”Bu parlamentin ömrü beş il olmayacaq” (VİDEO)

Müsavat Partiyasının başqanı Arif Hacılı parlament seçkilərinin nəticələri ilə bağlı noyabrın 2-də keçirdiyi mətbuat konfransında seçkilərin nəticələrini tanımadıqlarını bildirib. O, seçkilərdə iştirakdan imtina etmələrinin MSK tərəfindən qəbul edilməməsini azad seçki prinsipinin kobud şəkildə pozulması kimi qiymətləndirib.

Arif Hacılı seçki kampaniyası dövründə jurnalistlərə, müxalifət nümayəndələrinə, imza verən seçicilərə qarşı basqılar olduğundan, seçki təbliğatı üçün namizədlərə bərabər hüquqların verilməməsindən söz açıb.

“Seçki günü faktiki olaraq alternativsiz seçkilərin keçirilməsinə rəğmən, Azərbaycan hakimiyyəti yenə də saktakarlıqlara yol verib. Bizim müşahidəçilərin müəyyənləşdirdiyinə görə seçkilərdə seçicilərin on faizi iştirak edib. Bir çox dairələrdə hətta on faizdən daha aşağı seçici aktivliyi müşahidə olunduğu halda, Azərbaycan hakimiyyəti guya ölkə üzrə 55 faiz seçicinin seçkilərdə iştirak etdiyini bəyan edib. Bu da saxtakarlığın ən bariz nümunələrindən biridir”

Müsavat Partiyasının başqanı Azərbaycan cəmiyyətinin təhlükədə olduğunu bildirib. Arif Hacılı bunun səbəbini Azərbaycan hakimiyyətinin demokratik inistitutları sıradan çıxarmaq istiqamətində apardığı fəaliyyətinin nəticəsi kimi qiymətləndirib:

“Bir çox gənc Azərbaycanda siyasi, iqtisadi karyeralarıın, ümumiyyətlə, normal həyatlarının qurlmağına inamını itirərək, xarici ölkələrə, xüsusilə qərb ölkələrinə üz tuturlar”.

Mətbuat konfransında Arif Hacılı seçkiyə mandat almaq üçün getmədiklərini də bildirib.

“Biz düşünürük ki, bu parlamentin ömrü beş il olmayacaq. Çünki bu parlamentdə olan insanlar Azərbaycan xalqını təmsil etmir. Nəinki Azərbaycan xalqının təmsil etmir, bundan əvvəlki dövrlərdə millət vəkili postunu tutaraq əslində öz mənafelərinə xidmət etmiş insanlardır. Azərbaycan cəmiyyətinin eyni zamanda konkret seçicilərinin mənafelərinə xidmət etməyən adamlar, Azərbaycan cəmiyyəti tərəfindən ən mənfi, ikrah hissi ilə qarşılanan insanlardır. Azərbaycan xalqının bəlkə də ən bəyənmədiyi 125 nəfəri ölkənin hər yerində tapıb, siyahı tutub bunları xalqın seçdiyi millət vəkilləri kimi Azərbaycan cəmiyyətinə sırıyıblar. Təbii ki, müəyyən siyasi şərait yaranan kimi Azərbaycan cəmiyyəti öz gələcəyi uğrunda mübarizəyə ayağa qalxan kimi bu vəziyyət dəyişəcək. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi labüd olacaq.”

Ana səhifəVideo”Bu parlamentin ömrü beş il olmayacaq” (VİDEO)