Hesabatların detalları, hələlik, açıqlanmır
Hesablama Palatasının kollegiya toplantısında dövlət qurumlarının büdcə vəsaitlərini necə xərcləməsi barədə hesabatlar müzakirə edilib.
Bu haqda palatanın oktyabrın 27-də yaydığı məlumatında bildirilir.
Məlumata görə, dövlət büdcəsindən Tovuz, Abşeron rayon icra hakimiyyətlərinə, Quba rayon Mədəniyyət və Turizm Şöbəsinə ayrılan vəsaitlər gözdən keçirilib. Eləcə də Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin gəlir və xərcləri barədə hesabatlar, təhsil müəssisələrinin ərzaqla təminat məsələlərinə nəzər yetirilib.
Palata üzvləri Vergilər nazirliyinin 8 saylı Ərazi Vergilər İdarəsində qanunvericiliyə riayət edilməsi, Dövlət İnvestisiya Proqramının icrası üzrə hesabatı da müzakirə ediblər.
Kollegiya hesabatları təsdiqləyib. Audit tədbirlərinin nəticələri barədə məlumatların Milli Məclisə təqdim olunması qərara alınıb. Bu hesabatların detalları, hələlik, açıqlanmır.
Hesablama Palatası büdcə vəsaitlərindən istifadənin auditini aparır. Auditlərin nəticələri barədə ictimaiyyətə müntəzəm bilgi verilir.
Palata son aylarda apardığı auditlər nəticəsində ayrı-ayrı dövlət qurumlarında büdcə vəsaitlərinin xərclənməsində nöqsanlara yol verilməsi faktlarının aşkar olunması barədə dəfələrlə bilgi yayıb.
Palata belə faktlarla bağlı Milli Məclisə hesabat verir.