”Büdcədə yaranmış kəsr qiymətlərin artması ilə doldurulur”

Ərzaq 30 faiz bahalaşıb

Source:
Bahalaşma
Bahalaşma


Ərzaq 30 faiz bahalaşıb

2017-ci ilin birinci yarısında Azərbaycanda ərzağın qiyməti əvvəlki illə müqayisədə ortalama 18.1 faiz qalxıb. Devalvasiya ölkənin bəzi bölgələrində əhalinin ərzağa daha çox pul ödəməsinə səbəb olub. Bir çox ekspert benzinin son qiymət artımının ərzağı bir qədər də bahalaşdıracağını proqnozlaşdırır.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, Bakıda ərzaq məhsulları 20.7 faiz bahalaşıb. Bölgələrdə vəziyyət daha ağırdır. Turizm bölgəsi sayılan Qəbələdə əhali ərzağın alınmasına ötən ilə nisbətən 31.5, Xaçmazda isə 34 faiz daha çox pul ödəyib. Yüksək qiymət artımı bu rayonlarla məhdudlaşmır. Ağcabədi sakinləri ailə büdcələrindən ərzaq almağa 31, saatlılar 32, imişlililərsə 35.2 faiz daha çox vəsait ayırmağa məcburdur. Rəsmi məlumatlara görə, devalvasiya Naxçıvana elə də təsir göstərməyib. Burada qeydə alınan qiymət artımı 2.5 faizi ötməyib.

Bu il Azərbaycanda ət məhsulları orta hesabla 26.6, balıq 12.6 faiz bahalaşıb. Çörəyin qiymətində 11.7, yağın qiymətində 17.5 faizlik artım olub. Meyvə-tərəvəz təxminən 20 faiz, çay və qəhvə 16.5 faiz bahalaşıb. Qənnadı məmulatının qiyməti də elə o civarda artıb.

Ərzaq qiymətlərinin artımı pul gəlirlərini xeyli üstələyib. DSK-nın məlumatına görə, bu ilin beş ayında əhalinin pul gəlirləri 7.3 faiz artıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, yanacağın indiki qiyməti dəyişməz qalarsa, real sektorda fəaliyyət göstərən sahibkarlar, kənd təsərrüfatı məhsulu istehsal edən fermerlər çətin duruma düşəcəklər. Onların istehsal etdikləri mal, məhsul rəqabət qabiliyyətli olmayacaq:

“Benzinin qiyməti təcili olaraq endirilməlidir. Hökumət yanacağın qiymətinə yenidən baxmazsa, əhali ciddi bahalaşmaya hazır olmalıdır”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli də qiymət artımını qaçılmaz sayır. Deyir, hər il vətəndaşın birbaşa cibindən çıxan xərclər artacaq, çünki həm dövlətin, həm dövlət şirkətlərinin borcu artır:

“Borcları qaytarmaq üçünsə mənbələr yoxdur. Bir neft var. onun da hasilatı düşür (bu ilin ilk 6 ayında 9 faiz enib). Qazdan gələn vəsait isə həmin qazın Avropaya daşınması üçün çəkilən borulara alınan kreditlərin illik faizini ancaq ödəyəcək”.

Natiq Cəfərli deyir ki, qiymətlər həm də ona görə artır ki, ölkədə total korrupsiya sistemi var:

“Hər hansı bir məmur özünə Avropada villa, ABŞ- da ev, Rusiyada və Türkiyədə obyekt aldıqca, burada büdcədən oğurlanan pul artır. Büdcədə yaranmış kəsr isə qiymətlərin artması ilə doldurulur. Qiymətlər ona görə artacaq ki, hökumət köklü idarəetmə və hüquq islahatı etmək istəmir. Bacarmır, bu addımlardan qorxur, amma bilin ki, hüquq və idarəçilik islahatı olmasa, iqtisadiyyat düzəlməyəcək”.

Natiq Cəfərliyə görə, qiymətlərin artımı köklü islahatlarla paralel olsa, effekt verə bilər:

“Bəzi populist siyasətçilər deyirdi ki, etiraz etdik deyə, məsələn, yumurtanın qiyməti düşdü, manat möhkəmləndi. Polşa 1989-91-ci illərdə “şok terapiyası” tədbiq etdi. Qiymətlər 8-10 dəfə artdı, amma sonra iqtisadiyyat dövlət nəzarətindən çıxdı, orqanik inkişaf başladı, iqtisadi qanunlar işlədi, qiymətlər tənzimləndi. Polşa inkişaf etməyə başladı. Aşağı-yuxarı bütün Şərqi Avropa ölkələrində belə olub”.

Ana səhifəXəbərlər”Büdcədə yaranmış kəsr qiymətlərin artması ilə doldurulur”