“Bu qərar Əfqanın ölümünə verilmiş fərmandır”

S.Sadıqova vurğulayıb ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan həyat yoldaşı durumunun ağır olmasına baxmayaraq, aclıq aksiyasını davam etdirir.

Source:


Həbsdə aclıq edən sayt rəhbərinin cəzası 7 ildən 6 ilə endirildi

“Azel TV” saytının təsisçisi və baş redaktoru, 85 gündür həbsdə aclıq etdiyi bildirilən Əfqan Sadıqov haqqında hökm dəyişdirilib. Yanvarın 28-də Sumqayıt Apelyasiya Məhkəməsinin qərarıyla onun cəzası 7 ildən 6 ilə endirilib. Bu barədə Meydan TV-yə məlumat verən həyat yoldaşı Sevinc Sadıqova qərarın ədalətsiz olduğunu bildirib.

“Bu qərarı çox ədalətsiz hesab edirəm. Bu, Əfqanın ölümünə verilmiş fərmandır”, – deyə S.Sadıqova bildirib.

Onun sözlərinə görə, məhkəmədə Ə.Sadıqovun özü iştirak etməyib. Çünki 85 günlük aclıq aksiyasından sonra vəziyyəti çox ağırdır. S.Sadıqovanın da həyat yoldaşının məhkəməsində iştirakına icazə verilməyib.

S.Sadıqova vurğulayıb ki, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan həyat yoldaşı durumunun ağır olmasına baxmayaraq, aclıq aksiyasını davam etdirir.

Ə.Sadıqovun vəkili Elçin Sadıqov da qərardan narazı qaldıqlarını, Ali Məhkəməyə kassasiya şikayəti verəcəklərini bildirib.

Rəsmi ittihamda bildirilir ki, Ə.Sadıqov Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxslərindən onları rüsvay edən materiallar yaymaqla hədələyərək, bunun müqabilində tələb etdiyi pulu alarkən saxlanılıb. Ə.Sadıqov isə ittihamı qəbul etmir, tənqidçi jurnalist fəaliyyətinə görə sifarişlə həbs olunduğunu iddia edir.

Həyat yoldaşı S.Sadıqova da deyir ki, Sumqayıtın icra başçısı Zakir Fərəcov bu işdə sadəcə, icraçıdır, sifariş isə daha yüksək vəzifəlilərdən gəlib.

Ə.Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələbetmə) maddəsilə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. Ə.Sadıqov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən dərhal sonra aclığa başlayıb. O, özünü təqsirli bilmir. Cinayət işinin materiallarında isə iddia olunur ki, Ə.Sadıqovun tələb etdiyi pulu almasını sübut edən faktlar var.

Penitensiar Xidmət Ə.Sadıqovun aclıq etməsi haqda rəsmi açıqlama verməsə də, Ombudsman Aparatı aclıqla bağlı xəbəri təsdiqləyib. Ombudsman Aparatından bildirilib ki, Milli Preventiv Qrupun üzvləri bir neçə dəfə Ə.Sadıqovla görüşüb. Görüş zamanı Ə.Sadıqov özü haqqındakı cinayət işi və məhkəmə hökmündən narazılığını əsas göstərərək, aclıq etdiyini bildirib.

Ana səhifəSiyasət“Bu qərar Əfqanın ölümünə verilmiş fərmandır”