Yalçın İmanov: “İttiham aktı xırda istisnalarla hökmə köçürüldü”
Yanvarın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” ilə bağlı hökm oxundu. Hökmə əsasən, Taleh Bağırzadə və Abbas Hüseynova 20, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verilib. Taleh Bağırzadə və Abbas Hüseynov həbslərinin ilk 7 ilini qapalı rejimli həbsxanada çəkəcəklər. Hökmlə təqsirləndirilən Cabbar Cabbarova 19, Rasim Cəbrayılova 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Aqil İsmayılov, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər birinə 14 il 6 ay, Ramin Yarıyevə 10 müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Meydan TV Taleh Bağırzadə və Fuad Qəhrəmanlının vəkili Yalçın İmanovla söhbətində bir neçə ay davam edən prosesin yaratdığı suallara cavab almağa çalışıb.
– Yalçın bəy, məhkəmədə hökm oxunmamışdan əvvəl sosial şəbəkələrdə, bəzi media orqanlarında Taleh Bağırzadəyə ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılması barədə məlumatlar yayılmışdı. Bu mənada 25 yanvar hökmü sizə gözlənilməz deyildi ki?
– Ədalət mühakiməsi mövqeyindən yanaşdıqda bəraət hökmü gözləyirdik. Amma mövcud reallıqlar və Azərbaycan məhkəmələrinin hazırkı durumu baxımından ittiham hökmü gözləyirdik. İttiham hökmü haqqında gözləntimiz necəydisə, o cür də baş verdi. Doğrusu, mən vəkil kimi Taleh Bağırzadəyə daha ağır, ömürlük cəza çıxarılacağını gözləyirdim. Özü də bu düşüncədəydi və dəfələrlə məhkəmə proseslərində ömürlük azadlıqdan məhrum edilməsindən məmnun olacağını gizlətmirdi. İndiki məhkəmələrdən ancaq bu cür hökm gözləmək olar. Hökmdən sonra düşünürdüm ki, əgər ittiham aktı hökmə köçürüləcəydisə, nəyə görə əziyyət çəkilməli idi? Bu qədər vəkil heyətinə, məhkəmədə nəzarətin təşkilinə, dövlətin ən azı təqsirləndirilənlərin etap olunmasına ayırdığı vəsait nəyə görə təşkil olunmalı idi? Bir halda ki, ittiham aktı xırda istisnalarla sonda hökmə köçürüləcəkdisə, hökmü əvvəlcədən də elan etmək olardı.
– Proses zamanı hansı qanuni prosedurlar pozuldu?
– “Nardaran işi” son illər Azərbaycanda baş tutan ən böyük məhkəmə prosesidir və gedişat çox ciddi qanun pozuntuları ilə müşayiət olundu. Təsəvvür edin ki, iş üzrə şahidlər məhkəməgedişi boyunca polis idarələrinə aparıldı və işgəncələr verildi. Maştağa və Nardaran qəsəbələrindən olan 10-a yaxın şahid Sabunçu rayon Polis İdarəsinə və 42-ci Polis Bölməsinə aparılmışdı. Onlara ibtidai istintaq dövründə verdikləri ifadələrini təsdiqləməklə bağlı işgəncələr verildi. Bununla belə, şahidlər məhkəmədə ibtidai istintaqa verdikləri ifadələri təsdiqləmədilər. Eyni zamanda, təqsirləndirilən şəxslərin yaxın qohumlarına təzyiq olundu, Abbas Hüseynovun 3 qardaşını məhkəmə prosesi zamanı DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Yasamal rayon Polis İdarəsinə apararaq işgəncəyə məruz qoydular. Məhkəməyə müdaxilə kimi ən ciddi hesab etdiyim fakt ötən ilin dekabrın 15-də DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlovun bəyanatı idi. Sadiq Gözəlov artıq keçmiş xidmət rəhbəridir, amma onun bəyanatında təqsirsizlik prezumpsiyası kobud şəkildə pozulmuşdu. Bəyanatda təqsirləndirilən şəxslər cinayətdə ittiham olunur və bu cinayətin sübuta yetirildiyi, həm də Taleh Bağırzadə, tərəfdarları və vəkillərin cəzalandırılmasının vacibliyi qeyd olunmuşdu. Biz bununla bağlı məhkəməyə vəsatət verdik və xahiş etdik ki, bu, təqsirsizlik prezumpsiyası hüququnun pozulması kimi qeydə alınsın. Eyni zamanda, cənab Gözəlovun əlavə şahid qismində prosesə dəvət olunması ilə bağlı vəsatət qaldırsaq da, təmin olunmadı. Proses zamanı Milli Şuranın fəalları kütləvi şəkildə DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə çağrıldı və onlardan sosial şəbəkələrdə fəallığı dayandırmaq tələb edildi.
– Hətta bu gün də jurnalist Rövşən Məmmədlinin sosial şəbəkədəki fəallığına görə 30 sutka inzibati cəzaya məruz qaldığı bildirilir…
– Nəinki bu gün, açıq məhkəmə prosesinə gələnlər, iştirakçılar inzibati qaydada həbs olundu. Faiq Şahbazov, Tacəddin Bağdaliyev sırf məhkəməyə gəldiyinə görə həbs olundular. Sonradan Faiq Şahbazova Cinayət Məcəlləsinin 228-ci maddəsilə cinayət işi açıldı və barəsində həbs qərarı seçildi. Ümumiyyətlə, açıq məhkəməyə gələınlərin hər birinin şəxsiyyət vəsiqəsi yığılırdı və onun əsasında qeydiyyatda olduqları ərazinin polis idarələrinə məlumat verilirdi. Və polis idarələri onları çağırıb “nəyə görə məhkəməyə getmisən, məqsədin nədir” sualları ərafında təzyiq edirdilər.
– Proses zamanı diqqət çəkən məqam təqsirləndirilən şəxslərə işgəncələrin verilməsi və həmin işgəncələri verənlərin iclaslara gəlmələri oldu. Bu faktlar Avropa Məhkəməsinə şikayətdə istifadə olunacaqmı?
– Birinci işgəncə faktları uzun müddəti əhatə edib, 2015-ci ilin noyabrın 26-da əməliyyat zamanı həbs olunarkən verilən işgəncələr, bunlar cinayət işinin materiallarında Məhkəmə Tibb Ekspertizasının rəylərilə təsdiqlənib. Hər bir şəxsin üzərində verilən işgəncələr, onlara yetirilən fiziki xəsarətlər əksini tapıb. Ancaq noyabrın 26-dan sonra təqsirləndirilən şəxslər DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində uzun müddət saxlanılıblar. Bəziləri hətta 2016-cı ilin yanvarın 20-na qədər saxlanılıb və bu müddətdə etirafedici ifadələr vermək üçün işgəncələr verilib. Bununla bağlı Məhkəmə Tibb Ekspertizasının əlavə ekspertiza keçirməsilə bağlı prosesdə vəsatət qaldırdıq, amma nə baş verdi? Eksperti Bakı İstintaq Təcridxanasına heç bir tibbi avadanlıq götürmədən gedir, vizual müşahidə aparır və təqsirləndirilənlərə “haran ağrıyır” kimi banal suallar verir. Yəni heç bir köklü araşdırma aparmır. Yalnız noyabrın 26-da verilən xəsarətləri bir daha təsdiqlədi. Təbii ki, təcridxanadan gətirilən məhkəmə ekspertiza rəyini şübhə altına aldıq, çünki obyektiv deyil və müvafiq qanunvericiliyin tələblərinin pozulmasıdır.
– Taleh Bağırzadəyə irəli sürülən qanunsuz silah gəzdirmə, qəsdən adam öldürmə və yaxud adam öldürməyə cəhd, digər ittihamlar məhkəmədə təsdiqini tapdımı?
– Nəinki bu maddələr, Abbas Hüseynova 23, Taleh Bağırazadəyə 21, Fuad Qəhrəmanlıya verilən 3 maddənin heç biri təsdiqini tapmadı və məhkəmə araşdırmasında yalnız ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırıldı. Müdafiə tərəfinin təqdim etdiyi sübutların heç biri araşdırılmadı. Hətta ittiham tərəfinin araşdırılmış sübutları ilə belə 18 nəfərə qarşı irəli sürülən ittihamların heç biri təsdiqini tapmadı və ittiham darmadağın oldu. Təsəvvür edin ki, “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və maddi sübutların götürülməsi haqqında” 26 noyabr 2015-ci il protokolu var, həmin sənədə 8 nəfər hal şahidi imza atıb. Məhkəmə hüquq praktikasında ilk dəfə rastlaşırdıq ki, hal şahidlərinin adları prosesə dəvət olunan şəxslərin siyahısında yox idi. Bir tərəf – təqsirləndirilən şəxslər deyir ki, biz günahsızıq, işgəncə verilib və etirafedici ifadələr alınıb. Digər tərəf – DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin “zərərçəkmiş” şəxsləri iddia edirlər ki, təqsirləndirilənlərdə silah olub, terrora hazırlaşıblar, adam öldürməyə cəhd ediblər və s. Belə olduqda üçüncü tərəf məsələyə aydınlıq gətirə bilərdi, xüsusən də 26 noyabr əməliyyatı ilə bağlı, üçüncü tərəf hal şahidləri ola bilərdi. Dəfələrlə yazılı və şifahi vəsatət verdik ki, 8 nəfər hal şahidi məhkəmədə dindirilsin.
– Onlar kimlərdir?
– Məsələn, İntiqam Kərimov. Bu adam 10 il azadlıqdan məhrum olunan gənc fəal Bayram Məmmədovun işi üzrə hal şahidi olanlardan biridir. İntiqam Kərimov peşəkar şəkildə bu cür işlərdə istifadə olunur. Narkoloji Dispanserə verdiyimiz sorğudan sonra məlum oldu ki, o, dispanserdə qeydiyyatdadır. Bu cür adamlar polisin qeyri-rəsmi agentləridir, asılı olduqlarından əməliyyatlar zamanı istənilən sənədə imza atırlar.
– Halbuki, “Nardaran işi” ilə Bayram Məmmədovun həbsi fərqli olaylardır…
– Aydındır, amma taktika dəyişmir. Məsələ ondadır ki, hal şahidi cinayət prosesində marağı olmayan şəxs oluğundan əməllərə imza qoymalıdır. Polis də qeyri-rəsmi şəkildə bu cür şəxslərdən istifadə edir.
– Nardaranda əməliyyat zamanı ölənlərlə bağlı Taleh Bağırzadə də, Abbas Hüseynov da məhkəmədə ciddi ittihamlar səsləndirdilər. Bu barədə nə deyə bilərsiniz?
– Hadisədə 6 nəfər həlak olub, məhkəmə araşdırması zamanı həmin şəxslərin kim tərəfindən öldürülməsilə bağlı suala aydınlıq gətirilmədi. Kifayət qədər ciddi arqument və dəlillər səsləndirildi, mülki şəxslərlə bağlı məsələ aydındır, onlar əməliyyatı keçirənlər tərəfindən öldürülüb. Hərçənd ki, dindirmələrimiz zamanı kimin gülləsi nəticəsində Əkbər Babayevin, Sarvan Səfərovun, Rəfail və Fəraim Bünyadov qardaşlarının öldürülməsinə aydınlıq gəlmədi. İki polis əməkdaşı – İsmayıl Tağıyev, Vüqar Nəsibov həlak olub, cinayət işinin materiallarında onların Əbülfəz Bünyadovun mənzilinə daxil olarkən atılmış qumbaranın ətrafa səpilmiş qəlpələri nəticəsində yaralandığı, sonradan hospitalda vəfat etdiyi qeyd olunub. Sənədlərlə yetərincə tanış oldum, amma qumbaranın hər hansı bir izinə rast gəlmədim. Qumbara atılmışdısa, izi qalmalıydı, ya yaratdığı çuxur, yaxud qəlpələr başqa şəxslərə də dəyməli idi. Bunların heç biri yoxdur. Polislərdən biri tam şəkildə qəlpələr nəticəsində vəfat edib, digəri isə güllə və qəlpəylə öldürülüb, materiallarda belə deyilir. Qumbara olubsa, yerdə çuxur, ya da çökək olmalı, binanın, hasarın bir yerində izləri qalmalıydı. Hadisə yerinı baxış keçirmə protokolunda da bu izlərin heç birinə rast gəlinmir.
– AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Cinayət Məcəlləsinin dövlət əleyhinə açıq çağırışlar (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) və hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə maddələri ilə ittiham olunsa da, o, “Facebook”da yazdığı statusuna görə həbs edildiyini deyir. Bu, artıq Fuad Qəhrəmanlının son 20 ildə üçüncü həbsidir. İrəli sürülən ittihamlar sübut olundumu?
– Fuad bəyə qarşı ittihamlar o qədər absurddur ki, bu barədə danışmağa çətinlik çəkirəm, burda cinayət hadisəsi deyilən bir şey yoxdur. 2015-ci ilin 9 sentyabrından dekabrın 2-dək “Facebook”da yazdığı statusları ona qarşı ittihama çevrildi, 10 statusdur. Əvvəl o, islam dinindəki cəhaləti tənqid edir, sonradan Nardaran hadisələri baş verəndə, bunu polisin və siyasi hakimiyyətin təxribatı kimi qiymətləndirir. Fuad Qəhrəmanlı sual edir: əgər Taleh Bağırzadəni dəfələrlə polisə çağırıb həbs etmək imkanı vardısa, nəyə görə əməliyyat keçirilirdi? Nəyə görə dövlət vətəndaşlarına qarşı bu cür qanlı və ağır nəticələrə səbəb olan əməliyyat keçirdi? Bir daha deyirəm, suallar idi, vəssalam. Eyni zamanda, islam tarixindən ənənlərə müraciət olunur və yaşadığı cəmiyyətdəki haqsızlıqlara etiraz edirdi. Görünür, bu statuslar kimisə qəzəbləndirib. Eyni zamanda Taleh Bağırzadə məhkəmədəki ifadəsində göstərdi ki, 3 gün ərzində DİN-in Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində ona verilən işgəncə zamanı Nardarandakı proseslərin arxasında Milli Şuranın dayanması ilə bağlı, konkret olaraq, Əli Kərimli və Cəmil Həsənli əleyhinə ondan ifadə almaq istəyiblər. Yalnız Bağırzadənin ağlagəlməz mərdliyi və dəyanəti bu planı pozub. Belə olan halda Milli Şuranı, AXCP-ni prosesə bağlamaq lazım idi, məhz Taleh Bağlrzadə həmin ifadəni veməyəndən sonra 2015-ci ilin dekabrın 8-də Fuad Qəhrəmanlını həbs etdilər. Absurd idi, çünki Qəhrəmanlı tanımadığı adamlarla bir yerdə mütəşəkkil dəstənin üzvü kimi xarakterizə olunub.
– “Nardaran işi” məhkəməsi Azərbaycan məhkəmələri tarixində hansı məqamları ili yadda qalacaq?
– Bu proses 2 məsələ ilə yadda qalacaq. Birinci, dövlətin vətəndaşına verdiyi ağlagəlməz işgəncələrlə. Bunlar o qədər böyük və miqyası təsəvvür olunmaz idi ki, təqsirləndirilən şəxslər əksər hallarda detallara getmirdilər. İkinci məqam məhkəməyə olan təzyiqlərdir. Baxın, proses zamanı gələn şahidləri polis idarələrinə aparıb işgəncəyə məruz qoyublar. Yaxud iştirakçılara qarşı cinayət işi açılır, həmrəylik göstərənlər polis idarələrinə çağrılır və hədələnir. Müdafiə prosesini həyata keçirən vəkillərə müxtəlif instansiyalar tərəfindən təzyiq olunur. Proses zamanı mərkəzi televiziya və başqa kanallar Taleh Bağırzadənin, tərəfdarlarının cinayətlərinin sübuta yetirilməsilə bağlı eyni məzmunlu silsilə reportajlar yayımlayırdı. DİN-nin mətbuat xidmətinin rəhbəri bəyanat yayaraq təqsirsizlik prezumpsiyasını pozub.
Sadaladıqlarım qanunvericiliyin pozulması baxımından ağlagəlməzdir.