– Prezident keçəndə əmr edib ki, binanın üzü bəzənsin. Eybi yox, qoy gələn qonaqlarımız binanı yaxşı görsün. Amma nolar bizə də bir gün açan olsun. Eşidirsiniz şarıltını ?
Nədir o tökülən?
-O göydən tökülən üçüncü mərtəbənin tualetidir. İkinci mərtəbəyə tökülür. Hər gün belədir. İndi burada yaşayan yazıq… – Ziya Bünyadov 30 ünvanında yaşayan Həqiqət Musayeva deyir.
Binanın üzünə baxanda qəzalı vəziyyətdə olduğunu bilməzsən. Fövqəladə Hallar Nazirliyinin yaşayış üçün qadağan etdiyi binada köçkünlər yaşayır. Binanın üzünə Avropa Oyunları öncəsi əl gəzdirilib. Elə o vaxtdan sakinlərə söz verilib ki, oyunlar qurtarsın, sizi köçürəcəyik. Oyunların təntənəli bağlanışından 2 ay keçib, amma Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən sakinlərə söz verənlər görünmürlər.
Köçkünlər fərdi mətbəxlərinin, tualet və hamamlarının olmasını istəyirlər. İndiki vəziyyətdə yaşadıqları ev həm yataq, həm qonaq otağı, həm mətbəx, bəzən də hamamdır.
“Qaçqınların və məcburi köçkünlərin yaşayışf 8uh şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” na əsasən köçkünlərin mənzillə təminatı 2015-ci ildə başa çatmalı idi. Amma proses ləngidi. Bunun səbəbi və qəzalı vəziyyətdə olan binadan köçkünlərin niyə köçürülməməsi ilə bağlı Komitə Meydan TV-yə məlumat vermədi. Dövlət Komitəsinin mətbuat katibi Elçin Qədimov ezamiyyətdə olduğundan katiblik suallara cavab verilməyəcəyini bildirib. Fövqəladə Hallar Nazirliyi isə qəzalı vəziyyətdə olan binada yaşayan köçkünlərlə bağlı tədbir görülməsi üçün ona ünvanlanan məktubları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə göndərir.