Bayıl qəsəbəsinin sakinləri evlərinin sökülməsindən narazıdır. Onlar deyir ki, Su İdman Sarayının yaxınlığındakı hasarlanmış ərazidə fəaliyyət göstərən “BEST CONSTRUCTION” MTK burada yaşayanların evini başına uçurdur. Sakinlər deyir, 10-15 gün olar ki, tikinti başlayıb.
Ərazidə yaşayan Fatma Nəbiyevanın sözlərinə görə, qonşularını çevik polis alayı ilə qorxudublar. Onlar əvvəl etiraz etsələr də, sonra MTK ilə razılaşmağa məcbur olublar.
Fatma Nəbiyeva deyir ki, onun 310 kv sahəli mülkü var. MTK isə ona 180 kvlıq təmirsiz mənzil vəd edir. Binanın təhvil verilməsi isə 2 il vaxt alacaq. Xanımsa nə evindən çıxmaq, nə də kirayələrdə qalmaq istəyir.
Sökülən ərazinin sakinləri yavaş-yavaş evlərini tərk eləməyə başlayıblar. Gülnar Sehranova da buradan daşınanlardandır. O, “gözü çıxmış qardaşının aqibəti”ni yaşamamaq üçün evini daha tez tərk etdiyini deyir. Bildirir ki, əşyalarını da dəyər-dəyməzə satmaq məcburiyyətindədir.
Şikayətlə bağlı “BEST CONSTRUCTION” MTK ilə əlaqə saxlasaq da, suallarımızı cavab tapa bilmədik.