Büdcə zərfi parlamentin plenar iclasına tövsiyə edildi

Komitələrdə müzakirələr aparılır

Source:


Komitələrdə müzakirələr aparılır

Milli Məclisin komitələrində gələn ilin dövlət və icmal büdcələrinin müzakirəsi aparılır.

Müzakirələrdə Maliyyə naziri Samir Şərifov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Statistika Komitəsinin sədri Tahir Budaqov, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Əli Abdullayev, Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov, Maliyyə nazirinin müavini Azər Bayramov, İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova və deputatlar iştirak edirlər.

Milli Məclisin sədri Sahibə Qafarova, digər komitə sədrləri və deputatlar iclası onlayn qaydada izləyib.

Hesablama Palatası “2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəy və tövsiyələrini bildirib.

Tövsiyələrdə dövlət büdcəsinin layihəsində və dövlət büdcəsinin icrası barədə hesabatlarda bütün proqram və tədbirlərə ayrılan vəsaitlərin ayrıca göstərilməsi və icra müddəti başa çatmış proqramlara dövlət büdcəsindən vəsaitlərin ayrılmaması qeyd olunub. Həmçinin yaranmış borcların yığılması çərçivəsində vergi orqanları tərəfindən siyahıya alınmış əmlakın borca yönəldilməsi ilə əlaqədar məhkəmə qərarlarının icrasının ədliyyə orqanlarının deyil, vergi orqanlarının səlahiyyətlərinə aid edilməsi, dövlət vəsaitlərinin təyinatdan kənar istifadəsinə şərait yaradan halların məhdudlaşdırılması, dövlət maliyyəsinin şəffaflıq və hesabatlılığının artırılması məqsədilə birdəfəlik təyinatlı xərclər anlayışının və istifadə istiqamətlərinin normativ-hüquqi aktlarda müəyyən edilməsi tövsiyələrdə yer alıb.

Müzakirələrdən sonra büdcə zərfi parlamentin dekabrın 24-25-də keçiriləcək plenar iclaslarına tövsiyə edilib.

Büdcə zərfinə “2021-ci il dövlət büdcəsi haqqında”, “2021-ci il üçün yaşayış minimumu haqqında”, “2021-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihələri, Azərbaycan Respublikası Milli Məclisinin və Hesablama Palatasının gələn il üçün xərclər smetaları daxildir.

2021-ci il icmal büdcəsinin gəlirləri 23828,1 milyon manat proqnozlaşdırılıb ki, bu da 2020-ci illə müqayisədə 1 465,1 milyon manat və yaxud 6,6 % çoxdur. İcmal büdcənin xərcləri 31 163,4 milyon manat olacaq ki, bu da 2020-ci illə müqayisədə 855,1 milyon manat və yaxud 2,8 % çoxdur. 2021-ci ilin icmal büdcəsinin kəsiri 7 335,3 milyon manat təşkil etməklə 2020-ci illə müqayisədə 610,1 milyon manat və yaxud 7,7 % azdır. Kəsir proqnozlaşdırılan ÜDM-in 9,7 %-nə bərabər olacaq ki, bu da 2020-ci illə müqayisədə 1,4 faiz-bənd azdır.

2021-ci il dövlət büdcəsinin gəlirləri isə 25 427,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 %-i həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 303,0 milyon manat və yaxud 5,4 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 208,9 milyon manat və yaxud 5 % çoxdur. 2021-ci il dövlət büdcəsinin xərcləri 28 543,0 milyon manat (ÜDM-də xüsusi çəkisi 37,7 %) proqnozlaşdırılır ki, bu da 2020-ci ilə nisbətən 1050,8 milyon manat və yaxyd 3,8 %, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə isə 4 117,1 milyon manat və yaxud 16,9 % çoxdur.

Ana səhifəXəbərlərBüdcə zərfi parlamentin plenar iclasına tövsiyə edildi