“Bu tayfabaz hakimiyyət Qarabağın azadlığı uğrunda addım atmayacaq”

Sentyabrın 29-da “Məhsul” stadionunda “Qarabağa azadlıq!” şüarı ilə mitinq keçirildi. Mitinqdə Qarabağ Komitəsinin üzvləri, əsirlikdə olan Dilqəm Əsgərovun qardaşı Sahib Əsgərov və digərləri çıxış etdi.

Mitinqdə “Ümid sənədir, Azərbaycan əsgəri!”, “Qarabağa azadlıq!”, “Məzarlığımı istəyirəm!” kimi şüarlar qaldırılmışdı. Çıxış edənlərdən Qarabağ Komitəsinin üzvü İlham İsmayıl hakimiyyətdən 25 ilin hesabatını tələb edib.

“Bizi ancaq aldatmaqla, illüziyayla məşğuldurlar. Erməni acından ölür, ermənini Rusiya bizim əlimizlə cəzalandıracaq, 7 rayon qaytaracaqlar. Mənbəyə gedib baxırsan ki, ardınca deyilib, 7 rayonu qaytarandan sonra Dağlıq Qarabağ müstəqil olmalıdır. Bizi bu illüziyalarla aldadıb, yalandan Rusiya bizə rayon qaytaracaq, torpaq qaytaracaq deyirlər. Olmaz! Biz buna inanmırıq. Bu təbliğata son qoyulsun”.

Qarabağ Komitəsinin digər üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidov çıxışında hakimiyyəti tənqid edib:

“Bu tayfabaz, ölkəni qəsb etmiş hakimiyyət mən inanmıram ki, Qarabağın azadlığı uğrunda addım atsın. Kim buna inanırsa, məni inandırsın və mən baş əyim. Mən buna inanmıram və inanmaq da istəmirəm. Qarabağ məsələsində biz şeytanla əməkdaşlıq etməyə hazırıq, amma bu iqtidarla yox. Çünki bu iqtidar şeytandan da pisdir. Hərdən adam allaha yalvarır ki, kaş bu neft turbası Qarabağdan keçəydi. Bəlkə oradan keçsəydi, bu iqtidar neftə görə Qarabağı azad edərdi. Amma əfsuslar olsun ki, Qarabağdan keçmir”.

İsgəndər Həmidovun çıxışının sonunda “İstefa!” şüarları səslənib.

Ana səhifəVideo“Bu tayfabaz hakimiyyət Qarabağın azadlığı uğrunda addım atmayacaq”