Samir Şərifov: Xam neftin qiymətinin getdikcə ucuzlaşması risk faktorudur
Dekabrın 1-də Milli Məclisdə 2017-ci ilin büdcə zərfinə daxil olan layihələrin müzakirəsinə başlanıb.
“Report” yazır ki, iclasda maliyyə naziri Samir Şərifov devalvasiyaya baxmayaraq, manatın məzənnəsinin hələ də təzyiqlərə məruz qaldığını söyləyib.
O qeyd edib ki, xərclərin optimallaşdırılaraq səmərəliliyin daha da artırılması, xarici öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi üçün maliyyə təminatının yaradılması nəzərdə tutulub.
“Xam neftin qiymətinin daha da ucuzlaşması risk faktorudur. Neftin qiymətinin büdcədə nəzərdə tutulan 40 dollar/bareldən daha da azalması, qeyri-neft sektorunda artımın nəzərdə tutulan səviyyədə olmaması (2017-ci ildə ÜDM-in 1 faiz, qeyri-neft sektoru üzrə ÜDM-in 2,5 faiz artımı), artımın gec olması və xarici mühitdəki digər mənfi meyillər nəticəsində dövlət büdcəsinin icrasında çətinliklər mümkün ola bilər. Kəsiri bağlamaq üçün xərclərin azaldılması istiqamətində atılacaq addımlar kifayət etmədikdə büdcəyə yenidən baxıla bilər”, – deyə S.Şərifov qeyd edib.