28 ildir erməni və Azərbaycan xalqları səksəkəli və nigaran yaşayırlar. İki qonşu milləti bir qayğı içəridən gəmirir: Qarabağ kimə qismət olacaq?
Torpağın hüquqi sahibi Azərbaycan çox gözəl anlayır ki, dünyanın ağaları bir anda bu torpağı Ermənistana bağışlaya bilərlər. Heç “uf” deməzlər. Heç tükləri tərpənməz. Torpağı işğal etmiş Ermənistan çox gözəl anlayır ki, dünyanın ağaları istənilən an onu torpağı sahibinə qaytarmağa məcbur edə bilərlər. Bircə qaşı qaldırmaqla, gözü ağartmaqla. Yəni hər iki xalq çox gözəl anlayır ki, Qarabağın taleyi onlardan yox, “Qarabağ” alətindən istifadə edən böyük dövlətlərdən asılıdır.
Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıda danışıq apardı və sonra avqustun 10-da Ermənistan prezidentini Moskvada qəbul edib ona Bakı danışıqları barədə məlumat verdi. Erməni prezidenti ona “Qarabağa qayğısı” müqabilində dərin təşəkkürünü bildirdi. Erməni təfəkkür tərzində “Qarabağa qayğı” nə demək olduğunu hamı anlayır, dəxi xırdalamağa ehtiyac yoxdur.
“Malı mala qatmamaq”deyiminə uyğun olaraq rus prezidenti erməni prazidentinə və onun vasitəsilə bütün dilbilməz erməni vətənpərvərlərinə çatdırdı ki, Rusiya Federasiyası Azərbaycana silah satmaqda davam edəcək, zira “Azərbaycanın pulu var və silahı haradan istəsə, ala bilər”. Yəni inciməyin, əgər pullu Azərbaycan başqa yerdən silah ala bilirsə, yaxşı olar ki, elə Rusiyadan alsın.
Neçə vaxtdır qəzet səhifələrindən düşməyən 5 rayon məsələsi elə fərziyyə və ehtimal məkanında qaldı, mövzuya aydınlıq gətirilmədi. Bunu qəsdən etdilər ki, hər iki tərəf “firuzə muncuğun kimdə olmasını” bilməsin, yaxud münaqişə bölgəsinin ağası hələ qəti qərar qəbul etməyib, heç kəs heç nə bilmir. Səksəkəli və nigaran həyat davam edir. Hər iki millət buna öyrəşib və yenilikdən hətta qorxur. Qorxur ki, bəd xəbər eşidər, Qarabağı ya alarlar, ya da verərlər…
Hamı unudub 1990-ların sonunun romantizmini: “müstəqil olacağıq, heç kəsdən asılı olmayacağıq, taleyimizi özümüz müəyyən edəcəyik, qərarlarımız səmərəli, millət üçün faydalı olacaq, rəhbərləri xalq özü seçəcək, daha Moskva aramızdan özünə ən sadiqi seçib başımıza oturtmayacaq…” Bu xam xəyallar xəyal olaraq qaldı, onların yerini çox qısa bir zamanda acı realizm tutdu. Hamı anladı ki, gerçəkdə dəyişən bir şey oldu: yerli rəhbərlər qanunsuz əməllərinə görə daha Moskvadakı Baş Prokurorluqdan və ya Partiya Nəzarət Komissiyasından çəkinmirlər. Tale və müqəddərat məsələsi yenə xaricin əlindədir, böyük dövlətlər nə istəsələr, onu da qanuni elan edib kiçik xalqlara və dövlətlərə yedizdirirlər.
Ermənistanda iqtisadi böhran aramsızdır. Bu iqtisadi böhranın səbəbi 1988-dən bəri erməni xalqının Qarabağ məsələsində xəyalpərvərlərə və casuslara uymasıdır. İndi buna siyasi böhran da əlavə olunur. Siyasi böhranın səbəbi hadisələrin mahiyyətini anlamayan erməni xalqının bütün verdiyi itkilərə rəğmən Qarabağı itirmək təhlükəsi ilə üz-üzə qalmasıdır. Bu ehtimal şirin qələbə uydurmasına öyrəşmiş xalqı dəli, onun dəlisov hissəsini çılğın hərəkətlərə sövq edir.
Bizdə bu təhlükə artıq sovuşub. “Biz ölərik, Qarabağı vermərik!” bağıran kütlə daha yoxdur. Qarabağ adı ilə özünü “kontujennı” aparan siyasətçilərin də köpü yatıb, hamısı əhliləşib-ahıllaşıb-ağıllanıb. Daha heç kəs Qarabağa görə küçələrə tökülüşüb tankların üstünə getməz. Odur ki, sabah hakimiyyət desə ki, “Ay camaat, Qarabağı veririk, əvəzində maaş və təqaüdlərə 3 faiz əlavə olunacaq”, analoqu olmayan xalqımız yenə ulu tanrıya şükür edəcək.
Oxucu soruşa bilər: “Müəllif nə demək istəyir? Nə qədər hamını və hər şeyi tənqid edəcək? Təklifini de! Təklif ver! Belə ağıllısan, xalqa yol göstər!”
Mən oxucumun yanında günahkaram. Deyinirəm, tənqid edirəm, fəqət, təzə yol göstərə bilməyəcəyəm. Düşündüyünüz qədər ağıllı deyiləm ki, yeni yol göstərim. Daha doğrusu, bilirəm ki, belə bir yeni yol yoxdur . Bəs nə var? Mirzə Fətəlinin, Həsən bəyin, Sabirin, Mirzə Cəlilin, Cabbarlının, Üzeyir bəyin göstərdikləri köhnə yoldan savayı heç bir fərqli çıxış yolu yoxdur. O da savadlanmaqdır, oxumaqdır, insan və vətəndaş adına layiq olmaq üçün hər gün səy göstərməkdir.
İndi siz mənə deyin, xalqımızın neçə faizi kitab oxuyur? Əgər bir xalqın 98%-i Konstitusiyanın heç üzünü görməyibsə, hansı vətəndaşdan və onun azadlıqlarından danışmaq olar? Əgər bu xalqın mütləq əksəriyyəti həyatın mənasını yalanda, zülmə əyilməkdə, fərqli düşünəni söyməkdə görürsə, axırımız necə olacaq?
Məsləhət görürəm, mənə qulaq asmayın. Məni oxumayın. Başınızı ağrıtmayın. Gül kimi Az.TV var, ona baxın. Səhərdən axşama kimi ona baxın, işdə isə onun göstərdiklərini müzakirə edin. Başqa milli telekanallara da baxmaq məsləhətdir. Cana xeyirdir. Həyat yüngülləşir, gözəlləşir, ağrılı mətləblər ilğıma dönüb buxarlanır.
Milli həyatımızın mənası olan “dolanışıq” sözünü unutmayın. Rahat nəfəs alın. Yuxarıda gecə-gündüz sizi düşünən müdrik insan var, onun işinə qarışmaq böyük günahdır. İnanmırsınızsa, Şeyx həzrətlərindən soruşun. Soruşun və sonra səbrlə oturub 26 sentyabr referendumunda açıqlanacaq rəqəmlərin elan edilməsini gözləyin…
Zərdüşt Əlizadə