Büdcədə siyasi partiyaların vəsaiti yenidən artırılır

Nazir gələn ilin büdcəsində ayrılan vəsaitin artırılması nəzərdə tutulan sahələri də açıqlayıb

Source:


Naxçıvana dotasiyanın məbləği azaldılır

Noyabrın 25-də Milli Məclisin iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Deputatların təkliflərini cavablandıran Maliyyə naziri Samir Şərifov bildirib ki, bəzi təkliflərin qəbul edilməsi ilə bağlı Azərbaycan Prezidentinə müraciət edilib və ölkə başçısı tərəfindən bir sıra məsələlərin mövcud büdcə layihəsində nəzərə alınması mümkün hesab edilib.

Nazir gələn ilin büdcəsində ayrılan vəsaitin artırılması nəzərdə tutulan sahələri də açıqlayıb:

"Siyasi partiyalar üçün nəzərdə tutulmuş vəsaitin 1 milyon manat artırılaraq 4 milyon manata çatdırılması, ictimai birliklər üçün nəzərdə tutulmuş vəsaitin 900 min manat artırılaraq 5,5 milyon manata çatdırılması təklif edilir. Bununla bərabər, Azərbaycan Prezidentinin sərəncamının icrasına uyğun olaraq, Şəmkir rayonunun tarixi ərazisində Qədim Şəmkir şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonu ərazisində Qədim Ağsu şəhər Dövlət Tarix-Mədəniyyət Qoruğu yaradılması ilə bağlı xərclər üçün də 600 min manat vəsaitin ayrılmasının da büdcə layihəsində nəzərə alınması təklif olunur. Maliyyə təminatının daha da yaxşılaşdırılması ilə 2020-ci il üçün Milli Məclisin xərclərinin əlavə olaraq 1,9 milyon manat artırılması təklif edilir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası tərəfindən hökumətə müraciət daxil olub. Həmin müraciətə əsasən, Naxçıvan Muxtar Respublikasında gəlirlər potensialının əlavə olaraq artırılması hesabına Muxtar Respublikanın öz gəlirlərinin 19 milyon manat artırılması və dövlət büdcəsində müvafiq olaraq Muxtar Respublikaya ayrılan dotasiya məbləğinin 19 milyon manat azalması imkanı yaranır.

Qənaət edilmiş 19 milyon manat vəsaitin dövlət büdcəsi kəsirinin azalmasına yönəldilməsi təklif olunur. Bu zaman Muxtar Respublikanın büdcəsinin gəlir və xərcləri dəyişməz olaraq 482 milyon manat səviyyəsində qalmaqla, dövlət büdcəsindən Muxtar Respublikasının büdcəsinə yönəldilən dotasiyanın məbləği 4,9 faiz azaldılacaq”.

Layihə II oxunuşda səsə qoyularaq qəbul edilib.

Dövlət büdcəsinin gəlirləri təqdim olunmuş səviyyədə, yəni 24 milyard 134,5 milyon manat, xərcləri isə 19 milyon manat artırılaraq 26 milyard 894,7 milyon manat təşkil edəcək.

Büdcə gəlirləri 2019-cu ilin proqnozu ilə müqayisədə 4,2% çoxdur.

Yaşayış minimumunun və ehtiyac meyarının məbləği II oxunuşda qəbul edilib.

Ana səhifəSiyasətBüdcədə siyasi partiyaların vəsaiti yenidən artırılır