“Cənubi Qafqaz ölkələrinin Kremlin imperalizmindən xilası Cənubi Qafqaz Evinin yaradılmasından keçir”

Ruslan İzzətli

Ruslan İzzətli. İllüstrasiya: Meydan TV

III Respublika Platformasının qurucu heyət üzvü Ruslan İzzətli Kürdəxanı İstintaq Təcridxanasından yazır

Parlamentin ilk spikeri Əlimərdan bəy Topçubaşov 18 avqust 1924-cü ildə dövlətimizin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə yazırdı ki, ruslar olmasa Qafqaz xalqları həmişə bir-birini doğrayacaqmış. Ümumiyyətlə, ruslar bu xalqların qarşlıqlı düşmənçiliyi və ədavəti haqqında hər cür uydurma yaymaqda davam edirlər…”

XX əsrin əvvəllərində rus imperalizmindən əziyyət çəkən Cənubi Qafqaz ölkələri eyni siyasətin yenə də təsiri altındadırlar. Rus imperalizmi özünü yalnız hərbi gücdən yox, yumşaq gücdən istifadə edərək də göstərir. Bu gün Şərqi Avropada, Cənubi Qafqazda rus imperalizminin təsiri altında olan siyasətçilər, media quruluşları kifayət qədər aktivdir.

Cənubi Qafqazın hər üç ölkəsinin siyasi mənzərəsini göz önünə gətirdikdə Kremldən idarə olunan siyasi fiqurları aydın görə bilərik. Məqsədləri Cənubi Qafqazın avro-atlantik məkana inteqrasiya etməsinin qarşısını almaqdır. 

Hər üç Cənubi Qafqaz ölkəsində millətçi, populist çıxışların aktivləşməsi Qafqaz xalqları arasında həmrəyliyin qarşısını almaqla yanaşı Kremlin bölgədə möhkəmlənməsinə xidmət edir. 

2008-ci ildə Gürcüstan ərazisini işğal edib qondarma rejimlər yaradan, Ermənistan və Azərbaycanı təsir altında saxlamaq üçün Qarabağ kartından istifadə edən Kreml imperializmindən qurtulmaq üçün nə etməliyik? Xarici siyasət strategiyamız necə olmalıdır?

Beynəlxalq münasibətlərdə baş verən dalğalanmalardan təsirlənib “mövsümi müttəfiqlik” siyasəti nə hakimiyyətin, nə də ölkəmizin strateji maraqlarına uyğun deyil.

İkinci Qarabağ Müharibəsindən sonra strateji müttəfiqlik müqaviləsi imzaladığımız Rusiyanın 2024-cü ildə mülki təyyarəmizi vuraraq onlarla vətəndaşımızın həlakına səbəb olmasına baxmayaraq, Kremlin hələ də susmasını yəqin ki, unutmamısınız. 

Azərbaycan olaraq maraqlarımıza uyğun müxtəlif dövlətlərlə iki tərəfli və çox tərəfli müqavilələr imzalamalıyıq. Amma xarici siyasətimizə strateji olaraq Cənubi Qafqaz Evi pəncərəsindən baxmalıyıq.

Cənubi Qafqaz ölkələrinin avro-atlantik məkana inteqrasiyası, Kremlin imperializmindən xilası Cənubi Qafqaz Evinin yaradılmasından keçir. 

Cənubi Qafqaz Evi ideyasını XX əsrin əvvəllərində Ə.Topçubaşov və M.Ə.Rəsulzadə hər üç Cənubi Qafqaz ölkəsinin Rusiya tərəfindən işğalından sonra daha çox qabartdılar. Qurucu babalarımızın ideyası bu gün də aktuallığını qoruyur.

Cənubi Qafqaz Evinin yaranmasının sürətlənməsi təbii ki, hər üç ölkədə legitimliyi xalqdan alan, demokratik iqtidarlardan asılıdır. 

İkinci Qarabağ Müharibəsindən sonra hər üç ölkənin Avropa Birliyi modelində ittifaq qurması daha da real görünür.

Ortaq iqtisadi, siyasi, sosial və mədəni ittifaq bölgənin təhlükəsizliyini daimi edəcək. Hər üç Cənubi Qafqaz ölkəsi coğrafi mövqeyə görə daimi təhlükəsizliyə, stabilliyə fərdi yox, kollektiv siyasi düşüncə ilə nail ola biləcək. Əks halda avro-atlantik məkana fərdi inteqrasiya cəhdi, Kremlin hərbi və ya yumşaq gücünün təsiri ilə nəticələnəcək. 

Gürcüstan 2008-ci ildə yaşadıqlarını, bu gün Kreml mövcud vəziyyətinə görə reallaşdıra bilməsə də, Tbilisidə və Yeravanda Kremlə yaxın siyasətçilərin verdikləri qərarlar , açıqlamalar avro-atlantik məkana inteqrasiyanın tam qarşısını almasa da, ciddi irəliləyişlərin olmadığını da görürük.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan ərazi bütövlüyünü,suverenliyini bərpa etdi. Artıq maraqlarımız bölgədə stabilliyin və təhlükəsizliyin qorunmasıdır. Tarixi nostalgiya ilə yaşayıb, millətçi və populist siyasi mesajlar xalq olaraq nə dövlət, nə də regional marağımıza uyğundu.

Azərbaycan Qafqaz Evinə ev sahibliyi etməlidir. Bütün formalarda buna potensialımız çatır. Dövlət olaraq büdcəmiz və enerjimiz nəticəsi olmayan, maraqlarımıza xidmət etməyən hər hansısa təşəbbüs qruplarına yox, Cənubi Qafqazda daimi sülhün, stabilliyin və rifahın hakim olmasına yönəldilməlidir. 

Sonda fikrimi dövlətimizin qurucusu M.Ə.Rəsulzadənin 7 dekabr 1918-ci ildə parlamentimizin açılış nitqində Rusiyaya münasibəti haqda fikirləri ilə bitirirəm:

“Bizim Rusiya xalqına qarşı heç bir düşmənçiliyimiz və nifrətimiz yoxdur. Rusiyaya qarşı nifrət Rusiyada diktatura altında əzilən xalqa nifrət demək deyil. Hər bir millət müstəqil və azad olmalıdır. Azad olduqdan sonra digər millətlərlə müstəqil şəkildə ittifaqa girməlidir. Biz Rusiya iqtidarının gerçək rus demokrasisinin əlinə keçməsini istəyirik…”.

Ana səhifəHəbsxanadan məktublar“Cənubi Qafqaz ölkələrinin Kremlin imperalizmindən xilası Cənubi Qafqaz Evinin yaradılmasından keçir”