Natiq Cəfərli: ”Əgər ayrılan vəsaitlər düzgün xərclənsəydi, itkilərin bu səviyyədə olmasının qarşısını almaq mümkün idi”
2016-cı il ərzində 144,4 milyon kubmetr təbii qaz itkiyə gedib. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən (İB) isə “Modern.az” saytının sorğusuna cavab olaraq bildirilib ki, qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb. Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib.
Rəsmi məlumata görə, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır:
“Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırkı texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır.
2009 və 2010-cu ildən başlayaraq “Azəriqaz” İB-nin qaz təchizatı şəbəkəsində itkilərin azaldılması istiqamətində görülmüş tədbirlər nəticəsində hər il itirilmiş qaz həcmi əvvəlki illərlə müqayisədə daha da azalıb. Görülən tədbirlər planı çərçivəsində istismara yararsız olan avadanlıqlar yeniləri ilə əvəz olunur, müxtəlif diamterli qaz xətləri təmir və bərpa edilir, yeni qaz kəmərləri inşa olunur, həmçinin istifadə müddəti başa çatan, xətaları normadan artıq olan sayğaclar yeni tipli ölçü cihazları ilə əvəzlənir”.
Qurum bildirir ki, qaz itkiləri əsasən yeraltı qaz sızmalarından yarandığına görə, itkilərin böyük hissəsinin korrupsiya ilə heç bir əlaqəsi ola bilməz:
“Bununla yanaşı, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilib. Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericilyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir. Əgər hər hansı korrupsiya faktı aşkarlanarsa, dərhal qanuna müvafiq tədbirlər görülür”.
İqtisadçı Natiq Cəfərli itkilərin bu səviyyədə olmasını daha çox infrastrukturun köhnəliyi ilə bağlayır.
“”Azəriqaz” İstehsalat Birliyi ötən illərdə milyonlarla vəsait xərcləsə də, ciddi irəliləyişə nail olmayıb. Cüzi itkilərin olması mümkündür, amma 144,4 milyon kub metr qaz böyük bir rayonun il ərazində istehlak etdiyi qazın həcminə bərabərdir. Araşdırma aparılsa, məlum olar ki, Gəncə kimi böyük şəhərin illik istehlakı bu səviyyədədir. İnfrastrukturun normal işləməsi, ayrılan vəsaitin düzgün xərclənməməsi korrupsiya amillərindən irəli gəlir. Əgər ayrılan vəsaitlər peşəkarcasına və düzgün xərclənsəydi, itkilərin bu səviyyədə olmasının qarşısını almaq mümkün idi. Deməli, normal auidit aparılmayıb və normal xərcləmələr olmadığından qazın nəqlində 144,4 milyon kub metr itki yaranıb”.