Vətəndaş Həmrəyliyi Platforması “Azərbaycan üçün belə davam edə bilməz” adlı film çəkib
İnsan Haqları Təşkilatları Koalisiyası olan Vətəndaş Həmrəyliyi Platforması Azərbaycanı siyasi məhbusları azadlığa buraxmağa çağırır. Azadlıq Radiosunun məlumarına görə, Platformanın noyabrın 11-də yaydığı press-reliz də belə deyilir.
Qurum bildirir ki, bu həftə Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində altıaylıq sədrliyi başa çatır: “Bu müddət ərzində Azərbaycan vətəndaş cəmiyyətinə görünməmiş təzyiqlər başladıb – hüquq müdafiəçilərini və hökuməti tənqid edən siyasi fəalları həbs edib. Vətəndaş Həmrəyliyi Platforması və digər QHT-lər Avropa Şurasını bu hərəkətlərini düzəltmək üçün Azərbaycana real təzyiq göstərməyə və əsaslandırılmamış ittihamlarla həbs olunanları azadlığa buraxmağa səsləyir”.
“Bu sədrlik Azərbaycan hökuməti üçün güc nümayişinə çevrildi. Bu sədrlik göstərdi ki, şər dəyərlərdən güclü çıxa bilər. Hökumət insan haqlarına dayanan qurumda sədrliyindən yararlanaraq vətəndaşlarına və dünyaya göstərdi ki, pul və güc dəyərləri tapdalayır. Bu dəyərləri, Avropa Şurasının öhdəliklərini və ruhunu xilas etməyin vaxtı çatıb,” bunu araşdırmaçı jurnalist Xədicə İsmayılova deyib.
Bəyanatda daha sonra bildirilir ki, Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın (ThorbjørnJagland) və qurumun demokratik üzvləri Azərbaycanla qarşıdayanmalı və ölkədəki təzyiqlərə cavab olaraq cəza tədbirləri barədə düşünməlidir.
Bu günədək Avropa Şurası yalnız qınayıcı bəyanatlarla kifayətlənib. Azərbaycanın hərəkətləri Avropa institutları və dəyərlərinə hücumdur və diqqətdən kənar qalmamalıdır.
Qurum Azərbaycanın sədrliyi dövründə, mayın 14-dən noyabrın 13-dək həbs olunanların – hüquq müdafiəçiləri Anar Məmmədli, Leyla Yunus, Rəsul Cəfərov və İntiqam Əliyevin adlarını da sadalayır.
Vətəndaş Həmrəyliyi Platforması “Azərbaycan üçün belə davam edə bilməz” adlı film də hazırlayıb.Vətəndaş Həmrəyliyi Platforması Avropa, Avrasiya və ABŞ-da insan haqları öhdəliklərinə sadiq qeyri-hökumət təşkilatlarını birləşdirir.