Azərbaycanlılar qiyməti daha baha olan AZAL reyslərindən istifadə etməli olacaqlar
Azərbaycanın aşağı büdcəli aviaşirkəti olan “Buta” yay mövsümündə Türkiyənin populyar kurort şəhəri olan Antalyaya uçuşları dayandıracaq.
Bu barədə “Turan” informasiya agentliyi məlumat yayıb. Məlumata əsasən, son uçuş iyunun 3-də baş tutmalıdır.
Agentlik belə qənaətə gəlib ki, bu qərar biletləri daha baha olan AZAL şirkətinin xeyrinə verilib, belə ki, yay mövsümündə adıçəkilən şirkət Antalyaya uçuşları davam etdirəcək.
“Antalyada dincəlmək istəyən Azərbaycan vətəndaşları AZAL-ın təyyarələrindən istifadə edəcəklər ki, bu da “Buta”da olduğundan xeyli bahadır. Belə ki, loukosterin hər iki tərəfə standart bileti 320 manatdır, AZAL-da isə yay vaxtı Antalyaya ekonom-sinifdə biletin qiyməti 600-700 manat olur”, agentlik yazıb.
Şirkətdən məlumatı “Turan”a təsdiqləyiblər, ancaq bunun səbəbləri ilə bağlı açıqlama verməyiblər. Qeyd olunub ki, yayda “Buta”nın təyyarələri Türkiyənin digər kurort şəhərinə -Alanyaya uçacaq.
İqtisadçı Natiq Cəfərli bu qərarı Turan-a şərh edərkən deyib ki, şirkət Azərbaycan vətəndaşlarını daha bahalı bilet almağa məcbur etməklə onların sayəsində qazanmaq istəyir.
“İnhisarçı AZAL özbaşına qiymət təyin edir. Bundan əlavə, şirkət Azərbaycana başqa aviaşirkətləri buraxmır və Bakıdan reyslərin 90%-ni özü və ya digərlərilə tərəfdaşlıq şəratində yerinə yetirir”, – o bildirib.
Nəticədə bundan yenə də Gürcüstan qazanacaq.
“Gürcüstan Türkiyə istiqamətində uçuşları artırmaq qərarına gəlib və yayda Türkiyə kurortlarına loykosterlər açılacaq. Azərbaycan vətəndaşlarının bir hissəsi bundan öncə də Gürcüstandan uçurdu, indi onların sayı daha da çox olacaq”, – ekspert vurğulayıb.
N.Cəfərli qeyd edib ki, biletin baha olmasına baxmayaraq, AZAL zərərlə işləyən şirkət olaraq qalır. “Şirkətdə menecmentliklə bağlı problem var. Odur ki, inhisara və biletlərin bahalığına baxmayaraq, şirkət zərərlə işləyir”, – o bildirib.