naqilini də ordan-burdan çəkib çadıra gətirmişəm. Çadırın parçasının qalınlığı 2 santimetrdir. Soyuqdan donuruq. Gecələri yatmırıq ki, çadır parçadandır, naqildə bir qısaqapanma olar, alışar, qalarıq altında, məhv olarıq”.

Şabranın Xırdaoymaq kəndinin sakini Azad Alışovun evi ötən ilin martında yanıb. Daha dəqiqi, martın 28-də axşam saatlarında 2 mərtəbəli, 7 otaqlı ev əşyalarla birlikdə külə dönüb. Azad Alışov deyir, ev yanmazdan əvvəl qəzalı naqillərinin yenilənməsinə görə dəfələrlə əlaqədar qurumlara müraciət edib, ancaq nəticəsi olmayıb. Bir gün evdə oturub televizora baxdıqları yerdə naqillər alışıb. Ev sahibi yaxınlıqdakı kanaldan daşıdığı su ilə yanğının qarşısını almağa çalışsa da, mümkün olmayıb. Yanğının söndürülməsi üçün əraziyə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən briqadası cəlb olunub. Ancaq evi alovun ağzından almaq mümkün olmayıb. Alışovlar ailəsi yalnız canlarını xilas edə biliblər. Azad bəyin sözlərinə görə, uşaqların dəftər-qələmlərindən tutmuş həyat yoldaşının qızıllarına qədər hər şey yanıb:

“Bir cüt ayaqqabı da çıxara bilmədik. Qaldıq çöllərdə… Qohum, qonşu da 3-5 gün saxladı. Məktəbdə ocaqçı işləyirəm, maaşım vur-tut 55 manat 10 qəpikdir. Bu pul yavan çörəyimizə də çatmır. Bildim ki, ev qura bilməyəcəm, məcbur qalıb çadır qurdum, o gün – bu gün, çöllərdə yaşayırıq”.

Azad Alışov ailəsini çadıra yığandan sonra başlayıb dövlət idarələrinin qapılarını döyməyə… Qurumlar ona yanmış evin yerində tezliklə yenisini tikəcəklərini vəd ediblər. Bir günsə əraziyə yerli icra hakimiyyətinin ağır texnikası gətirilib və yanmış evin qalıqları da sökülüb:

“Evi sökənə qədər deyirdilər, narahat olma, birtəhər başını dolandır, yaxın vaxtlarda ev tikib verəcəyik. Sonra da buldozer gəldi, yanmış evimin qalıqlarını sökdü, evin yerini şumladılar. Sonra da 10 kisə sement, bir maşın qum, 200 manat pul verib verdilər, dedilər, bundan o tərəfə özün başının çarəsini tap. 4 il əvvəl mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün ayrılmış torpaq sahəsində evin özülünü tikmək istədim. Ancaq verilən tikinti materialı və pul çatmadı, özül də yarımçıq qaldı. İndi hara gedirəmsə, heç bir məmura yaxın düşə bilmirəm”.

7 yaşlı Mələk, 6 yaşlı Fuad və 3 yaşlı Nihad qışın şaxta-sazağının “dadını” atalarının qurduğu çadırda çıxarır. Mələklə Fuad maddi imkansızlıqdan və qurulan çadırın məktəbdən xeyli aralıda olması üzündən dərsə getmir. Ata onlara elə çadırdaca dərs keçir:

“Uşaqlara elə çadırdaca yazıb-oxumağı öyrədirəm. Məktəbə getməyə nə geyimləri var, nə dərs ləvazimatları… Çadırın bir divarını uşaqlara ayırmışam, lövhə kimi istifadə edirik, hərfləri, rəqəmləri yazırıq, cümlə qururuq… Axırımız necə olacaq, bilmirik”.

A.Alışov deyir ki, çadırda yaşamağın başqa çətinliyi də odur ki, köməksiz uşaqları və həyat yoldaşını təkbaşına qoyub işə gedə bilmir. Onları tez-tez çadırın ətrafında dolaşan çaqqallardan, tülkülərdən qorumaq üçün keşik çəkir.

O, indi son çıxış yolunu ölkədən getməkdə axtarmağa başlayıb:

“Sabah mən bu dözülməz vəziyyətdən çıxmaq üçün balalarımı da götürüb ölkədən çıxa da bilərəm. Axı bu dövlət vətəndaşlarını günbəgün itirməklə nə qazanır? Sabah müharibə qızışsa, hökumət orduya göndərməyə ölkədə adam tapmayacaq. Hərəni bir cür ölkədən didərgin salırlar. Gedəndə özümlə gələcəyin iki əsgərini – oğlanlarımı da aparacam. Çadırda əl-ayağı donan, yüksək hərarətdən dil-dodağı çatlayan bu körpələrə yazıqları gəlmirmi? Gələcəkdə nə üzlə bu çadırın olmayan qapısına gəlib məndən torpağı qorumağa oğul istəyəcəklər?.. Bunlar nə yeyib-içib vətəndaşla belə davranırlar, anlamıram”.

Ata deyir ki, uşaqları tez-tez xəstələnir, əsasən ciyərləri sıradan çıxıb. Bu üzdən də yanvarın 17-də onları növbəti dəfə Xaçmaz Mərkəzi Xəstəxanasına yerləşdirib. Elə çadırın xanımı da qışın soyuğunda sağlamlığını itirib.

Azad Alışovun istədiyi odur ki, hökumət tezliklə ya onları çadırdan bir evə yığsın, ya da ev tikintisinə köməklik göstərsin, azyaşlıların məktəbə getməsi üçün yardım olunsun. O, bu istəklərini bir müddət əvvəl Şabranda vətəndaşlarla görüşən fövqəladə hallar naziri Kəmaləddin Heydərova, Bakıya – qəbuluna gəldiyi Prezident Administrasiyasının şöbə müdiri Zeynal Nağdəliyevə və başqa məmurlara da bildirib. Deyir ki, eşitdiyi yalnız boş vədlər olub.

Şabran Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Azad Alışova müəyyən köməkliklər olunub. Ancaq qurumun belə məsələlərə görə büdcəsi olmadığından ailəyə ev tikilməsi üçün lazımi köməklik edə bilmirlər:

“Özünün torpağı var, dedi, ev tikmək istəyir, qurum da gücü nəyə çatır etdi, pul, sement, qum verildi… İmkan olar, yenə köməklik olunar”.

Hələlik isti xəstəxana otağında müalicə olunan balaca Mələk, Fuad və Nihad oranı tərk edəndən sonra yenə də soyuq çadıra qayıdacaqlar. Məktəb partası arxasında oturub dəftərə yazmalı olduqları çalışmalarını yenə 2 santimetrlik qalınlığı olan çadırın divarlarına yazacaqlar.

Ana səhifəVideoÇadırda övladlarına dərs keçən ata