Bu kənddə uşaqlar ancaq dördüncü sinfə qədər oxuya bilir...

''Əsasən də qızlar uzağı 4 il oxuyurlar''

Şabrandan bu rayonun Qazbabalı kəndinə heç bir marşrut avtobusu işləmir. Kənddə bir neçə “Niva” var, camaat da şəhər mərkəzinə gedib-gəlmək üçün əsasən bu maşınlardan istifadə edir. Kəndin içində palçıqdan heç maşınlar da hərəkət edə bilmir. Qazbabalının lap girişində yolun kənarında sıra ilə uzun çəkmələr düzülüb. Adamlar burada çəkmələri çıxarıb, Şabrana qədər yola başqa ayaqqabılarla davam edirlər.

“Cavan-cavan gəlinləri xəstəxanaya çatdıra bilməyiblər, ölüb...”

Yolun kənarında palçıqlı ayaqqabılarıyla qarşımıza çıxan yaşlı qadınla söhbətləşirik. Özünü təqdim edir, Aynisə Cəfərova:

“Pis vəziyyətdə yaşayırıq. Qazımız yox, odun tapmıram ocağa qoymağa. Evdə üç körpə uşaq. Odun almağa imkanımız yoxdu. Təqaüdçü, xəstə adamam. Həyat yoldaşım ürəyindən əməliyyat olunub. Hökumət 200 manat pensiya verir, o da iynə-dərmana gedir. Uşağa Allahın bir konfetini ala bilmirik. Böyüyəcəklər, hökumət əlimizdən alıb əsgər aparacaq. Düşünmürlər ki, uşağın, heç olmasa, pampers pulunu verək. Mənim heç bir şəraitim yoxdu. Xəstələnirik, yol yox, həkim yox. Belə kənd olar?! Camaat heyvanını kəsib satır ki, qapısına su çəksin. Bala, vallah, cavan-cavan gəlinlər olub ki, xəstəxanaya çatdıra bilməyiblər, ölüb. Belə şərait olmaz”.

Aynisə Cəfərova

Aynisə Cəfərova

Aynisə Cəfərova şikayətlənir ki, kənddə tibb məntəqəsi yoxdur. Bundan ötrü qonşu Əmirxanlı kəndinə getmək lazım gəlir.

“Gecə qucağımızda xəstə adam ora qaçırıq. Bir adamdı, onda da lazımi dərmanlar yox”, – qadın belə deyir.

“Kənddə bəlkə işsiz yüz cavan var”

Kənd sakini Şahmirzə Qasımov danışır ki, oğlu universitetdə magistratura təhsili alır, amma onun kənddə iş tapmağı mümkün deyil:

“İşsizlik baş alıb gedir. Kənddə bəlkə işsiz yüz cavan uşaq var. Hamısı da dövlətdən incik. Stimul yoxdu deyə, heç kim ali təhsil almaq istəmir. Oxuyub harda işləyəcəklər?”

Şahmirzə Qasımov

Şahmirzə Qasımov

Kənd camaatı danışır ki, cavanların yalnız gündəlik muzdlu iş tapmaq şansı var. Məsələn, ən yaxşı halda bir az aralıdakı kərpic zavodunda günü 6 manata işləmək olar. Amma bu iş də bir o qədər sərf eləmir. Çünki yolpulu çox çıxır. İş üçün Şabrana üz tutmaq da mənasızdır. Orada adamlar özü iş tapa bilmir.

Qazsız Qazbabalı

“Gecə soyuqdan ölürdük. Dözə bilmədim, səhər ağac qırmaq üçün meşəyə getdim”, – Siyəzənin Qazbabalı kəndinin 13 yaşlı sakini Tərlan belə deyir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onu meşədən odun qırdığına görə 753 manat cərimələyiblər. Hadisədən çox sarsıldığı hiss olunur:

“Əslində, dörd ağac kəsmişdim, amma səkkiz yazdılar”.

Kəndin yaşlı sakinləri danışır ki, sovet dövründə buralarda qaz olub, sonradan boruları ləğv ediblər. Kənddə meşədən odun gətirdiyinə görə cərimələnməyən ailə qalmayıb. Şahmirzə Qasımov əlavə edir:

“Adicə çəpərlər üçün gətirdiyimiz qaratikan kolunu qırmağa imkan vermirlər. Böyük məbləğdə cərimə olunuruq. Camaatın pulu yoxdu ki, alıb “setka” çəksin”.

“Qızlarımı məktəbə göndərə bilmirəm”

Qazbabalı kənd məktəbi yalnız ibtidai təhsil verir. Uşaqlar burada dördüncü sinfə qədər oxuyur. Sonradan ümid qalır qonşu kənddəki orta məktəbə. Təhsilini davam etdirmək istəyənlər hər səhər alaqaranlıqda palçıqlı yollarla kilometrlərlə Əmirxanlıya yol gedir.

Elnur Əliyev deyir ki, məhz buna görə uşaqları məktəbdən saxlayıb:

“İki qızım var, heç birini məktəbə göndərə bilmirəm. Həvəsləri var, amma kəndin yolları o qədər bərbaddı ki, uşağı məktəbə göndərmək olmur. Uşaqlar səhərin qaranlığında Əmirxanlıya neçə kilometr piyada yol gedir. Keçən il bir uşağı yolda maşın vurmuşdu. Meşəyə yaxınıq, o yolda adamın qabağına vəhşi heyvanlar da çıxır”.

Eyyub Əliyev söhbətə qoşulur:

“Guya yol çəkirlər, bir il ömrü olur. Camaat cibinin pulu ilə yol çəkir, bələdiyyə öz adına çıxır. Deyirlər ki, biz eləmişik. Hesablamışam, kənddə 9 illik təhsilə yarayan 76 uşaq var. Amma kənd məktəbi yalnız ibtidai təhsil verir”.

Kənddə yeni məktəb binası tikilib. Amma o da ibtidai məktəbdi. Yerli valideynləri qane eləməyən odur ki, bu məktəb də ibtidai təhsil üçün nəzərdə tutulub, dördillikdir...

Kənd camaatı danışır ki, məktəbdə yalnız iki müəllim dərs deyir. Bəzən bütün şagirdləri bir otağa yığmaq lazım gəlir. Kənddəki uşaqların əksəri dördüncü sinifdən sonra təhsillə vidalaşır. Əsasən da qızlar uzağı dörd il oxuyurlar...

Biz kənddən ayrılanda şagirdlər məktəbi yenicə tərk edirdi. Palçıqlı yollara görə məktəbə iri çəkmələrlə gəlib, qapının ağzında onları çıxarıb başqa ayaqqabı geyinən uşaqlar, dərsdən çıxanda yenə həmin çəkmələrlə evlərinə qayıdırlar.

Kəndə qatı duman çöküb. Bir az da rəmzi mənzərə. Bu kənddə hər şey dumanlı görünür. Uşaqların gələcəyi də...

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/kho3w1

Ən çox baxılan