Biləcəri sakini hərracda aldığı obyektə sahib çıxa bilmədiyini bəyan edib
Biləcəri qəsəbəsində yaşayan Aqşin Mustafayev hərrac vasitəsilə aldığı qeyri-yaşayış obyektinə sahib durmaq üçün problemlərlə üzləşdiyini bildirib.
Meydan TV-ə danışan A.Mustafayev bildirib ki, 2018-ci il may 1-də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Auksion Mərkəzinin keçirdiyi hərracda Yasamal rayonunun Zahid Xəlilov 52 küçəsində yerləşən əmlakı alıb və özəlləşdirdiyi zaman dövlətə 25 min manat ödəyib.
Onun sözlərinə görə, obyektə baş çəkəndə orada Sədaqət Quliyeva adlı şəxsin yaşadığının şahidi olub. A.Mustafayevin sözlərinə görə, S.Quliyeva əmlakın ona məxsus olduğunu deyib və qeydiyyat vəsiqəsini göstərmədən əmlak sahibini qapıdan qaytaraq mülkiyyətin ona məxsus olduğunu bildirib.
A.Mustafayev bildirib ki, pulları Kiyevdə qazanıb və qazancını Azərbaycana investisiya etmək istəyib.
Aqşin Mustafayev əvvəlcə yerli polisə müraciət etdiyini bildirib:
“Sədaqət Quliyeva polisləri görəndə 3-4 gün vaxt istədi. Deyilən müddətdə obyektə gedəndə Sədaqət Quliyeva Auksion Mərkəzinin Xətai rayonunda yerləşdiyi üçün həmin rayonun məhkəməsinə şikayət etdiyini deyib. Amma Xətai Rayon Məhkəməsi iyulda işi Nərimanov Rayon Məhkəməsinə göndərdi. Bu rayon məhkəməsində 6-7 iclas keçirildi”.
Onun sözlərinə görə, məhkəmədə məlum olub ki, Sədaqət Quliyeva obyekti “Azəravtoyol”dan icarəyə götürüb və aylıq 10 manat ödəməklə Yasamal Rayon İcra Hakimiyyəti ilə icarə müqaviləsi imzalayıb.
“Nərimanov Rayon Məhkəməsinin tələbi ilə Əmlak Məsələləri Dövlət Komitəsi sənədləri təqdim edib. Məlum olub ki, Sədaqət Quliyeva Əmlak Məsələləri Dövlət Komitəsi ilə 100 manatdan 6 aylıq müqavilə imzalasa da, 2 ay ödəniş olmadığından müqaviləyə xitam verilib. Bununla da icarə müqaviləsinin vaxtı bitib. Nəticədə məhkəmə əmlakın mənə verilməsi haqda qərar çıxarıb”.
Aqşin Sadıqov Sədaqət Quliyevanın apelyasiya şikayəti verdiyini söyləyib:
“Prosesdə hakim Vaqif Sadıqovun “əgər qərar sənin xeyrinə çıxarılsa, bu qadını obyektdən necə çıxaracaqsan” sualı təəccübümə səbəb oldu. İclasların ayda bir dəfə keçirilməsi şübhələrimi artırırdı. Növbəti iclasların birində Sədaqət Quliyeva Prezident Administrasiyasının Hüquq Şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olduğunu xatırladandan sonra hər şey sürətlə dəyişdi. O, məhkəmədə dedi ki, Fuad müəllim problemin qanuni yolla həll olunacağını vəd edib, ərizəsinin də Milli Məclisin birinci vitse-prezidenti Ziyafət Əsgərova, Məhkəmə-Hüquq Şurasına göndəriləcəyini qeyd edib. Bundan sonra S.Quliyeva açıq şəkildə dedi ki, onu məhkəmənin ümumi şöbəsinin müdiri Ələkbər Həsənov məni qəbul etdi və məsələnin sədr İman Nağıyevə məruzə edildiyini söylədi. Bununla bağlı ərizəsini hakimə də təqdim etdi. Beləliklə, məhkəmə birinci instansiya qərarını ləğv etdi. Çox qəribədir, hakim Vaqif Sadıqov mənə dedi ki, sizin lehinizə qərar versəydik, halallıq olmazdı. Cavab verdim ki, başa düşmədim, bura məhkəmədir, yoxsa mollaxana?!”
Aqşin Mustafayev Ali Məhkəməyə kassasiya şikayəti edəcəyini deyib:
“Dövlətə 25 min manat ödəmişəm. İstəyirdim Azərbaycana yatırım qoyum iş qurum, görünür, çox nikbin olmuşam”.
Meydan TV Sədaqət Quliyeva ilə əlaqə saxlayıb.
Aqşin Mustafayevin söylədiklərini təkzib edən Sədaqət Quliyeva əmlakın ona 1985-ci ildən məxsus olduğunu söyləyib.
“Mən özüm də jurnalist işləmişəm, “Xeyir və Şər”qəzetində. İndi müəlliməyəm. Bəli, mən Fuad Ələsgərovun qəbulunda olmuşam, şikayətimi də ona çatdırmışam. Aqşin Mustafayev mənim qapımı sındırırdı və mənə qarşı kobudluq etdi. Artıq əmlak mənimdir və məhkəmə də bunu təsdiqləyib”.