Bu qəribə erməni…

Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana siyasi dəstək verib

Source:
Paşinyan
Paşinyan

Prezident İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana siyasi dəstək verib. Xalqımıza şad xəbər kimi deyib ki, “İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb”. Yəni Ermənistanda indi rəhbərlikdə olan Nikol Paşinyan rejimi kriminal diktatura deyil. Serjik-Robik kriminal diktatura rejimi idi, fəqət çökdü. Amin!

Nə gözəl xəbər! Erməni xalqının özünü Qərbpərəst hesab edən hissəsi Nikol Paşinyanın rəhbərliyi altında Qərbə sürətlə bitişəcəyi barədə ümidlər bəsləyir. Bu yandan da İlham Əliyev onlara daşdan keçən arayış verib xatırcəm edir ki, sevinin, Nikol Paşinyanın hökuməti kriminal diktatura rejimi deyil, yəni Avropa standartlarına bir köynək yaxındır.

İnsafən, Azərbaycan cəmiyyətində də özünü Qərbpərəst hesab edən hissə var, o da Nikol Paşinyan hökumətini hələlik kriminal diktatura rejimi saymır. Demək, heç olmasa bir məsələdə İlham Əliyevin fikri azəri demokratlarının fikri ilə üst-üstə düşür.

Belə erməni-azəri fikir ortaqlığına sülh tərəfdarları yalnız sevinə bilər.

Lakin bunun ardınca möhtərəm cənabları ərz edir ki, “düşmən otursun yerində, yoxşa, axırı pis olar”.

Burada həm ermənilər, həm azərilər dərin fikrə dalıb bu kəlamı yozmağa başlayırlar. Necə yəni, “düşmən otursun yerində”? Bu düşmən onsuz da elə oturduğu yerdə, yəni Azərbaycanın işğal edilmiş ərazisində oturub dəxi əlavə ərazini tutmaqla məşğul deyil. İsmarıcı belə tərcümə etsək ki, “ayə, oturduğunuz yerdə oturun, sizə dəyib-dolaşan olmayacaq”, yanılmarıq ki? Yəni “yerinizdə oturmayıb əlavə ərazini tutmaq istəsəniz, axırı pis olar”? Yoxsa nə?

Lənətu-l-lahi alə-ş-şeytan! Yuxarı tüpürürsən bığ, aşağı tüpürürsən saqqal… Prezident olmaq asan iş deyil, adamın hər sözünü eşib-eşib qurdalayırlar, içərisindən qəmbərqulu çıxır.

Azərbaycanın möhtərəm prezidenti Ermənistanın yeni demokratik Baş nazirinə siyasi dəstək verməkdə olsun, sizə kimdən deyim, həmin bu demokratik Baş nazirdən. A kişilər, bunun başı lap xarab imiş ki! Serjikə min şükür!

Nikol mitinqdə çıxış edərkən ona böylə səxavətlə siyasi dəstək vermiş İlham Əliyev cənablarını tənqid atəşinə tutub. Bağırıb ki, İlham Əliyev Azərbaycan xalqından milyardlar çalıb.

Deyəndə ki, erməni xalqı qəribə xalqdır, inanmırdılar. Di baxın, görün və inanın!

A kişi, ay Nikol, sənə nə? Erməni xalqından çalmayıb ki, Azərbaycan xalqından çalıb də.

Bu, çox incə mətləbdir, onun çözümünü Azərbaycan xalqı bilər, bir də İlham Əliyev cənabları… Dəxi üçüncü şəxsin belə dərin və incə mətləblərə qarışması heç düzgün deyil.

Nikol, sən heş düz hərəkət etmirsən! Nikol, sən utanmalısan!

Adını vətənpərvər qoymusan, sevinmək əvəzinə boş-boş bağırırsan. Nikol Paşinyan, sən əgər Artsaxı Ermənistana birləşdirməyi öz hökumətinin siyasi məqsədi elan edirsənsə, onda gərək papağını sevincdən göyə tullayasan ki, İlham Əliyev xalqın pullarını Azərbaycan iqtisadiyyatının inkişafına, vətəndaşların rifahının yaxşılaşdırılmasına, ölkədə sağlam mənəvi mühitin yaranmasına deyil, öz cibinə, yaxın ətrafının ciblərinə, mənasız beynəlxalq tədbirlərə və yarışlara xərcləyir. Hər bir xalqdan çalınmış milyard, hər bir keçirilən beynəlxalq yarış, hər bir Azərbaycan hakimiyyətinin vətəndaşlara qarşı qanunsuz hərəkəti, hər bir etnik nifrət ifadəsi Qarabağı Azərbaycandan qoparıb bir qarış Ermənistana tərəf itələyir.

Naşükür olma, sevin!

Amma xalqımızın bəxti gətirib. Nikol o qədər də dərin adam deyil. Sevdiyi mövzudan heç cür ayrıla bilmir. Sevdiyi mövzu isə korrupsiyaya qarşı mübarizədir. Harada korrupsiya görürsə, özündən çıxıb qeyzlə bağırır. Ermənistanda korrupsiyanı görür, bağırır, Azərbaycanda görür, bağırır.

Yaxşı ki, Rusiyada görmür, görsəydi, mütləq bağırardı. Bağırardı və Putin onun dərsini dərhal verərdi.

Ağıllı erməni siyasətçiləri gərək Azərbaycanın bəlalarına sevinsinlər. Azərbaycan hakimiyyəti səhv siyasət yeridəndə, səfeh bəyanatlar verəndə, gərək sevinsinlər.

Məsələn, Elçibəy dəstəsi hakimiyyəti məngirləyəndə, Yerevanda toy-bayram idi. Hətta, deyilənə görə, təhlükəsizlik naziri prezident Levon Ter-Petrosyana özünün istefası və nazirliyin bağlanması təklifini vermişdi. Bu qəribə təklifdən heyrətə gəlmiş prezidentə belə izah etmişdi ki, “Elçibəy hakimiyyətə gəlibsə, dəxi bizə ehtiyac yoxdur. Müdafiə naziri vəzifəsində hərbi işdə iki ulağın arpasını bölə bilməyən adamı saxlayır. Şimalda Rusiya ilə, cənubda İranla düşmənçilik edir. MDB-nin bütün rəhbərləri sabiq partokratlardır, hamısına yağı kəsilib. Hətta Türkiyə ilə də burunlaşmağa başlayıb. Onun bu fövqəladə peşəkar dağıdıcı fəaliyyətinin müqabilində mənim və nazirliyimizin işi sönük və bekara görünür. Təklifimi qəbul etsəniz, dövlət vəsaitinə qənaət edərik”.

İndi də Nikol Paşinyan Azərbaycan hakimiyyətinin dağıdıcı fəaliyyətinə səssizcə tamaşa edib sevinmək əvəzinə, bağırır ki, “ay aman, qoymayın, Azərbaycan xalqının milyardlarını çalırlar”.

Çox qəribə ermənidir. Sevinmək əvəzinə, həyəcan zəngini çalır.

Nikol, Nikol-can, ara, təşvişə düşmə, özünə əziyyət verib haray salma.

Elə bilirsən, Azərbaycan xalqı sənin bağırıb meydandakı ermənilərə dediyin həqiqətləri bilmir? Bilir, sən biləndən qat-qat yaxşı bilir. Bilir, lakin susur. Çünki öyrəncəlikdir.

Bax Azərbaycan xalqına, gör necə sakit və vüqarla dayanıb tamaşa edir. Topağını torba ilə daşıdılar, qımıldanmadı. Sənayesini dağıtdılar, dinmədi. Elmini məhv etdilər, dillənmədi. Var-yoxunu özəlləşdirdilər, səsi çıxmadı. Belinə xarici borc şələləyirlər, vecinə almır.

Sənə nə gəlib ki, haray-həşir salırsan? Ə, kiri, sakitləş, toxta.

“Hər şey yaxşı olacaq”.


Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəBu qəribə erməni…