“İlqar Nəsibov konkret ad çəkir, ancaq fakt üzrə hələ cinayət işi açılmayıb”
Avqustun 21-də naməlum şəxslər Naxçıvanda Demokratiyaya Dəstək Resurs Mərkəzinə hücum edərək qurumun rəhbəri Məlahət Nəsibovanın həyat yoldaşı, jurnalist İlqar Nəsibovu qəddarcasına döyüblər. Hazırda reanimasiyada olan İlqar Nəsbovun durumu ağırdır.
Bu barədə Meydan TV-yə açıqlama verən Məlahət Nəsibova bildirib ki, İlqarda güclü beyin silkələnməsi olduğundan həkim çox danışmağa icazə vermir. Amma o hücumçulardan birini tanıyıb, Fərid adlı oğlandır: “Bizim ofisə gəlib-gedirdi. İlqar deyib ki, onun əlində beşbarmağa oxşar dəmir parçası olub”.
Mövcud vəziyyəti Meydan TV-yə şərh edən “Turan İA”-ın direktoru Mehman Əliyev bildirib ki, Salyan rayonunda Emil Məmmədovun, Gəncədə Həsən Hüseynlinin həbsləri, o cümlədən, Bakıda QHT-lərə təzyiqlər aparılan siyasətin tərkib hissəsidir: “Naxçıvanda isə bu proses daha qəddar formada özünü göstərir”.
İlqar Nəsibovun ağır vəziyyətdə reanimasiyada olduğunu xatırladan Mehman Əliyev diqqəti indiyə qədər cinayət işinin açılmamasına yönəldib: “Deməli, bu özbaşınalığın arxasında hakimiyyət dayanır. O cür vəhşicəsinə adamı döyüblər və İlqar Nəsibov konkret ad çəkir, ancaq fakt üzrə hələ cinayət işi açılmayıb. Hakimiyyət bu hadisə ilə bunu demək istəyir: “biz beləyik, kim bizə qarşı danışırsa onu bu aqibət gözləyir”.
Mehman Əliyev Nəsibovları daha hansı aqibət gözlədiyi barədə suala belə cavab verdi: “Bilirsiniz, hadisələr dalğavari gedir, hakimiyyət bir ara hücuma keçir, sonra mülayimləşir, geri çəkilir, yenə hücuma keçir, yəni bu tipli siyasət azad medianın, partiyaların, müstəqil QHT-lərin yox olması ilə nəticələnib. Xeyli adam ictimai-siyasi həyatdan gedib, bunun nəticəsində hakimiyyət cəmiyyəti nəzarətə götürə bilib. Kim bacarırsa, müqavimət göstərməlidir”.