Hakim vəkilin etirazını nəzərə alaraq, prokurorun vəsatətini rədd edib
İyulun 6-da Səbail rayon Məhkəməsində AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin növbəti məhkəmə iclası keçirilib.
Meydan TV-nin məlumatına görə, hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən iclasda F. Əmirlinin vəkili F. Mehdiyev məhkəməyə gəlməyən şahidlərin ifadəsinin elan olunması ilə bağlı prokurorun ötən iclasda verdiyi vəsatətə etiraz edib. Vəkil bütün şahidlərin məcburi qaydada məhkəmədə dindirilməsini istəyib. F.Mehdiyev deyib ki, ittiham tərəfinin şahidləri də onların xeyrinə ifadə verirlər və buna görə də bütün şahidlərin dindirilməsini xahiş edirlər.
F.Əmirli də vəkilinin fikri ilə razı olduğunu söyləyib.
Hakim vəkilin etirazını nəzərə alaraq, prokurorun vəsatətini rədd edib.
İclasda şahid qismində ifadə verən Rəna Əfəndiyeva bildirib ki, sənədi itdiyi üçün “Azadlıq” qəzetinə elan verib və buna görə 2 manat pul ödəyib. O, Faiq Əmirlini tanımadığını deyib.
Növbəti Məhkəmə prosesi iyulun 10-da davam etdiriləcək.
F.Əmirli ötən il avqustun 20-də saxlanılıb. Saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi üzrə ittiham irəli sürülüb. Daha sonra Cinayət Məcəlləsinin 168.1-ci (Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddəsi ilə ittiham elan olunub. Rəsmi məlumatlarda onun avtomobilindən Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənə aid kitabların tapıldığı deyilir. Lakin F.Əmirli ittihamları saxta adlandırır, həbsini siyasi fəaliyyəti ilə əlaqələndirir.