22:00
Milli Şuranın sədri Cəmil Həsənli şahid qismində ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Bu haqda o, özü Meydan TV-yə məlumat verib.
“Mən DTX-ya öz xoşumla getməmişdim, “Ramiz Mehdiyev işi” ilə bağlı çağırmışdılar. Vəkilim Bəxtiyar Hacıyevlə getdim. Üç saata yaxın ifadəmi aldılar. Oradan saat 20:00 radələrində çıxdım. Suallar verdilər, nəsə qeydlər apardılar. Milli Şura ilə bağlı da bəzi suallar verdilər. İfadə verən zaman qeyd etdim ki, Ramiz Mehdiyevin qılıncının dalının da, qabağının da kəsən vaxtlarında məndən çox onun əleyhinə yazan olmayıb. Ümumilikdə isə ifadəmin alınmasından belə başa düşdüm ki, mənə qarşı ciddi bir şey yoxdur”, – Cəmil Həsənli deyib.
Dindirilmənin təfərrüatları ilə bağlı Cəmil Həsənli özünün “Facebook” səhifəsində paylaşdığı postda yazıb:
” Ziyalılar Forumu, Milli Şura, Rusiyada milyarderlər ittifaqı, 2013-cü ilin prezident seçkiləri, prezident seçkilərinə namizəd göstərilməyim və sair məsələlərlə bağlı maraqlandılar. Mən də müvafiq qaydada cavablar verdim, dəqiqləşmələr apardım. Tez-tez Ziyalı Forumu və Milli Şuranın haradan maliyələşməsi ilə maraqlanırdılar. Mən də bildirdim ki, maliyyə olub ki, haradan maliyyələşmə də olsun. 3 saat yarım belə mənasız məsələlər ətrafında söhbətimiz oldu”.
14:33
Milli Şuranın sədri Cəmil Həsənli Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) şahid qismində dəvət edildiyini bildirib. O, evində axtarış aparılacağını da istisna etmir.
“Evimizdə heç bir şübhəli sənəd yoxdur. Hamısı öz yazı-pozularımdır. Hansısa şübhəli sənəd və vəsait çıxarsa bilin ki, saxtadır”, – Həsənli bu gün, noyabrın 30-da paylaşdığı “Facebook” hesabında bunları yazır.
Həmin postda, o, Əli Kərimli və Gültəkin Hacıbəyli ilə bağlı səsləndirilən ittihamların əsassız olduğunu və mediada yayılan məktubun “qurama” xarakter daşıdığını da bildirir. Onun sözlərinə görə, həmin sənədin Kərimlinin evində “məxfi sənəd” kimi saxlanması barədə deyilənlər də inandırıcı deyil.
Cəmil Həsənli həmçinin noyabrın 7-də ailəvi səbəblərlə Dubaya səfəri planlaşdırdığını, lakin ölkədən çıxa bilmədiyini də yazır. Onun sözlərinə görə, həyat yoldaşı səfərə yollanıb, o isə geri dönüb.
“Nə zaman istəsələr buyurub həbs etsinlər. Ya evdəyəm, ya da Axundov kitabxanasında”, – deyə Cəmil Həsənli bildirir.