Bu məhəllədə qızları məktəbə buraxmırlar

Şagirdləri hazırlığa çağıran bu elan Bakının Maştağa qəsəbəsinin Seyid ağa küçəsindən asılıb. Yerli sakinlər bu küçəyə qısaca Seyid məhəlləsi deyirlər. Onlar danışır ki, digər küçələrdən fərqli olaraq Seyidlərdə qızlar adətən məktəbə buraxılmır. Bəzi valideynlər qızları məktəbə göndərsələr belə, uzağı 7-ci sinifdən çıxarırlar.

“Qadın Liderliyi Uğrunda” İctimai Birliyi 2015-ci ildə 10-a yaxın məktəbdə monitorinq aparıb. Ölkənin cənub və şimal-qərb rayonlarında, Bakının bir neçə kəndində aparılan araşdırmalar qızların məktəbdən yayındırıldığını üzə çıxarıb. Birliyin sədri Ülkər Abdullayeva deyir ki, qızların məktəbdən yayındırılmasına səbəb qanunvericilikdə olan boşluqlar və Azərbaycanın uşaq hüquqları üzrə qoşulduğu beynəlxalq konvensiyalara riayət etməməsidir.

Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Gövhər Baxşəliyeva deyib ki, “Bu gün Bakı ətrafında valideyn 14-15 yaşında olan qızını məktəbdən çıxarıb nişanlayır. Əvvəl qızı daha erkən yaşda ərə verirdilər, indi isə qanunvericilik sərtləşdirildiyindən qızı 2-3 il nişanlı saxlayıb toy edirlər”.

Deputat problemin həlli üçün rayonların icra başçıları, təhsil şöbələri, oranın məktəb müəllimləri ilə danışaraq onlarla tədbirlər keçirməyi təklif edib.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Ana səhifəVideoBu məhəllədə qızları məktəbə buraxmırlar