“Bütün repressiyaların bir məqsədi var…” (VİDEO)

Azərbaycan və xarici mediada Avrasiya İttifaqı geniş müzakirə predmetinə çevrilib. Əsasən də Ermənistanın quruma üzv olandan sonra müxalifətin etiraz aksiyaları təşkil etməsi və Azərbaycanın da ittifaqa münasibəti müxtəlif baxışlardan müzakirə olunur. Amma ötən əsrin 90-cı illərində Avrasiya İttifaqı ideyasını dilə gətirməyin özü təhlükəliydi. Hətta 1996-cı ildə politoloq Rasim Ağayev 4 il azadlıqdan məhrum olunanda ona qarşı əsas ittihamlardan biri Avrasiya İttifaqıyla bağlıydı. Bütün bunları nəzərə alıb gündəmin siyasi suallarının hədəfi politoloq Rasim Ağayevdir.



Rasim müəllim, bugün Avrasiya İttifaqı haqqında danışmaq təhlükəli deyil ki?

–         Ümumiyyətlə, hansısa qurumun yaradılması heç kimə təhlükə törədə bilməz. Təhlükə o zaman olur ki, ittifaq, birlik zor, silah gücünə yaradılır. Yox, kiminsə keçmiş sovet məkanında hansısa blok, geopolitik alyans yaratmaq ideyası varsa, bu, sadəcə, ideyadır.



Sizin də belə bir ideyanız olduğu üçün 4 il azadlıqdan məhrum olunmuşdunuz…

–         O zaman bu məsələ Moskvada geniş müzakirə edilirdi. İlk dəfə postsovet məkanında Avrasiya İttifaqı ideyasını Qazaxıstan prezidenti Nursultan Nazarbayev gündəmə gətirmişdi, Moskva meri Lujkov da onu dəstəkləyirdi. Həmin vaxt Lujkov güclü siyasətçi hesab olunurdu, hətta gələcək prezident kimi qələmə verilirdi. Amma Rusiya prezidenti Yeltsin ideyanı rədd etdi. Sadəcə, diskusiyalar mətbuatda gedirdi, mən də bu barədə müsahibə vermişdim və məqalə də yazdım. Əsas fikir ondan ibarət idi ki, Avrasiya İttifaqı ideyası gec-tez meydana çıxacaq. Çünki söhbət hansısa siyasi liderlərin iradəsindən yox, obyektiv vəziyyətdən gedirdi. Obyektiv vəziyyət ondan ibarət idi ki, Rusiyanı o zaman indi olduğu kimi parçalayırdılar. Beləliklə, şimal ölkə özünü qorumaq üçün hansısa qurum yaratmalıydı. Eyni zamanda, SSRİ-nin dağılmasından sonra yerli respublikalar çox narahat idi, səbəb o idi ki, təhlükəsizlikləri təmin olunmamışdı. Elə indi də bir çox respublikaların təhlükəsizliyi təmin olunmayıb.



Artıq ittifaqın yaradılması elan olundu, Cənubi Qafqazdan bir-biriylə münaqişə aparan respublikalardan Azərbaycan yox, Ermənistan quruma üzv oldu. Bu situasiya Cənubi Qafqazda hansısa dəyişikliklərə təsir edə bilərmi?

–         Ümumiyyətlə, ittifaqın elan olunması sitiuasiyasının dəyişiklik gücü yoxdur. Çünki Cənubi Qafqaza daxil olan dövlətlər siyasi talelələrini planlaşdırıblar. Gürcüstan gələcəyinin NATO və Avropa Birliyində olduğunu bildirir. Ermənistan seçim məsələsini uzatmaq istəsə də, alınmadı. Rəsmi İrəvan həm Avrasiya İttifaqının, həm də Avropa İttifaqının üzvü olmaq istəyirdi, ancaq Moskva “seçimini et” deyəndən sonra qərar qəbul olundu. Ermənistanın başqa seçimi də ola bilməzdi, məsələ ondadır ki, Sərkisyanın seçimi Ermənistanın tarixi seçim çərçivəsindədir. Azərbaycanın isə mövqeyi bəllidir, nə Avropa Birliyinə can atır, nə də Avrasiya İttifaqına.



Deməli, hakimiyyətin balanslaşdırılmış siyasəti hələ qalır?

–         Bəli, qalır, amma eyni zamanda, bunun şərtləri də var. Əgər bu şərtlər ödənilsə, Azərbaycanın seçimində hansısa dəyişikliklər baş verə bilər.



Nədən ibarətdir şərtlər?

–         Söhbət Qarabağ məsələsindən gedir.



Yəni Rusiya Qarabağı qaytarsa, Azərbaycan Avrasiya İttifaqına üzv olar?

–         Mən Rusiyanın Qarabağı qaytarmasını yox, problemin həll etməsini demək istəyirəm. Ümumi danışaq, çünki problemin həllinin mərhələləri olduğundan sadələşdirməyək. Mənə elə gəlir ki, problem həll olunsa, Azərbaycan öz mövqeyində dəyişikliklər edə bilər.



Rusiyaya inanmaq olarmı?

–         Niyə də olmasın?! Alan da Rusiyadır, verən də Rusiyadır. Mənə elə gəlir ki, Moskvanın mövqeyində dəyişikliklər sezilməkdədir.



Hansı əlamətləri göstərə bilərsiniz?

–         Məsələn, Rusiya öz istədiyini Ermənistandan tələb edə bildi, “çomaqla” da olsa Avrasiya İttifaqına üzv etdi. Sərkisyanın son çıxışlarına baxdıqda, artıq bu respublikanın da siyasətində dəyişikliklər görünməkdədir. Yəni o, Ermənistan universitetlərində azərbaycanlıların da oxuya bilməsinin mümkünlüyünü ifadə etmişdi. Buda Ermənistanın hansısa güzəştlərə hazırlaşdığını göstərir. İndi praktiki cəhətdən nə qədər icra oluna bilər, bu, başqa məsələdir, Ermənistanda siyasi durum həmişə fərqli olub, bir də görürsən ki, terror hadisəsi baş verir.



Artıq Ermənistanda narazılıqlar başlayıb…

–         Ümumiyyətlə, bu ölkə böhran vəziyyətindəydi, Avrasiya İttifaqına üzv olandan sonra müxalifətin əlinə kart-blanş verildi.



Kart-blanş alan müxalifət Qərb, yoxsa Rusiya yönümlüdür?

–         Ermənistandakı son proseslərdə Qərbyönümlü müxalifət də iştirak edir, ancaq durumu daha da gərginləşdirən vəzifəyönlü müxalifətdir, mən belə deyərdim. Ermənilərdə kreslo uğrunda dava çox ağır olur, həm də çoxları Sərkisyanın artıq prezidentlik zamanının başa çatdığını başa düşür, özü də deyib ki, sonuncu müddətidir.

–         20 ildən çoxdur münaqişə davam edir, həmişə də problemin “açarı”nın Kremldə olduğunu deyirlər, amma orda oturanlara status-kvonun qalması maraqlıdır. Səbəb də odur ki, Moskva Dağlıq Qarabağ münaqişəsi vasitəsilə hər iki respublikaya təsir imkanlarını saxlamaq istəyir. Belə olanda, Rusiya problemi tam necə həll etmək istəyər?

–         Mən tam sözünü işlətmədim, əksinə, dedim ki, Moskva problemi həll etməyə can atır və onların buna geniş imkanları da var. Gəlin belə danışaq, son 20 ili götürək, 2000-ci ilə qədər Rusiya-Azərbaycan münasibətləri xoşagəlməz idi.



Yəni Vladimir Putinin hakimiyyətə gəlişinə qədər?

–         Bəli, onun hakimiyyətə gəlişindən sonra probelmlər aradan qaldırıldı və iki dövlət münasibətlərində yaxınlaşma mərhələsi başladı. Münaqişənin həlli iqtiqamətində addımların atılması isə son 5-10ildir ortalığa çıxıb. Son aylarda dünyadakı siyasi tektonik vəziyyət o zaman yox idi, sabitlik idi. Rusiya-Qərb münasibətləri normal idi, Azərbaycan da Türkiyə və Qərbyönümlü siyasət aparırdı. İndi isə durum dəyişib, faktiki Rusiyanın qalıb-qalmamaq məsələsi ortalığa çıxıb. Son sanksiyalar, Qərbin müxtəlif formalı təzyiqləri indiki vəziyyəti yaradıb.



Belə olduğu məqamda Azərbaycan Avrasiya İttifaqına üzv olsa, nə qazanacaq?

–         Mən düşünmürəm ki, Azərbaycan yaxın günlərdə Avrasiya İttifaqının üzvü olacaq. Son 14 ildə Azərbaycan-Rusiya əlaqələri onu göstərir ki, hansısa ittifaqın üzvü olmaya-olmaya həmin siyasəti aparmaq olar.



QHT-lərə qarşı təzyiqlər, repressiyalar belə bir fikri də gündəmə gətirib ki, Azərbaycan balanslaşdırılmış siyasətdən əl çəkərək Rusiyaya meyllənir. Bu fikri bölüşürsünüzmü?

–         Hansı həbslərdən söhbət gedir, bir-iki nəfər tutublar, Leyla Yunusu, onun həyat yoldaşı Arif Yunusu…



İntiqam Əliyevi, Rəsul Cəfərovu…

–         Başa düşürəm, amma bu həbslərin Avrasiya İttifaqına hansı bağlılığı ola bilər? Məgər, hakimiyyət hansısa ittifaqa üzv olmaq istəsə və onlar da azadlıqda olsa, mane ola bilərdilər? Mən bunu heç başa düşmürəm. Ümumiyyətlə, bütün repressiyaların bir məqsədi var: hakimiyyət öz imkanlarını möhkəmləndirir və siyasi ömrünü uzatmaq istəyir. Və hakimiyyət opponentlərinin əleyhinə apardığı təbliğatı qəbul edə bilmir. Başqa hakimiyyət bunu qəbul edə bilərdi, indiki isə qəbul etmir, çox sərt yanaşır. Bu məsələlərin Azərbaycanın gələcəkdəki siyasətiylə bağlılığı yoxdur.



Siz yaxın illər üçün Avrasiya İttifaqını necə görürsünüz? Nəzərə alaq ki, Rusiya həm Ukraynada müharibə bataqlığına batıb, həm də iqtisadi böhrana girir…

–         Avrasiya İttifaqı zavod deyil və qurumu hansısa ölkəyə bənzətmək doğru olmazdı. Bu, böyük geopolitik layihədir və mən ittifaqı 1920-ci ildəki SSRİ layihəsiylə müqayisə edərdim.



Deməli, imperiyayenidən başqa formada bərpa olunur?

–         Yox, mən miqyasları müqayisə edirəm. İmperiyaya gəldikdə, əgər imperiya bu və ya digər şəkildə yaransaydı, heç də pis layihə deyildi. Məni doğru başa düşün, söhbət ondan gedir ki, o imperiya heç kimi sıxmır, repressiya etmirsə, o dövlət üsuludur.



Siz Azərbaycanın müstəqilliyinin itirilməsiylə razılaşardınızmı?

–         Azərbaycan hansı bloka üzv olursa, istər Avropa Birliyi, istərsə də Avrasiya İttifaqına, bu, müəyyən dərəcədə suverenliyin məhdudlaşdırılmasıdır.



Hansı ittifaqda suverenlik daha çox məhdudlaşa bilər?

–         Onu bugün heç kim deyə bilməz. Ümumiyyətlə, Avrasiya İttifaqı hələ yaranmayıb, sənəd üzərindədir

.



Bəs yaranıb inkişaf edə bilərmi?

–         Təbii. Ona görə mən layihənin miqyasından danışdım da. Yəqin ki, Avrasiya İttifaqı 20-30 il yerini tapmaq üçün çalışacaq. Əgər ideyadan layihəyə qədər 20 il zaman keçdisə, layihədən hazır dövlət qurumu yaranması üçün daha çox zaman lazım olacaq.

Ana səhifəVideo“Bütün repressiyaların bir məqsədi var…” (VİDEO)