Bugünkü dəhşət

Dostlar, bu gün başıma ağlasığmaz hadisə gəlib.

Source:

26 sentyabr 2015-ci ildə “Ali və Ninonun” “Qanun” nəşriyyatında yerləşən ofisində soyğunçuluq baş vermişdi – naməlum şəxslər əməkdaşların əmək haqqı və nəşriyyatlara olan borcun ödənilməsi üçün ayrılmış pullar saxlanılan seyfi oğurlamışdılar (13216 AZN). Bu, bizim üçün böyük məbləğdir və belə itki mənə həm maddi, həm də mənəvi baxımdan ağır zərbə oldu (aydındır ki, cani belə böyük məbləğin seyfdə olduğundan xəbərdar imiş).

Mən tez polis çağırdım, cinayət işi açıldı. Lakin sonra hər şey sakitləşdi. 5 ay müddətində mən dəfələrlə Nəsimi rayon polis idarəsinə müraciət etsəm də, idarə rəisi Nadir Aslanov və cinayət axtarış şöbəsinin rəisi Orxan Axundzadə əvvəl suallardan yayındılar, sonra isə açıq etiraf etdilər ki, “işimiz başımızdan aşır, bu iş isə bizə maraqlı deyil”.

Məcbur olub Nəsimi Rayon Prokurorluğuna, Baş Prokurorluğa, DİN-ə, Prezident Aparatına şikayət yazmalı oldum. Belə məsələlərdən başım çıxmasa da görürdüm ki, heç bir iş aparılmır. Yeri gəlmişkən, şikayətimə Baş Prokurorluqdan bu günlərdə cavab gəlib – cinayət yerində tapılmış barmaq izlərinə görə canini müəyyənləşdirmək mümkün olmadığı üçün işi dayandırmaq qərarına gəliblər. Əlbəttə müəyyənləşdirə bilməyəcəklər, axı cinayətdə şübhəli bilinənlərdən heç birinin barmaq izi çıxarılmayıb!

Dünən məni Nəsimi Rayon Polis İdarəsinə dəvət etdilər (bu zaman kinayə ilə soruşdular ki, Prezident Aparatına niyə şikayət eləmişəm, axı orada cinayət işləri ilə məşğul olmurlar). Əvvəl getmək istəmədim, axı niyə şikayət etdiyim adamlarla görüşməliyəm? Sonra fikirləşdim ki, getmək lazımdı, birdən hansısa yeni detallar tapılmış olar.

Bu gün 11:15-də qəbula getdim. Dedilər,mənimlə idarə rəisi, polis polkovniki Musa Musayev görüşmək istəyir. Dedim, çox yaxşı, axı şikayət yazmamışdan əvvəl dəfələrlə onunla görüşməyə cəhd etmişdim. Kabinetdə idarə rəisindən başqa müavini Nadir Aslanov, şöbə rəisi Oruc Rzayev də vardılar, sonradan cinayət-axtarışın rəisi Orxan Axundzadəni də çağırdılar.

Sonra dəhşətli şeylər baş verməyə başladı. Idarə rəisi Musa Musayev məndən kobudcasına niyə onlardan şikayət yazdığımı soruşdu. Mən özüməməxsus ədəbli maneramla buna məcbur olduğumu izah etdim. Buna cavab olaraq Musa Musayev mənə kobud sözlər deyərək qışqırmağa başladı. Mən onun söyüş və qışqırtısından şoka düşüb kabinetdən çıxmaq üçün ayağa qalxdım. Yolumu kəsdilər. Musa Musayev məni dəhşətli söyüşlərlə təhqir edərək kabinetə qayıtmağım üçün hədə-qorxu gəlməyə başladı. İdarəni zorla tərk etdim.

15 ildir mən kitab işində mütaliə və təhsili təbliğ edirəm. 7 il əvvəl ölkədə ən böyük ədəbiyyat layihəsi olan Milli Kitab Mükafatını təsis etdim. Fəaliyyətimin bütün 15 ili boyu ölkəm üçün yaxşı vətəndaş olmağa çalışmışam: nümunəvi vergi ödəyicisiyəm, ictimai, sosial fəaliyyətlə məşğulam. Baş verənlər məni tək vətəndaş kimi dəhşətə gətirmədi. Başa düşürsünüz, bu, mənimçün o qədər ağlasığmaz hadisədir ki, hələ də inana bilmirəm. Məni – nəşriyyatçını, təmiz insanı soyurlar, kömək üçün polisə müraciət edirəm, cavabında isə təhqir olunuram, hədə-qorxuya tuş gəlirəm!

İndi mən köməkçün sizə müraciət edirəm – xahiş edirəm, mənə dəstək olun və nə edəcəyimi məsləhət görün.


Yazı müəllifin şəxsi fikirlərini ifadə edir…

Ana səhifəMənim FikrimcəBugünkü dəhşət