Büdcə gəlirlərinin 511 milyon, xərclərinin isə 1 milyard manat artırılması istənir
2017-ci il dövlət büdcəsinə yenidən baxılmasının səbəbləri açıqlanıb. Hazırlanan layihədə deyilir ki, dövlət və icmal büdcələrinin xərclərinə yenidən baxılması zərurəti bank-maliyyə sistemində dayanıqlılığın təmin olunması, ölkənin xarici və daxili borc öhdəliklərinin tənzimlənməsi və digər zəruri dövlət vəzifələrinin icrası ilə əlaqədar yaranıb.
2017-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat, dövlət büdcəsi kəsirinin yuxarı həddi 645 mln. manat məbləğində təsdiq edilib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə edilən yeni qanun layihəsinə əsasən, dövlət büdcəsinin gəlirlərinin 511 mln. manat, xərclərinin isə təxminən 1 mlrd. manat artırılması təklif olunur.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsində deyilir ki, yenidən baxılma zamanı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin, ilk növbədə “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanuna uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi məqsədilə müvafiq xərclərin, lisenziyası ləğv edilmiş banklarda əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması məqsədilə Fondun nizamnamə kapitalının, avtomobil və dəmir yollarının, elektrik paylayıcı şəbəkələrinin, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması və digər layihələr ilə bağlı beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının, həmçinin xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, respublikanın şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçılarının istismara verilməsi ilə bağlı maliyyə təminatının yaradılması, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsil müəssisələrinin saxlanılması xərclərinin və bir sıra zəruri xərclərin tənzimlənməsi nəzərdə tutulur.
Qeyd olunan xərclərin maliyyələşdirilməsində Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin maliyyə nəticələrinə görə, əldə edilmiş mənfəətindən Vergi Məcəlləsində edilmiş dəyişikliklərə uyğun olaraq tətbiq olunan sanksiya və cərimələrin həddinin artırılması və beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən infrastruktur layihələrində Azərbaycan tərəfinin iştirak payından formalaşan gəlir üzrə proqnozlaşdırılan daxilolmalardan, büdcə təşkilatlarının əlavə büdcədənkənar gəlirlərindən, bir sıra xərclər üzrə tətbiq edilən azalmalar hesabına yaranan sərbəst vəsaitdən, həmçinin 2017-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından istifadə olunacaq.
“Proqnoza əsasən, Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə əlavə olaraq 135 mln. manat daxil olacaq. Bununla yanaşı, büdcədənkənar gəlirlər hesabına 76 mln. manatın cəlb olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə də əlavə vəsaitin cəlb olunması nəzərdə tutulur ki, bu da gömrük rüsumlarının hesabına formalaşacaq. Azərbaycan Mərkəzi Bankının mənfəəti də dövlət büdcəsinə daxil olacaq. Bundan başqa, son dövrlər qəbul etdiyimiz qanunlara əsasən, maliyyə sanksiyaları sərtləşdirilib ki, bu da daxilolmaların artmasına səbəb olacaq. Yol polisinin sanksiyaları hesabına dövlət büdcəsinə daxil olan vəsaitin həcminin artırılması nəzərdə tutulub. Xərclərə gəlincə, SOCAR-a, Əmanətlərin Sığortalanması Fonduna müəyyən qədər vəsaitin ayrılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycan Beynəlxalq Bankının avrobondlarının emissiyası ilə əlaqədar xarici dövlət borcunun yuxarı həddinin 4,5 mlrd. manatadək artırılacaq. Bilirsiniz ki, dövlət başçısının Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması, o cümlədən özəlləşdirməyə hazır vəziyyətə gətirilməsi üçün fərmanı var. Bankın xarici öhdəliklərinin restrukturizasiyası üçün dövlət 4 mlrd. manat ayıracaq. Beləliklə, dövlət büdcəsinin kəsiri 1 mlrd. 173 mln. manata yaxın olacaq ki, bu da ÜDM-in 1,8 faizinə bərabər olacaq” – deputat Vahid Əhmədov belə deyib. Deputat qeyd edib ki, qanun layihəsinə əsasən, neftin baza qiyməti dəyişməyəcək. “Əlavə daxilolmalar sırf qeyri-neft sektoru üzərində fokuslanıb”.
O vurğulayıb ki, iqtisadiyyatda gedən proseslər onu deməyə əsas verir ki, dövlət büdcəsinin icrasında problem olmayacaq.
Qanun layihəsinə parlamentin iyunun 30-da keçiriləcək növbədənkənar iclasında baxılması nəzərdə tutulub.