“Bu ölkədə mənə heç kim bata bilməz”

İctimai fəal Bəxtiyar Hacıyev polis bölməsində təhqir olunduğunu deyir

Source:


İctimai fəal Bəxtiyar Hacıyev polis bölməsində təhqir olunduğunu deyir

Aprelin 28-də ictimai fəal Bəxtiyar Hacıyev Sabunçu Rayon Polis İdarəsinin 13-cü bölməsində təzyiqlə üzləşib. B.Hacıyev bölməyə izahat yazmaq üçün dəvət olunub.

Bu barədə B.Hacıyev Meydan TV-yə göndərdiyi məlumatda bildirib: Səhər telefonuma zəng gəldi və məni Sabunçu RPİ, 13-cü Polis Bölməsinə izahat vermək üçün dəvət etdilər. Günorta saat 3 radələrində ora getdim, izahat yazmağa başlayanda dedilər ki, qalxın ayağa, rəis gəlir. Polis mayoru İltimas Yusifli otağa girdi, girən kimi üstümə gəlib “ə, gi….., ə sən kimsən ki, kimisə narahat edirsən?”- dedi. Mən ondan soruşdum ki, bu? nə danışıqdır? O isə eyni tərzdə, əxlaqsız ifadələrlə danışmağa davam etdi, sinəmdən, qolumdan tutub itələməyə başladı. Mən də “eybi yox, siz nə deyirsiniz deyin, nə edirsiniz edin, mən də müraciət edərəm” – dedim. O isə “kimə müraciət edəcəksən, kimə güvənirsən ə?”-dedi. Mən ona bildirdim ki, onun davranışından Prezidentə şikayət edəcəm.

O isə cavabında “get kimə istəyirsən şikayət elə, nə p.. yeyirsən ye, bu ölkədə mənə heç kim bata bilməz, kimə arxalanırsansa, kimə güvənirsənsə, hamısı mənim …imi yeyirlər!” – dedi.

B.Hacıyev qarşılaşdığı davranışdan dəhşətə gəldiyini bildirib: “İltimas Yusifli ilə danışmağın mənasız olduğunu görüb, bu gün əlaqə saxlamalı olduğum bir rəsmi şəxslə danışmaq istədim. O isə telefonu əlimdən dartıb alıb, atdı bir kənara. Başladı yanındakı polis işçilərinə tapşırmağa ki, aparın bunu narkoloji dispanserə, oradan bir rəy alın ki, bu narkomandır, gəldi bizi təhqir etdi, şöbəni dağıtdı, həm də cibinə də bir şey atın, tutun basın içəri. Özü də telefonumu götürüb getdi. Mən bir xeyli gözlədim, həmin müddətdə polis əməkdaşları məni həbs etdirmək üçün raport tərtib edirdilər. Bir neçə dəfə telefonla danışmaq, vəkilimlə əlaqə saxlamaq istəsəm də, nə telefonla danışmağa, nə də çıxıb getməyə icazə vermədilər, binadan uzaqlaşmaq istəyəndə qolumdan tutub dartır, içəridə qalmağı əmr edirdilər. Bir müddət sonra rəis yenidən ora gəldi. Başladı ki, sən nurçusan, NİDA-çısan, sənə istədiyim şeyi “yapışdıra” bilərəm və səni tutduraram”.

Gənc fəal daha sonra bölməyə  aktrisa Mətanət Əhmədovanın çağrıldığını bildirib: “Polis əməkdaşlarının yanında Mətanətə tapşırdı ki,  “Bəxtiyar Hacıyev məni özünü öldürmə həddinə çatdırıb” məzmunlu ərizə yazsın. Rəis dedi ki, narkotika ilə olmasa da, bununla səni tutduracam, sən müxalif düşüncəli adamsan, nurçusan, nə istəsəm edəcəm, heç kim də mənə heç nə edə bilməz, heç kim də səni müdafiə etməyəcək. Mən isə ona təkrar “eybi yox, əvvəl-axır mən vəkilimlə və ya kiminləsə əlaqə saxlayacam, bu addımlarınıza görə cavab verməli olacaqsınız, Prezidentə də şikayət edəcəm”-dedim. İltimas Yusifli yenə eyni ədəbazlıqla, yekəxana tərzdə kresloda qışqıraraq “dedim axı, nə istəyirsən elə, bu ölkədə mənə heç kim heç nə edə bilməz, kimsə nə etmək istəsə, p.. yeyər, mənim …imi yeyər”- dedi”.

B.Hacıyev axşam saat 8 radələrində iki polis əməkdaşı ilə Sabunçu Rayon Məhkəməsinə aparıldığını söyləyib: “Məhkəmədə hakim Mehriban Qarayevaya raport təqdim etdilər ki, mən guya polis şöbəsinə gəlib, onları təhqir etmişəm. Hakimə bildirdim ki, mən öz vəkilimlə iştirak etmək istəyirəm. Hakim əvvəl prosesi sabaha təxirə saldı. Sonra isə bildirdi ki, raport düzgün təqdim edilməyib, ona görə də məhkəmə filan yoxdur, polis işçilərinə tapşırdı ki, mənim telefonumun şöbədə saxlanması qanunsuzluqdur və dərhal qaytarılmalıdır. Maraqlıdır, dələduzları qoruyan, onlara görə məni təhqir edən, qanunsuz olaraq telefonumu əlimdən alan və ən nəhayət, dəfələrlə Prezidentə müraciət edəcəyimi deyəndə hər dəfə “kimə arxalanırsansa …” ilə başlayan təhqirləri edəcək qədər özünə güvənən bu mayor kimə arxalanır? Bu ölkədə lazım gələndə general da həbs edirlər, generalın bacısı oğlunu da, nazir də, deputat da. İndi görək, bu məsələyə rəsmi orqanlar necə münasibət bildirəcəklər? “Prezidentə müraciət edəcəm” deyəndə o ifadələri işlədən şəxsi polis orqanlarına layiq biləcəklərmi?”

Sabunçu RPİ, 13-cü Polis Bölməsinin rəisi İltimas Yusifli Meydan TV-yə açıqlamasında deyilənlərin yalan olduğunu bildirdi: “Bəxtiyar Hacıyev vətəndaşı özünü öldürmə həddinə çatdırıb. Əlimizdə sənəd var, həmin sənədi göndərmişik prokurorluğa. Vətəndaş Mətanət Əhmədova bizə müraciət edərək deyib ki, ərimin ona borcu var, ona görə də onu aparıb döyüblər. İndi də Bəxtiyar Hacıyev məni zəng edib hədələyir, ərimdən pul ala bilmir, məni söyüb təhqir edir. Biz də məsələni araşdırmışıq. Heç bir təhqiretmə olmayıb, nə deyirsə, yalan deyir. Mən heç onu görməmişəm. Bizə Mətanət Əhmədovanın şikayət ərizəsi Nərimanov RPİ-dən gəlib. Bizdə ərizə yazılmayıb ki, kimisə də məcbur edək”.

Ana səhifəXəbərlər“Bu ölkədə mənə heç kim bata bilməz”