Bu oyunda kim uddu?

Bu sual təbii ki, gündəmə gələcək.

Seymur Həzi, Foto:: Meydan TV


Boris Consonmu, ingilis xalqının bezginliyimi?

Britanyada seçkilər hər kəsi yenidən düşünməyə vadar etdi. Mühafizəkarların qələbəsi dünya düzənində yeni çizgilər yaradacaq. Nəticələr şübhə yeri qoymadı. Boris Conson açıqlamasında dedi ki, seçkilər AB-dən çıxmağın Britaniya xalqının iradəsi olduğunu qəti şəkildə ortaya qoydu. Bu belədirmi? Başqa tərəfdən, Britaniya AB-dən çıxacaqsa, bu, dünya nəhənglərinin Britaniyaya və bir-birinə münasibətdə siyasətini necə tənzimləyəcək? Qərbin ən nüfuzlu və uğurlu ittifaqı belə asan ilmə sökülməsi yaşamaqla həm də ciddi siqnallar verir. Sıra NATO-nundurmu? Britaniyasız AB Birləşmiş Ştatlarla necə koordinasiya olunacaq? Türkiyənin AB-yə girmək şansı arta bilərmi? Britaniyasız AB üçün Rusiya təhlükəsi Almaniya və Fransanı Ankara ilə güzəştli dialoqlara vadar edə bilərmi?



Britaniya xalqı müəyyənliyə səs verdi

Heç də elə deyil ki, Britaniya xalqı AB -dən çıxmağı bayraq yelləyə- yelləyə istəyirdi. Ancaq ölkədə uzun sürən siyasi qərarsızlıq, hər kəsin həyatına təsir edirdi. Burada ən ciddi faktor kimin daha qətiyyətlə öz mövqeyini təqdim etməsi idi. Budur, AB-dən qeyd-şərtsiz çıxmaq istəyən Boris Conson böyük üstünlüklə qələbə qazandı. Əslində isə qələbəni “qeyd-şərtsiz”lik qazandı. Qeyri-müəyyənlik məğlub oldu. AB-də qalmaq böyük imtiyazlar vəd edir. Oradan ayrılmaq isə uzun uzadı prosedurlar. Gömrük və ticarət müqavilələri, vergilər, təhlükəsizlik tədbirləri. Yeni passport rejimi. Ancaq ikisinin arasında uzun-uzadı qalmaq isə ölü layihələr, qərarsız biznesmenlər, durğunluq və keyfiyyətcə geriləmə idi. Ona görə də bu Boris Consonun qələbəsindən daha çox siyasi praqmatizmi hər zaman diqqət çəkən Britaniya xalqının müəyyənliyə can atması cəhdi idi.



NATO diqqət mərkəzində

Britaniya iqtisadi və siyasi cəhətdən özünü dünya siyasətinin müstəqil subyekti kimi görmək istəyir. Bəs bunu hərbi və təhlükəsizlik sahəsində istəmirmi? Məntiqli ola bilərmi ki, Britaniya əsgəri AB ilə münasibətdə yaranmış hansısa hərbi prosesdə NATO tərkibində iştirak edir. Aydındır ki, AB ölkələrinin NATO-da bir ağırlığı var. Ancaq burada birinci və ikinci yerdə AB üzvləri durmur. ABŞ və Türkiyə bu yerləri paylaşırlar. Avropa Ordusu ideyası meydana çıxacaqmı? Çıxacaqsa, deməli, AB üçün NATO artıq etibarlı, onun qərarlarının icrasına müntəzir bir qurum deyil. Olsa-olsa ABŞ-la bir blokda olmaq imkanıdır ki, Tramp ABŞ-ı ilə hansısa blokda olmaq olmamaqdan daha etibarlı vəziyyətdir. Avropa ordusu ideyası diriləcəksə, bu, o deməkdir ki, Fransa və Almaniya Rusiyaya qarşı tədbirləri NATO formatında düşünmürlər, daha doğrusu, yeni formatı təkcə Rusiyaya qarşı düşünmürlər. Yəni dünya düzəni artıq dəyişir və Britaniyasız AB-də Türkiyəyə yer olmayacaq. Avropa daha mühafizəkar sıxılmaya doğru gedir. Bu isə yeni çatlara yol açmaq təhlükəsi yaradır.



ABŞ yenə də dostdurmu?

ABŞ yenə də AB-nin dostu olaraq qalacaqmı? Fransa ilə heç vaxt ulduzu barışmayan Birləşmiş Ştatların AB-də ən ciddi müttəfiqi kimi Almaniya qalır. Ancaq bir məsələ var ki, növbəti seçkilərdə Tramp və ya Trampizm qalib gəlsə, bu münasibətlərin sonu qəti olacaq. ABŞ özünün qloballaşan maraqlarını daş hasarların arxasına çəkməyə çalışır. Britaniya onun ən təbii müttəfiqi kimi AB-də olmayacaqsa, deməli, münasibətlərə təbii olaraq yenidən baxmaq zərurəti yaranacaq. Bu münasibətlər nədən ibarət olacaq? Bu sualların cavabı isə növbəti ilin sonunda ABŞ-da keçiriləcək prezident seçkilərində veriləcək.



Liberal dəyərlər erası bitirmi?

Britaniya AB-dən çıxarkən dünyada bir çox xalq bu quruma öz arzularının açarı kimi baxırlar. Ancaq AB-nin ən nüfuzlu üzvü onu tərk edərkən belə bir təəssürat yaranmır ki, artıq liberal dəyərlərin böyük akademiyasında tənəzzül dövrü yaşanır? Bu sual təbii ki, gündəmə gələcək. Ancaq cəsarətlə demək mümkündür ki, Avropa ittifaqı bəşəriyyətin şüurlu tarixində ən mükəmməl birgəyaşayış formasıdır. Ondan daha mükəmməl siyasi-iqtisadi birlik formatı hələ ki yoxdur. Ona görə də AB-nin perspektivlərini sual altına almaq çox tezdir. Özü də elə bir zamanda ki, artıq dəyərlərə yenidən baxış dalğası görünməyə başlayır.

Ana səhifəXəbərlərBu oyunda kim uddu?