Hər iki hadisə ilə bağlı araşdırma aparılır
Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musazadənin Cəbrayıl rayonunda minaya düşərək həlak olduğu bildirilir.
Hərbi Prokurorluq hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun ölüm faktı əsasında Füzuli rayon hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, iş icraya yönəldilib və digər istintaq hərəkətləri həyata keçirilib.

Mərhumun nəşi dəfn olunması üçün Lənkəran rayonuna aparılıb. 2023-cü il təvəllüdlü Əsgər Musazadə Göyşaban kənd qəbiristanlığında dəfn olunacaq.
Aprelin 6-da isə Ağdamın Qalayçılar kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 3 nəfər yaralanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, mina xəsarəti alan iki kişi və bir qadın Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
1983-cü il təvəllüdlü şəxsə (kişi) sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir.
2012-ci il təvəllüdlü şəxsə (qadın) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü şəxsə (kişi) isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri sabitdir.
“Report”un əldə etdiyi məlumata görə, yaralananlar Məmmədov Səbuhi Elman oğlu və övladları – M.D.S və M.E.S-dir.
Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayaraq vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.
Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.