Mariya Zaxarova: ”Tərəfləri vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”
“Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın ölümü, Sərvinaz Quliyevanın isə yaralanması on illər ərzində bu münaqişədən zərər çəkən bütün insanların əziyyətləri və ölümləri kimi çox ağır faciədir”.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulmasını şərh edərkən bildirilib.
Səfirlikdən qeyd olunub ki, həmin gün baş verən hadisə bir daha göstərdi ki, hər iki tərəf bir araya gəlməli və münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar aparmalıdır:
“Bu münaqişənin hərbi yolla həlli yoxdur. Məsələni irəli aparan yeganə variant danışıqlar vasitəsi ilə nizamlama yolunu tapmaqdır”, – deyə səfirlikdən bildirilib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə deyib ki, münaqişə tərəflərini vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırlar.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, M.Zaxarova bunu iyulun 6-da keçirdiyi brifinqdə iyulun 4-də Ermənistan Silahlı Qüvvələrinin Füzulinin Alxanlı kəndini artilleriya atəşinə tutması nəticəsində biri azyaşlı olmaqla iki nərin həlak olmasına, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.
“ATƏT-in Minsk qrupu həmsədrlərinin güc tətbiqinin dayandırılması və danışıqların bərpa olunması ilə bağlı bəyanatını dəstəkləyirik”, – deyə M. Zaxarova qeyd edib.
M. Zaxarova bildirib ki, münaqişə tərəflərindən gələn məlumatlara görə, iyulun 4-də axşam qoşunların təmas xəttində növbəti dəfə atəşkəs rejimi pozulub.
“Nəticədə insan itkisi olub. itkilər arasında dinc sakinlər, uşaq var. Həlak olanların yaxınlarına başsağlığı veririk. Hesab edirik ki, qan tökülməsi qəbulolunmazdır. Tərəfləri vəziyyəti stabilləşdirmək üçün bütün lazımi tədbirləri görməyə çağırırıq”, – deyə XİN sözçüsü vurğulayıb.
İyulun 4-də saat 20:40-da Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi minaatanlardan və qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanıb.