Büdcənin icrasında kəsir yaranıb

Nemət Əliyev: “Hökumət iş sistemini düzgün qurmadığından hər il oxşar problemlər yaşanır”

Source:
Maliyyə nazirliyi
Maliyyə nazirliyi


Nemət Əliyev: “Hökumət iş sistemini düzgün qurmadığından hər il oxşar problemlər yaşanır”

2017-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri 5 mlrd. 21,9 mln. manat, xərcləri 5 mlrd. 390 mln. manat təşkil edib.

Məlumatı APA Maliyyə Nazirliyinə istinadən yayıb. Xəbərdə bildirilir ki, büdcənin icrasında 368,1 mln. manatlıq və ya ümumi daxili məhsulun 1,8 faizi qədər kəsir yaranıb.

2017-ci ilin birinci rübündə dövlət büdcəsinə 3 mlrd. 591,7 mln. manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 3 mlrd. 912,7 mln. manat xərclənib. Büdcənin icrasında yaranmış 321 mln. manatlıq kəsir ümumi daxili məhsulun 2,1 faizini təşkil edib.

Daxilolmaların 20,6 faizi əlavə dəyər vergisi, 12,4 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,7 faizi fiziki şəxslərin gəlir vergisi, 4,1 faizi aksizlər, 11,1 faizi digər vergilər, 46,1 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 26,1 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 16,4 faizi sosial müdafiə və sosial təminat, 15,7 faizi ümumi dövlət xidmətləri, 11,3 faizi təhsil və səhiyyə sahələrinin, 30,5 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.

Nemət Əliyev

AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev bildirib ki, ilin büdcəsi 16,6 manat xərclərlə, 16,3 milyard manat da gəlirlər təsdiq olunub:

“Builki dövlət büdcəsində büdcə kəsiri əvvəlki illərdə olduğu kimi 1,6, yaxud 1,7 milyard həcmində təsdiqlənməyib. Hər bir halda büdcənin kəsiri maliyyələşməlidir, icra olunmalıdır. Büdcənin xərcləri üzrə maliyyələşməsi nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməlidir. Məsələnin yalnız bir tərəfə yönəldilməsi əsas məqamı ifadə etmir. Problem dövlət büdcəsinin özünün icrasında yaranır. Dövlət büdcə xərclərinin 3 aylıq həcminin icrasında çox ciddi kəsirlər yaranıb. Konkret halda, dövlət xidmət xərclərinin icrasında 33 faiz, təhsil xərclərinin icrasında 46 faiz, səhiyyə xərclərinin icrasında 45 faiz, hüquq-mühafizə, prokurorluq və məhkəmə orqanlarının saxlanılması ilə bağlı xərclərin icrasında isə 27 faiz kəsir yaranıb. Bunlar yanvar-fevral aylarına olan məlumatlardır”.

Nemət Əliyev deyib ki, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında da çox ciddi problemlər olub:

“Xüsusən də Vergilər Nazirliyinin xəttilə əlavə dəyər vergisi üzrə daxil olmalarda 51 faiz kəsir yaranıb. Gəlir vergisi üzrə ödəmələrdə 32 faiz kəsir var. Həm də başqa mənbələrdən dövlət büdcəsinə daxil olmalarda problemlər yaşanıb. Konkret olaraq, əmlak, torpaq vergiləri üzrə büdcəyə daxil olmalarda kəsir yaranıb. Bu problemləri aradan qaldırmaq bir ayın işi deyil. Hökumət iş sistemini düzgün qurmadığından hər il oxşar problemlər yaşanır. Ötən il bəlli oldu ki, dövlət büdcəsində 4 milyardlıq kəsiri yalnız dekabrda bağladılar. Çox təəssüf ki, dövlət büdcəsinin icrası ötənilki qaydada iqtisadiyyata stimul verə bilmir. Maliyyə və vergi hesabatlarının başına min cür oyun gətirirlər, sahibkarlarla söhbət zamanı bu məsələlər açıqlanır”.

Ana səhifəXəbərlərBüdcənin icrasında kəsir yaranıb